Dec 10, 2024 | 11:02 Konfranslar, iclaslar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva institutun 2024-cü ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Hesabatda 2024-cü ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.
Hesabatda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb. Bu sırada dövlət başçısının müvafiq sərəncamlarına əsasən müxtəlif dillərdə Şuşa şəhərinin tarixi, mədəniyyəti və İslam dünyasındakı rolu haqda elmi-publisistik məqalələr dərc olunub, “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” adlı kitabın təqdimetmə mərasimi olub, “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müsəlman mədəniyyətinin müştərək yetirməsi kimi” beynəlxalq elmi konfrans keçirilib, konfransın materialları nəşr edilib, f.ü.f.d., dos. Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi” adlı monoqrafiyası çap olunub, Füzulinin ərəbcə şeirlərinin Azərbaycan dilinə tərcüməsi nəşrə hazırlanıb, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
İl ərzində institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 106 elmi-tədqiqat işindən 47 iş bu il başa çatıb. Qalan 59 elmi-tədqiqat işinin 2024-cü il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
Hesabat ilində institutda 15 kitab, o cümlədən 6 monoqrafiya çap edilib, 18 kitab çapdadır. Çap olunan kitablar sırasında Akademik Gövhər Baxşəliyevanın rus dilində “Müasir Suriya nəsrində vətənpərvərlik mövzusu”, f.ü.f.d. Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, t.ü.e.d. Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin həyatı və elmi irsi”, c.ü.f.d. Rafiq Abbasovun “Azərbaycan-Çin (1993-2003)”, f.ü.e.d. Elman Quliyevin Türkiyədə nəşr edilən “Türk halkları edebiyatı”, f.ü.f.d. Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)”, Samid Bağırovun “Şah İsmayılın həyatı (Fütuhati-şahi və Həbibüs-siyər əsərləri əsasında)” və digər kitabları qeyd etmək olar.
İnstitutda həmçinin Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Azərbaycan Şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayları da işıq üzü görüb.
Akademik Ziya Bünyadovun əsərlərinin I cildi - “Azərbaycan VII-IX əsrlərdə” və II cildi - “Azərbaycan Atabəyləri dövləti” təkrar nəşr üçün hazırda çapdadır. Bundan başqa yaxın vaxtlarda işıq üzü görəcək kitablar sırasında f.ü.f.d. Ruhəngiz Cümşüdlünün “M.Füzulinin ərəbcə poetik irsinin Azərbaycan dilinə tərcüməsi”, f.ü.f.d. İnci Qasımlının “Türk dillərinin müqayisəli tədqiqi”, Mirzə Ənsərlinin “Rusiya İmperiyası və SSRİ-də məşhur türkoloqlar”, f.ü.f.d. Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, t.ü.f.d. Zülfiyyə Vəliyeva-Önlənin “Osmanlı sənədlərində Azərbaycan toponimləri”, f.ü.f.d. Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)”, f.ü.f.d. Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi” kitabları və s. əsərlər, eləcə də “Şərq ədəbi-filoloji fikir tarixində M.Füzulinin yeri” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kimi məqalələr toplusu yer alır.
İnstitut əməkdaşlarının 500-dən artıq məqalə (o cümldən Web of Science və Scopus bazalarında dərc olunmuş 4 məqalə), həmçinin məruzə və tezisi çap olunub. 54 elmi məqalə xaricdə, o cümlədən Türkiyə, İran, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Fransa, Kuba, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə nəşr edilib. 4 məqalə Web of Science və Scopus bazalarında olan jurnallarda dərc edilib.
Əməkdaşlar 146 dəfə xaricdə, o cümlədən Türkiyə, İsveçrə, Almaniya, Niderland, ABŞ, Polşa, Rusiya, Pakistan, Mərakeş, İordaniya, Qazaxıstan, Tacikistan, Özbəkistan və s. ölkələrdə, 101 dəfə Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda məruzə ediblər.
Hesabatda həmçinin 2024-cü ildə institutda xarici ölkələrdən gəlmiş elm və dövlət nümayəndələri ilə görüşlər, o cümlədən Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru Salimaxon Mirzayeva, kafedra müdiri Qayratbek Xolbotayev, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin Siyasi şöbəsinin müdiri Yu Kaiven və səfirliyin üçüncü katibi Xie Yilinlə görüşlər, Rusiyanın Moskva İslam İnstitutu ilə imzalanmış qarşılıqlı anlaşma memorandumu və Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti ilə bağlanmış əməkdaşlıq haqqında müqavilə, bundan əlavə keçirilən elmi konfranslar, sessiyalar, seminarlar və digər tədbirlər barədə məlumatlar yer alıb.
Hesabatda həmçinin institutda elmlər və fəlsəfə doktorlarının hazırlığı, Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının fəaliyyəti, burada həyata keçirilən elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi, institutun Elmi şurasının elmi-təşkilati fəaliyyəti, təltiflər və fəxri fərmanlar, elektron elmin vəziyyəti barədə və digər məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2024-cü ildəki fəaliyyətini müsbət qiymətləndirib.
AMEA-nın Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva Şərqşünaslıq İnstitutututu