AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabı çapdan çıxıb
Dec 12, 2024 | 14:02 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı üç cildlik kitabının 3-cü cildi “Elm və təhsil” Nəşriyyatı poliqrafiya müəssisəsində işıq üzü görüb.

Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru dosent, qabaqcıl maarif xadimi Müstəqil Ağayevdir. “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı üç cildlik kitabın 3-cü cildində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir:

1) Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Ş.M.Xiyabani, S.C.Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi, Tağı Ərani, Tağıxan Rəfət, Əlirza Nabdil, Mərziyə Üskiyi və başqaları);

2) Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (M.Ə.Şəbüstəri, M.Tərbiyət, M.Şəhriyar, Səhənd, H.Billuri, Həbib Sahir, Həmid Nitqi, Həkimə Billuri, Səməd Behrəngi, Əli Təbrizli, M.Zehtabi, Cavad Heyət və başqaları);

3) İslam fəlsəfəsi və islamçılıq (Əbülqasim əl-Xoyi, M.Təbatəbai, M.Şəriətmədari, M.Cəfəri, Cəfər Sübhani və başqaları). Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023