Dec 13, 2024 | 15:00 Konfranslar, iclaslar
Dekabrın 13-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti Elmi seminarı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva, AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi seminarının sədri akademik Nərgiz Axundova, bölmə üzvləri, Akademiyanın müvafiq elmi müəssisələrinin əməkdaşları, eləcə də UNEC Multikulturalizm Mərkəzinin nümayəndəsi və digərləri iştirak ediblər.
Seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb. O, bugünkü seminarda Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun “Qafqaz Albaniyasının tarixi-mədəni irsi arxeoloji tədqiqatlarda” mövzusunda məruzəsinin dinləniləcəyini bildirib.
Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi seminarının sədri akademik Nərgiz Axundova çıxış edərək tədbirin aktual və əhəmiyyətli mövzuya həsr olunduğunu söyləyib. Akademik Nərgiz Axundova Qafqaz Albaniyasının tarixi, dini-mədəni abidələri, alban xristian irsi haqqında məlumatların elmi ictimaiyyətə təqdim edilməsi baxımından tədbirin önəmini qeyd edib. O, Qafqaz Albaniyası ilə bağlı arxeoloji tədqiqatların, tarixi həqiqətlərin, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində alban abidələrinə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq aləmdə tanıdılmasının vacibliyini vurğulayıb.
Tədbirdə “Qafqaz Albaniyasının tarixi-mədəni irsi arxeoloji tədqiqatlarda” mövzusunda məruzəsini təqdim edən Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov Alban mədəni irsi istiqamətində bu günə qədər aparılmış tədqiqatlara toxunub. Məruzəçi bildirib ki, tarixi Azərbaycan ərazisi Alban mədəni irsinə aid abidələrlə zəngindir və bu istiqamətdə arxeoloji tədqiqatlar XX əsrin birinci yarısından başlanaraq müntəzəm olaraq həyata keçirilib.
Natiq Alışov 2017-2021-ci illərdə Balakən rayonu ərazisində yerləşən Tülü məbədində apardığı arxeoloji tədqiqatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, sözügedən ərazidə çoxtəbəqəli memarlıq nümunələrinin və nekropolun kompleks araşdırmalara cəlb edildiyini və mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.
Məruzəçi Xocavənd rayonu ərazisində yerləşən “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda apardığı arxeoloji kəşfiyyat işlərindən də bəhs edərək, mövcud irs nümunələrində həyata keçirilmiş tədqiqatları iştirakçıların diqqətinə çatdırıb.
İşğal dönəmində Alban irs nümunələrində aparılmış qeyri-qanuni tədqiqatlardan danışan Natiq Alışov bildirib ki, ərazidəki mədəni qatlara əsasən burada məskunlaşma tarixi ilkin olaraq son tunc və ilk dəmir dövründən formalaşıb.
O, həmçinin Qəbələ rayonu Kilsədağ məbəd kompleksində aparılmış tədqiqatlardan da bəhs edib. Əmili kəndi ərazisində yerləşən dairəvi məbəddə aparılan son tədqiqat işlərini diqqətə çatdıran məruzəçi vurğulayıb ki, Kilsədağ məbədi yalnız dairəvi formalı kompleksdən ibarət olmayıb, ərazidə həmdövr digər ictimai tikili qalıqları, eləcə də mühafizə divarları və bürc yeri də qeydə alınıb.
Alimin sözlərinə görə, 2024-cü ildə Xocavənd rayonu Hadrut qəsəbəsi və Çinarlı kəndi ərazisində də ilkin arxeoloji tədqiqatlara başlanılıb. Çinarlı kəndidəki Alban məbədi ətrafında aparımış əsaslı qazıntılar nəticəsində ilk orta əsrlər memarlığına aid məbədin bünövrə yerləri izlənilib. Aşkar olunan məbəd qalığının dinin ibadətə cəlb edilmiş karst mağaraları üzərində yerləşdiyi qeydə alınıb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müzakirələrdə akademiklər Gövhər Baxşəliyeva və Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri professor Qasım Hacıyev, Tarix və Etnologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Samirə Hadıyeva iştirak ediblər.
Çıxışlarda Qafqaz Albaniyası ilə bağlı peşəkar mütəxəssislərin hazırlanmasının zəruriliyi qeyd edilib. Vurğulanıb ki, albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində mühüm problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir. Bu baxımdan müxtəlif sahələrdə çalışan tədqiqatçıların iştirakı ilə Qafqaz Albaniyasına dair daha sistemli şəkildə kompleks tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin “erməniləşmiş” abidələrin Azərbaycana məxsusluğu ilə bağlı tarixi faktların beynəlxalq səviyyədə təbliğinin, bu istiqamətdə məqalələrin xarici jurnallarda çap olunmasının vacibliyi bildirilib.