AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Nov 30, 2024 | 12:20 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyevaya AMEA-nın Fəxri fərmanı təqdim olunub.

İclasda müzakirə olunan birinci məsələ “BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29: çağırışlar və AMEA-nın qarşısında duran vəzifələr” haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın bu günlərdə 80 dövlət və hökumət başçısının, 190-dan artıq dövlətdən 76 mindən çox insanın iştirakı ilə həm ölkəmizin ictimai-siyasi həyatında, həm də dünyada yüksək qiymətləndirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) ən möhtəşəm şəkildə təşkil etdiyini bildirib. AMEA rəhbəri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət, böyük təşkilatçılıq, quruculuq işləri ölkəmizin ev sahibliyi ilə COP29-un inamla və uğurla keçməsinin əsasını təşkil edir. Bu mötəbər beynəlxalq tədbir yüksək təşkilatçılıq və möhtəşəm idarəçilik baxımından dünyaya İlham Əliyev modelini ortaya qoydu. Həmçinin COP29-un təşkilində könüllülərin də iştirakı Azərbaycanın yetişdirdiyi, formalaşmış yeni nəsil vətənpərvər siyasətin təzahürüdür.

Akademik İsa Həbibbəyli qeyd edib ki, belə mötəbər tədbirlərin yüksək səviyyədə təşkili 21 il ərzində Prezident İlham Əliyevin liderliyində ölkəmizdə  artıq ənənəyə çevrilib və Azərbaycanda ötən müddətdə keçirilən idman oyunları, Mədəniyyətlərarası dialoq forumları və digər nüfuzlu tədbirlərlə geniş təcrübə qazanılıb.  Qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili ilə Azərbaycanın dünyanın dialoq məkanına çevrilməsi, ölkəmizin Prezident İlham Əliyevin liderliyində beynəlxalq nüfuzunun artması, söz sahibi ölkələrdən biri kimi qəbul edilməsi və ən əsası dövlət başçımızın dünya liderlərindən biri kimi qəbul olunması COP29 kimi nüfuzlu konfransın ölkəmizə etibar edilməsinə imkan verib.

Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimində dərin məzmunlu nitqi və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışının dünya dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik İsa Həbibbəyli dövlət başçımızın dünyanın iqlim problemlərini, qlobal çağırışlarını ən ali səviyyədə səsləndirdiyini söyləyib. Xüsusilə karbon emissiyalarının azaldılması yolları, yaşıl enerjiyə keçid, yaşıl iqtisadiyyat, yaşıl texnologiyalardan istifadə kimi fikirlər xüsusi rəğbətlə qarşılanıb.

Məruzəçi COP29-un yekunları kimi Bakı razılaşmasının əldə edilməsinin, bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsinin tam təsdiq olunmasının, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərarın qəbulunun, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədinin ölkələr tərəfindən vurğulanmasının Azərbaycanın tarixi uğurları olduğunu bildirib.

Akademik İsa Həbibbəyli bu uğurun əldə olunmasında Prezident İlham Əliyevin liderliyində Azərbaycanın apardığı uğurlu xarici siyasət, tədbirin yüksək səviyyədə təşkili üçün dövlət qurumlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətinin önəmini qeyd edib.

COP29 çərçivəsində keçirilən tədbirlərdə Akademiya əməkdaşlarının da yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli alimlərimizin xarici həmkarları ilə qlobal problemlərə dair müzakirələr apardıqlarını, ölkəmizə gəlmiş dünyanın nüfuzlu elm xadimləri ilə AMEA-da görüşlərin baş tutduğunu söyləyib. Həmçinin COP29-un gündəliyində mühüm yer tutmuş “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi anlayışların fəlsəfəsini dərk etmək üçün tədqiqatların aparılmasına ehtiyac olduğunu bildirib, alimlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və Akademiyanın gələcək fəaliyyətini bu istiqamətdə quracağını diqqətə çatdırıb.

COP29-un ölkəmizin beynəlxalq nüfuzunu dünyada yüksək nöqtəyə qaldırdığını söyləyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin hər zaman Prezident İlham Əliyevin yanında olduğunu, dövlət başçısının uğurlu daxili və xarici siyasətini dəstəklədiyini və daim bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova COP29-la bağlı AMEA-nın fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. Akademik çıxışında indiyədək keçirilmiş COP-ların tarixi, məqsədləri barədə söz açıb, COP29 çərçivəsində AMEA-nın elmi bölmələrində, elmi-tədqiqat müəssisələri və təşkilatlarında, regional bölmələrində və elmi mərkəzlərində il ərzində keçirilən çoxsaylı tədbirlər – elmi konfranslar, görüşlər, kitab sərgiləri, işıq üzü görən nəşrlər, alimlərimizin mediada çap olunmuş məqalələri barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev isə çıxışında COP29-un milli və beynəlxalq səviyyəli təşkili ilə əhəmiyyətli addımların atıldığını bildirib. Bir sıra statistik rəqəmləri təqdim edən R.Hacıyev COP29-da 80 ölkənin dövlət və hökumət başçısının, 76 mindən çox insanın, 9 mindən çox QHT və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyini, 100-dən çox ölkənin pavilyonunun qurulduğunu vurğulayıb. R.Hacıyev COP29 çərçivəsində Bakı İqlim Birliyi Sazişinin qəbulunun tarixi nailiyyət olduğunu söyləyib.

Məsələ ilə bağlı, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, Adil Qəribov, AMEA-nın müxbir üzvü Elşad Qurbanov və professor İlham Məmmədzadə çıxış edərək COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinin ölkəmizin növbəti tarixi uğuru olduğunu, alimlərimizin də öz fəaliyyətləri ilə daim dövlətimizin yanında olduqlarını bildirib, tədbirin yeni elmi istiqamətlərə yol açdığını söyləyiblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un yekunları ilə bağlı AMEA-nın müraciəti qəbul edilib. Müraciəti AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva səsləndirib.

İclasda həmçinin Prezident İlham Əliyevin Azərbaycan Milli Ensiklopediyası haqqında 25 oktyabr 2024-cü il tarixli Fərman və Sərəncamının icrası haqqında məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli bildirib ki, Fərman və Sərəncama əsasən Azərbaycan Milli Ensiklopediyasının strukturunda dəyişiklik edilib, yeni redaksiya heyətinin tərkibi təsdiqlənib. Vurğulayıb ki, qeyd olunan Fərman və Sərəncamın son yarıməsrlik dövr ərzində Azərbaycan xalqının mədəni-mənəvi inkişafında və ictimai fikrinin formalaşmasında müstəsna rol oynamış Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətinin müasir şəraitdə yeni tələblər əsasında təşkili baxımından xüsusi əhəmiyyəti var.

Qeyd edib ki, Azərbaycan Milli Ensiklopediyasının müxtəlif cildlərinin nəşrə hazırlanmasında Prezident İlham Əliyevin sədrlik etdiyi və bir sıra görkəmli elm və mədəniyyət xadiminin təmsil olunduğu redaksiya heyətinin xüsusi rolu olub, Ensiklopediyanın cildlərinin nəşrə hazırlanması ilə bağlı cənab Prezident tərəfindən redaksiya heyətinin üzvləri qarşısında çox məsul vəzifələr qoyulub. Diqqətə çatdırılıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 2004-cü ildən indiyə qədər Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dilində “Xüsusi” buraxılışı, həmçinin 1-10-cu cildləri işıq üzü görüb, hazırda 11-ci cildin çapına hazırlıq görülür. Habelə Mərkəzinin nəzdində “Heydər Əliyev Ensiklopediyası” sözlüyü və məqalələri hazırlanır.

Məsələ ilə əlaqədar Ensiklopediyanın əməkdaşı Rüstəm Hacıyev çıxış edərək “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib və “Heydər Əliyev Ensiklopediyası”nın 2025-ci ildə tam hazır olacağını söyləyib.

Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyətinin yeni tələblər səviyyəsində təşkilini təmin etmək məqsədilə qərar qəbul olunub.

Bundan əlavə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Filippin Respublikasına səfəri barədə Rəyasət Heyətinin üzvlərinə məlumat verib.

AMEA-nın müşaviri akademik Möhsün Nağısoylu isə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin Tacikistanın Düşənbə şəhərində keçirilən MDB-yə üzv dövlətlərin alimlərinin V Forumunda iştirakı haqqında danışıb.

Həmçinin iclasda akademik Arif Mehdiyevin 90 illik yubileyi haqqında qərar qəbul olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023