AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüşüb
Nov 06, 2024 | 17:15 Konfranslar, iclaslar

Noyabrın 6-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dünya dini liderlərinin qlobal Bakı Sammiti çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti şeyx professor Ravil Qaynutdin, sədrin birinci müavini professor Dəmir Muhətdinov, qurumun Azərbaycan üzrə xüsusi nümayəndəsi Səfa Kərimov və idarənin əməkdaşları ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə, həmçinin AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, şöbələrin əməkdaşları, eləcə də Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonaqları ölkəmizdə və AMEA-da görməkdən məmnunluğunu dilə gətirib, Azərbaycan - Rusiya əlaqələrindən, həmçinin Azərbaycan - Tatarıstan münasibətlərindən danışıb, dövlətlərimiz arasında iqtisadi, siyasi, ədəbi, mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. AMEA ilə Rusiya Elmlər Akademiyası (REA) arasında da əlaqələrin yüksək səviyyədə olduğunu və genişləndiyini deyən akademik İsa Həbibbəyli 2021-ci ildə akademiyalar arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, 2023-cü ildə sözügedən sənədin yenilənərək yeni yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib. Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisələrinin REA-nın müvafiq institutları ilə fəlsəfə, tarix, dilçilik, ədəbiyyat, şərqşünaslıq istiqamətində geniş əlaqələrinin olduğunu, birgə konfransların keçirildiyini, məqalələrin hazırlandığını, nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

Hazırda AMEA ilə Rusiya Elmlər Akademiyası arasında epos mədəniyyətinin öyrənilməsinə dair birgə tədqiqatların aparıldığını deyən AMEA rəhbəri layihənin REA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, eləcə də Rusiya Federasiyasının Udmurtiya Respublikası və Saxa Respublikasının (Yakutiya) müəssisələri ilə birgə aparıldığını, cari ilin dekabr ayında sözügedən qurumların iştirakı əsasında beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycanla Tatarıstan arasında siyasi əlaqələrə toxunan akademik İsa Həbibbəyli ölkələrimiz arasında sıx dostluq münasibətlərinin təməllərinin Ulu Öndər Heydər Əliyev və Tatarıstan Respublikasının birinci prezidenti Mintimer Şaymiyev tərəfindən atıldığını, bu münasibətlərin davamı olaraq bu gün Prezident İlham Əliyevlə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında yüksək əlaqələrin olduğunu bildirib.

Prezident İlham Əliyevin ötən ay XVI BRICS Sammitində iştirak etmək üçün Kazana səfər etdiyini xatırladan AMEA rəhbəri dövlətimizin başçısının Rüstəm Minnixanov tərəfindən Tatarıstanın ali dövlət mükafatı “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayıb.

AMEA ilə Tatarıstan Elmlər Akademiyası arasında da sıx əməkdaşlıq münasibətlərinin olduğunu söyləyən akademik İsa Həbibbəyli qardaş ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətlərinə dair Akademiyada geniş tədqiqatların aparıldığını, dissertasiyaların yazıldığını bildirib. Həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Tatarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə yay məktəbi təşkil edəcəyini də söyləyib.

Akademik İsa Həbibbəyli həmmüəllifliyi ilə işıq üzü görmüş “Qabdulla Tukay və Azərbaycan” kitabını qonaqlara təqdim edərək bildirib ki, əsər tatar ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, publisist, tərcüməçi, ictimai xadim Qabdulla Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edir. Akademik İsa Həbibbəyli Nəriman Nərimanovla Qabdulla Tukayın sıx dostluq əlaqələrinə də toxunub.

Akademik İsa Həbibbəyli COP29 çərçivəsində keçirilən dünya dini liderlərinin qlobal Bakı Sammiti ilə din xadimlərinin dünya miqyaslı nüfuzlu konfransa öz xeyir-dualarını verdiklərini, Azərbaycanın Prezident İlham Əliyevin liderliyində bu ali tədbiri ən yüksək səviyyədə təşkil edəcəyini söyləyib.

Sonra çıxış edən Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri professor Ravil Qaynutdin tədbir iştirakçılarını salamlayıb və AMEA-da olmaqdan məmnunluğunu bildirib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi görüşlərindən bəhs edən qonaq Azərbaycan xalqının öz tarixi torpaqlarını işğaldan azad etməsilə qürur duyduğunu, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevi 25 milyonluq müsəlman ümması adından Zəfər münasibətilə təbrik etdiyini dilə gətirib. Əlavə edib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkə liderinin və xalqımızın beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirir.

Geniş təqdimatla çıxış edən Ravil Qaynutdin Rusiyanın müasir ərazisində müxtəlif xalq və konfessiyaların birgə yaşayışı, ayrı-ayrı illərdə keçirilən dini liderlərin zirvə görüşləri, dini məsələlərlə məşğul olan dövlət qurumlarının yaradılması və fəaliyyəti, dini icmalarının bütövlüklə Rusiya ictimaiyyətinin və dövlətinin inkişafında oynadığı rol, habelə Rusiyanın müxtəlif şəhərlərində yerləşən müsəlman abidələri, məscid və mədəblər haqqında ətraflı bəhs edib. Bildirib ki, dini qurumlar müvafiq qanun layihələri və hüquqi aktların hazırlanmasında fəal iştirak edir, teologiya fənninin isə elmi ixtisaslar nomenklaturasına daxil edilməsi yeni nəsil ilahiyyətçi alimlərin hazırlanmasında əhəmiyyətli rol oynayır.

Mədəniyyətlərarası və dinlərarası dialoqun ölkə və xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün əsas amillərdən biri olduğunu deyən müfti rəhbərlik etdiyi qurumun müxtəlif xalqlara, konfessiyalara, mədəniyyətlərə hörmətlə yanaşan, ekstremizm və terrorizmdən uzaq duran təşkilatlarla əməkdaşlıq etdiyini, sülh, həmrəylik, mənəvi və intellektual inkişaf, gənclərin düzgün tərbiyəsinə yönələn təşəbbüslərlə çıxış etdiyini vurğulayıb. Qeyd edib ki, RF MRİ Rusiya Elmlər Akademiyası, ali təhsil müəssisələri, bütövlüklə akademik elmlə əməkdaşlıq edir, həyata keçirilən layihələr arasında ilahiyyatçı alimlərin əsərlərinin tərcüməsi və nəşri, “Quran” oxuyanların müsabiqələri, forum və konfransların keçirilməsini sadalamaq olar: “RF-nın Müsəlmanları Ruhani İdarəsi və bir neçə digər dini qurumun təşəbbüsü ilə Tatarıstanın Bolqar şəhərində Bolqar İslam Akademiyası yaradılıb. Burada həm ilahiyyatçı alimlər yetişdirilir, həm də dinlərarası dialoq üçün mühüm tədbirlər həyata keçirilir”.

Azərbaycan və tatar xalqlarının tarixi və mədəni əlaqələri haqqında bəhs edən Ravil Qaynutdin Moskvada yerləşən Bakı milyonçusu və mesenatı Şəmsi Əsədullayevin evi haqqında danışıb, 1917-ci ilin mayında məhz bu evdə Ümumrusiya müsəlmanları qurultayının keçirildiyini vurğulayıb. Qonaq hazırda digər Azərbaycan milyonçusu və xeyriyyəçisi Musa Nağıyevin tikdirdiyi AMEA Rəyasət Heyətinin yerləşdiyi tarixi binada olduğuna görə məmnunluğunu dilə gətirərək Birinci Türkoloji Qurultayın keçirildiyi zalda çıxış etmək imkanına görə Akademiya rəhbərliyinə dərin minnətdarlığını bildirib. Həmçinin Ravil Qaynutdin akademik İsa Həbibbəylinin AMEA ilə REA, xüsusilə Tatarıstan Elmlər Akademiyası arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıb, AMEA rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxışının sonunda Rusiyanın ali müftisi Ali Baş Komandan İlham Əliyevi və bütün Azərbaycan xalqını qarşıda gələn Zəfər Günü münasibətilə təbrik edib, xalqımıza sülh və əmin-amanlıq, firavanlıq və yeni-yeni qələbələr arzulayıb.

Daha sonra çıxış edən Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Dəmir Muhətdinov iki qardaş xalqın oxşar cəhətlərindən, tarixi və mənəvi bağlılığından bəhs edib. Mirzə Cəfər Topçubaşov və Mirzə Kazım bəyin Rusiya şərqşünaslığının əsasının qoyulması və inkişafında misilsiz xidmətlərindən danışan qonaq XX əsrin əvvəllərində Rusiya İmperiyasının Dövlət Dumasının Müsəlman fraksiyasının məhz Azərbaycanlı ziyalı Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə formalaşdığını vurğulayıb.

Sonda çıxış edən akademik İsa Həbibbəyli bugünkü görüşün AMEA ilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi arasında elm sahəsində əməkdaşlıq əlaqələrinin yaranmasına təkan verəcəyini bildirib.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, dünya dini liderlərinin qlobal Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda 5-6 noyabr tarixlərində keçirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023