Dec 03, 2024 | 14:10 Konfranslar, iclaslar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbələrinin Elmi şurada illik hesabatları təqdim edilib.
Elmi şuranın iclaslarında institutun İran filologiyası, Ərəb filologiyası, Türk filologiyası, Cənubi Azərbaycan, İran tarixi və iqtisadiyyatı, Ərəb ölkələri tarixi və iqtisadiyyatı, Türkiyə tarixi və iqtisadiyyatı, Yazılı abidələrin tədiqiqi və nəşri, Din və ictimai fikir, Şərq-Qərb, Mərkəzi Asiya, Asiya-Sakit okean regionu ölkələri, Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi, Şərq ölkələrinin tarixşünaslığı və Nəşriyyat və elmi informasiya şöbələrinin müdirləri illik hesabatları təqdim ediblər.
Verilən hesabatlara əsasən şöbələr 2024-cü ili yüksək nəticələrlə başa vurublar.
İl ərzində institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 106 elmi-tədqiqat işindən 47 iş bu il başa çatıb. Qalan 59 elmi-tədqiqat işinin 2024-cü il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
Hesabat ilində institutda 14 kitab çap edilib, 19 kitab çapdadır. Çap olunan kitablar sırasında f.ü.f.d. Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, t.ü.e.d. Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin həyatı və elmi irsi”, c.ü.f.d. Rafiq Abbasovun “Azərbaycan-Çin (1993-2003)”, f.ü.e.d. Elman Quliyevin Türkiyədə nəşr edilən “Türk halkları edebiyatı”, f.ü.f.d. Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” və digər kitabları qeyd etmək olar.
İnstitutda, həmçinin Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Azərbaycan Şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayları da işıq üzü görüb.
Akademik Ziya Bünyadovun əsərlərinin I cildi - “Azərbaycan VII-IX əsrlərdə” və II cildi - “Azərbaycan Atabəyləri dövləti” təkrar nəşr üçün hazırda çapdadır. Bundan başqa yaxın vaxtlarda işıq üzü görəcək kitablar sırasında akademik Gövhər Baxşəliyevanın “Патриотическая тема в современной сирийской прозе”, f.ü.f.d. Ruhəngiz Cümşüdlünün “M.Füzulinin ərəbcə poetik irsinin Azərbaycan dilinə tərcüməsi”, f.ü.f.d. İnci Qasımlının “Türk dillərinin müqayisəli tədqiqi”, Mirzə Ənsərlinin “Rusiya İmperiyası və SSRİ-də məşhur türkoloqlar”, f.ü.f.d. Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, t.ü.f.d. Zülfiyyə Vəliyeva-Önlənin “Osmanlı sənədlərində Azərbaycan toponimləri”, f.ü.f.d. Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)”, f.ü.f.d. Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Samid Bağırovun “Şah İsmayılın həyatı (Fütuhati-şahi və Həbibüs-siyər əsərləri əsasında)” kitabları və s. əsərlər, eləcə də “Şərq ədəbi-filoloji fikir tarixində M.Füzulinin yeri” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kimi məqalələr toplusu yer alır.
İnstitut əməkdaşlarının 500-dən artıq məqalə, məruzə və tezisi çap olunub. 54 elmi məqalə xaricdə, o cümlədən Türkiyə, İran, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Fransa, Kuba, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə nəşr edilib. 4 məqalə Web of Science və Scopus bazalarında olan jurnallarda dərc edilib.
Əməkdaşlar 146 dəfə xaricdə, o cümlədən Türkiyə, İsveçrə, Almaniya, Niderland, ABŞ, Polşa, Rusiya, Pakistan, Mərakeş, İordaniya, Qazaxıstan, Tacikistan, Özbəkistan və s. ölkələrdə, 101 dəfə Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda məruzə ediblər.