Dec 03, 2024 | 10:38 Konfranslar, iclaslar
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi tərəfindən fərdi planlar əsasında yekun hesabat iclası keçirilib.
İclasda institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Zaur Həsənov və elmi katib, t.ü.f.d. Ellada Bəkirova, o cümlədən şöbə müdiri t.ü.f.d., dosent Mikayıl Mustafayev, a.e.i., t.ü.f.d. Namiq Hüseynli, e.i. t.ü.f.d. Orxan Əliyev k.e.i. Şəfəq Ağayeva, k.e.i. Lalə Nəsirova, b.lab Ülkər Camalova, eləcə də AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nərminə Hüseynova, Dövlət Turizm Agentliyinin əməkdaşı Fidan Cəlil iştirak ediblər.
Tədbirdə sözügedən şöbənin əməkdaşları fərdi plana uyğun olaraq hesabatlarını təqdim ediblər.
Şöbə müdiri t.ü.f.d., dosent Mikayıl Mustafayev geniş məruzə ilə çıxış edərək 2024-cü il ərzində həyata keçirilən tədqiqatlar və qazıntılar haqqında məlumat verib. O, xüsusilə Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin toplusu kitabının çapa hazırlanmasını və AR Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması xidmətinin nümayəndələri ilə birgə həyata keçirilən tədqiqatları vurğulayıb. Bundan əlavə, Astara rayonunun Alaşa kəndində Əlişa qalasında aparılan növbəti arxeoloji qazıntıların və tədqiqatların nəticələri barədə geniş təqdimat və film nümayiş etdirilib.
Şöbə müdiri, t.ü.f.d., dosent Mikayıl Mustafayev 2024-cü ildə beynəlxalq elmi jurnallarda öz elmi işlərini dərc etdirib. Şöbənin aparıcı elmi işçisi, t.ü.f.d. Namiq Hüseyinli hesabatında, qazıntılarda iştirakına dair məlumatları və fərdi plana uyğun gördüyü işləri komissiya üzvlərinə təqdim edib. Şöbənin elmi işçisi, t.ü.f.d. Orxan Əliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Xidmətinin əməkdaşlarının apardıqları tədqiqatların məlumatları əsasında Bakı şəhərinin Yasamal rayonu ərazisində aparılan söküntü işləri zamanı orta əsrlərə aid su quyularına baxış keçirdiyinə dair geniş məruzə edib. Elmi işçi Əhliman Əbdürrəhmanov il ərzində gördüyü işlər barədə komissiya üzvlərini məlumatlandırıb. Həmçinin kiçik elmi işçilər Lalə Nəsirova və Şəfəq Ağayeva Astara rayonu Alaşa qalasında aparılan qazıntılarda aşkar olunan materiallar haqqında ətraflı məlumat verib, Cənub-Şərqi Azərbaycan abidələrinin toplusu kitabı ilə bağlı təqdimatlar ediblər. İclasda qeyd olunub ki, kiçik elmi işçi Məhiyyəddin Seyidov isə Naxçıvanın yaranmasının 100 illiyinə həsr olunmuş rəssamlıq müsabiqəsində birinci yerə layiq görülüb.
Hesabatda 19 aprel 2024-cü ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi tərəfindən “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş elmi seminarın keçirilməsi barədə məlumat verilib.