Dec 04, 2024 | 16:00 Konfranslar, iclaslar
AMEA-nın Qafqazşünaslıq İnstitutu 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.
İnstitutun direktoru vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova geniş məruzə edib. Vurğulayıb ki, institutda 2024-cü ildə 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 tədqiqat işi aparılıb. Araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edib.
Hesabat ilində institut üç mühüm elmi nəticəni təqdim edib.
AMEA-nın müxbir üzvü Musa Qasımlının yazdığı “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)” adlı kitab çap olunub. Monoqrafiyada mənbələr əsasında Prezident İlham Əliyevin müstəqil dövlətçilik baxışlarının formalaşmasına təsir edən amillər, 2003-2024-cü illərdə Azərbaycan xalqı qarşısında dayanan başlıca vəzifələr, Azərbaycan tarixində yaratdığı ilklər, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və ona sədrlik etməsi, etibarlı nəqliyyat-kommunikasiya və tranzit mərkəzinə çevrilməsi, Türk dünyasına yeni dinamizmin gətirilməsi, Kosmik kluba üzv olması, “yumşaq gücdən” istifadə edilməsi, Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, Prezident İlham Əliyevin iş üslubu və digər məsələlər araşdırılıb.
Hesabat dövründə siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı kitabı çap olunub. Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə münasibətlərinin qardaşlıq zəminində möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin konseptual baxışları araşdırılıb. Belə bir elmi nəticə əldə edilib ki, Azərbaycan Ordusunun möhkəm təməlinin qoyulması, vaxtilə Ermənistana havadarlıq edən dövlətlərin Vətən müharibəsində müdaxilə etməmələrinin səbəbi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi strategiyanın nəticəsi idi. Qars müqaviləsinə Azərbaycanın təhlükəsizliyi baxımından çox önəm verən Heydər Əliyev Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında anlaşma olmasını düşünürdü. Bu da 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsində təsdiqini tapdı. Türkiyəsiz Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradılmayacağını vurğulayan Heydər Əliyev Xəzər dənizindən enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarlarına çıxaracaq infrastrukturların yaradılmasının Türk dünyasını birləşdirəcəyində bir addım olduğunu bildirirdi.
Həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin yazdığı “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” adlı kitab çap olunub. Azərbaycan, gürcü, türk, ingilis və rus dillərində olan mənbə və ədəbiyyatlardan istifadə edilməklə yazılmış monoqrafiyada Azərbaycan Respublikası – Gürcüstan münasibətlərinin başlıca istiqamətləri tədqiq edilib. Əsərdə dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanın daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsinə nəzər yetirilib, Gürcüstanla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı şərtləndirən tarixi və müasir amillər, diplomatik-siyasi əlaqələrin qurulması və inkişafı mərhələləri, müqavilə-hüquq bazası, təhlükəsizlik, müdafiə, ticarət-iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın məqsədləri, formaları və özünəməxsusluqları rəsmi fakt və materiallara istinad edilərək təhlil olunmuş, nəticələrə dair elmi nəzəri ümumiləşdirmələr aparılmışdır. Əsərdə Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli əməkdaşlığının regiona təsiri, Ermənistanın və erməni dairələrinin Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyətləri, Abxaziya və Tsxinvali (gürcü-osetin) münaqişələrində Azərbaycan Respublikasının mövqeyi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış və artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə Gürcüstanın münasibəti araşdırılıb, Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyə doğru atdıqları addımlar tədqiq edilib.
Hesabat ilində, həmçinin Şimali Qafqaz şöbəsinin müdiri f.ü.f.d., dos. Vahid Ömərov, Naziyə Məmmədova, Nigar Mustafayevanın yazdıqları “Gürcüstan–Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitab nəşr edilib. Mötəbər mənbələr əsasında yazılmış monoqrafiyada Gürcüstan–Ermənistan münasibətlərinin qurulması, mövcud vəziyyəti və problemləri araşdırılmışdır. Əsərdə istifadə edilən elmi materialların əksəriyyəti elmi dövriyyəyə ilk dəfə cəlb edilib.
İ.e.f.d., dos. Liliya Mirzəzadə, Günay Feyziyeva, Şahnaz Rəhimovanın yazdıqları “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” adlı kitabda müxtəlif mənbələrdən istifadə edilərək Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarının tarixi, demoqrafik vəziyyəti, sosial-iqtisadi, siyasi şəraitində ermənilərin iştirakı araşdırılıb.
Bildirilib ki, hesabat ilində Prezident İlham Əliyevin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamına uyğun 25 aprel 2024-cü il tarixində “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan və Pakistandan olan tədqiqatçıların iştirakı ilə beynəlxalq elmi konfrans keçirilib. 23 oktyabr 2024-cü il tarixində “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda və 6 noyabr 2024-cü il tarixində “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda Azərbaycan, Türkiyə və Çindən olan tədqiqatçıların iştirakı ilə respublika elmi konfransları keçirilib.
İnstitut əməkdaşlarının xaricdə 1 (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı), Azərbaycanda 10 kitab və 1 tədris-metodiki vəsaiti, 158 məqalə və tezisi çap olunub. Onlardan 55-i xarici ölkələrdə - Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Çexiya, Norveç, Braziliya, Albaniyada dərc edilib. Bundan əlavə, impakt faktorlu jurnallarda 6 məqalə (s.e.d., dos. R.Dadaşova -1, t.ü.f.d., dos. E.Kəlbizadə - 1, t.ü.f.d. G.Musayeva -1, F.Şükürova-Babayeva – 1, Şahnaz Rəhimova - 1) çap edilib.
Türkiyə, İran, Rusiya, İndoneziya, Slovakiya, Ukrayna, Norveç, Özbəkistan, Çexiya, Kuba, Gürcüstan, Ermənistan və digər ölkələrin alim və tədqiqatçıları institut əməkdaşlarının əsərlərinə 77 dəfə (M.Qasımlı – 34, R.Dadaşova – 13, S.Hüseynova – 1, Q.Hacıyev – 2, E.Kəlbizadə – 14, S.Həbibbəyli – 5, G.Musayeva – 3, Y. Baxşıyeva – 5) istinad ediblər.
AMEA Qafqazşünaslıq İnstitutunun Beynəlxalq Standart Seriya Nömrəsi almış, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı il ərzində fəaliyyətini uğurla davam etdirib.
“Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunda Ermənistanda insan hüquqlarının pozulması, təhsil sistemində mövcud vəziyyət, problemləri, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda çəkilən filmlər, Gürcüstanın və Ermənistanın milli təhlükəsizlik konsepsiyalarında qarşılıqlı münasibətlərin müqayisəli təhlili, Borçalıda azərbaycanlıların təlim-tərbiyyə və təhsil problemlərinin formalaşması, Gürcüstan-İsrail əlaqələrinin qurulması və inkişafına təsir göstərən amillər, İsrail və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və istiqamətləri, Rusiya-Ermənistan münasibətlərində Gürcüstan, ermənilərin Şimali Qafqaza, Adıgey, Kabarda-Balkar, Karaçay-Çərkəz respublikalarına köçürülməsi və s. mövzularda məqalələr çap olunub.
Cari ildə institutda 14 dəyirmi masa, 5 elmi seminar və 1 kitab təqdimatı keçirilib.
İclasda AMEA-nın müxbir üzvü Qorxmaz İmanov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova iştirak edib və institutun nəşrlərindən ibarət sərgisi ilə də tanış olublar. Görülən işlər yüksək qiymətləndirilib.