AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın təşkilatçılığı ilə “Füzulinin sənət dünyası və Akademiyanın Füzulinaməsi” mövzusunda tədbir keçirilib
Nov 30, 2024 | 12:20 Mühüm hadisələr

AMEA-nın dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş yekun tədbiri keçirilib.

“Füzulinin sənət dünyası və Akademiyanın Füzulinaməsi” mövzusunda keçirilən tədbir Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutub.

Tədbirdə millət vəkilləri, AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları, müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Əvvəlcə iştirakçılar Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Füzuli irsinə dair əlyazmaları və AMEA əməkdaşlarının şairin həyat və yaradııcılığına həsr olunmuş kitablarının sərgisi ilə tanış olublar.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının işığında ölkəmizin digər qurumlarında olduğu kimi, Akademiyada da il ərzində silsilə elmi-mədəni tədbirlərin həyata keçirildiyini, dahi şairin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatların aparıldığını, çoxsaylı kitabların nəşr edildiyini bildirib.

Görkəmli mütəfəkkir Məhəmməd Füzulinin ana vətəninin Azərbaycan olduğunu söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar Füzulinin Qarabağ bölgəsindən, bayat boyundan olduğunu göstərir. O, Bağdad, İraq, Kərkük-türkmən mühitində yetişib formalaşmış, orta əsrlər Azərbaycan dilinin bütün qüdrətini, özəlliyini əks etdirən dahiyanə əsərlər yaratmışdır. Füzuli Azərbaycan ədəbiyyatının görkəmli klassiki, türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, eyni zamanda dünya ədəbiyyatının yaradıcıları sırasında fərqli yer tutan ustad sənətkardır.

“Şairin qəzəllərini dünya ədəbiyyatında yalnız onunla eyni əsrdə yaşamış ingilis dramaturqu və şairi Uilyam Şekspirlə müqayisə etmək lazımdır”, - deyə bidirən AMEA rəhbəri dahi Azərbaycan şairi Füzulinin böyük lirika ustası olduğunu vurğulayıb. Bildirib ki, şairin lirikası istedadla, ilhamla idrakın işığından yaranmış böyük sənətdir.

Akademik İsa Həbibbəylinin sözlərinə görə, "Zira ki, elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur" - deyən Füzuli böyük ədəbiyyatın, böyük sənətin yaranmasında elmin qüdrətini səmimiyyətlə etiraf və təsdiq etmişdir. Elmi idrakla bədii istedadın vəhdəti Füzuli sənətini yaratmışdır.

Şairin bir çox şeirlərinin Azərbaycan xalq ədəbiyyatının nümunələri kimi ictimaiyyət arasında geniş yayıldığını və kütləviləşdiyini söyləyən AMEA prezidenti vurğulayıb ki, Füzuli mənsub olduğu xalqla tamamilə qaynayıb-qarışmış, bütövləşmiş dahi söz ustadıdır. O, Azərbaycan ədəbiyyatını təmsil etdiyi qədər Azərbaycan mənəviyyatını, azərbaycanlı düşüncəsini, Azərbaycan insanın mənəvi aləmini və qüdrətini də eyni şəkildə təmsil edir.

Akademik İsa Həbibbəyli bildirib ki, Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, böyük sənətin böyük oğludur. O, dünya ədəbiyyatında qəzəlləri, pоemaları ilə şöhrət qazanan və qəlb şairi kimi tanınan nadir sənətkarlardandır.

Füzulinin çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycanda dərindən tədqiq edildiyini söyləyən AMEA rəhbəri qeyd edib ki, XX əsrdə şair haqqında yazmış əsərlərin sırasında akademik Məmməd Cəfər Cəfərovun "Füzuli sevir", "Füzuli düşünür", "Füzuli yaşayır" adlı silsilə məqalələrini, akademik Həmid Araslının "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyasını,  görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabını, professor Mirzağa Quluzadənin "Füzulinin lirikası" əsərini və digərlərini göstərmək olar. Akademik İsa Həbibbəyli bu əsərlərin XXI əsrdə də dünya dillərinə tərcümə edildiyini deyib, sözügedən nəşrlərin əbədi yaşayan dünya Füzulişünaslığının təməl əsərləri olduğunu qeyd edib. O, müstəqillik illərində də Azərbaycan Füzulişünalığının daha dərindən, azad ölkənin azad təfəkkürünün məhsulu kimi inkişaf etdiyini söyləyib, yeni əsərlərin meydana çıxdığını bildirib. Vurğulayıb ki, akademiklər Rafael Hüseynov, Teymur Kərimli, professor Ataəmi Mirzəyev və başqalarının XXI əsrdə, müstəqillik dövründə çap olunan əsərləri həm Azərbaycan ədəbiyyatşünaslığında Füzuliyə həsr edilmiş fundamental tədqiqatlar kimi, həm də dünya Füzulişünaslığını zənginləşdirən, klassik Füzulişünaslıq ənənələrini yeniləşdirən əsərlər kimi dəyərlidir.

Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən son beş ildə 10 monoqrafik əsərin çap edildiyini diqqətə çatdırıb. O, həmçinin bu il keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində institutun nəşr etdiyi “Füzuli kitabxanası” seriyasının Mədəniyyət Nazirliyi tərəfindən sərginin “Ən yaxşı kitab”ı seçildiyini bildirib. 

Çıxışının sonunda AMEA prezidenti qeyd edib ki, Füzuli haqqında aparılan tədqiqatlar onun doğma xalqına, Türk dünyasına və şairi dünyaya tanıtmağa xidmət edir, dahi mütəfəkkirin əbədiyyətini isbat edir.

Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxış olub.

Qeyd edək ki, Müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub.

Orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023