Nov 07, 2024 | 10:20 Konfranslar, iclaslar
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı tədbir keçirilib.
Tədbirdə institut əməkdaşları ilə yanaşı, şəhid ailələri, Vətən müharibəsi veteranları, ali məktəb tələbələri iştirak ediblər.
Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov diqqətə çatdırıb ki, Zəfər günü Azərbaycan xalqının ən möhtəşəm günü, hərb tariximizin zirvəsidir, eyni zamanda tariximizin yeni başlanğıcıdır. Hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən zəfərlə qürur hissi keçirdiyini vurğulayan professor K.Şükürov bildirib ki, bu qələbənin böyük əhəmiyyəti daim yüksək qiymətləndiriləcək, tədqiq olunacaq, öyrəniləcək tariximizdə əbədi qalacaqdır.
Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov “44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı məruzə çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Anım günü və Zəfər günü təsis edilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi 2020-ci il 4 dekabr tarixində saat 12:00-da bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın ərazi bütövlüyünün uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondu yaradılıb, “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, Suqovuşan, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam və Laçının azad olunmasına görə medallar təsis edilib. Hazırda Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılır. 2020-ci ilin dekabrında keçirilən ilk Zəfər paradı isə Azərbaycanda xalqla hakimiyyətin birliyinin, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Ordusunun Müzəffər Baş Komandanı İlham Əliyevin apardığı siyasətin tam dəstəkləndiyinin nümayişinə çevrilib. 44 günlük Vətən müharibəsinin siyasi, iqtisadi, sosial, eləcə də geosiyasi əhəmiyyətindən danışan professor M.Əmrahov deyib ki, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan arasında əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib, ölkəmizin dünya siyasətində mövqeyi daha da güclənib.
Tədbirdə 1994-cü ildə Murov döyüşlərində itkin düşmüş şəhid Mirzəyev Bafadar Əsədulla oğlunun anası Mirzəyeva Səkinə Eynulla qızı, polkovnik, Vətən müharibəsi qazisi Həmidov Məhərrəm Əliəşrəf oğlu, baş leytenant Cəfərov Süleyman, baş çavuş Məmmədov Elton, gizir Şərbət Mahmudov, baş çavuş Nurlan Babayev, xüsusi təyinatlı qüvvələrin giziri qazi Taleh Hüseynov, müddətdən artıq həqiqi hərbi qulluqçusu qazi Babaşov Ramal, komando, müddətdən artıq həqiqi hərbi qulluqçusu Quliyev Ziya, gizir Quliyev Rövşən Fərhad oğlu, əsgər Məmmədov Murad Ələmşah oğlu, əsgər Verdiyev Baba Fədail oğlu Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Tədbirdə Bakı Biznes Universitetinin tərcümə ixtisasının tələbələri Ağayeva Sevil Aydın qızı, Babuşova Aysel İlham qızı şeirlər səsləndiriblər, Bağırov Elvin Sərdar oğlu mahnılar ifa edib.