Oct 23, 2024 | 17:10 Görüşlər
Tarix və Etnologiya İnstitutunda AMEA-nın vitse-pezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, müasir dövrdə İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanın “Silikon vadisi” hesab olunur, uğurları ilə diqqətəlayiq yer tutur. Bu yaxınlarda Stenford Universiteti süni intellekt sahəsində dünya reytinqini açıqlayıb, İnformasiya Texnologiyaları İnstitutu həmin reytinq cədvəli üzrə böyük irəliləyiş əldə edib.
Professor Kərim Şükürov “25 oktyabr- İnstitut günü” çərçivəsində keçirilən tədbirin əlamətdar dövrə təsadüf etdiyini, 89 il əvvəl yaradılmış Tarix İnstitutunun əvvəlki onilliklərin müsbət irsini davam etdirdiyini, müasir sosial və elmi çağırışlara cavab verdiyini vurğulayıb. Hazırda institutda “Azərbaycan tarixi” bircildliyi üzərində iş görüldüyünü xatırladan professor Kərim Şükürov Tarix və Etnologiya İnstitutunun İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığı davam etdirməyə, müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu açıqlayıb.
“Azərbaycanda informasiya mədəniyyətinin təşəkkülü və təkamülü tarixinin araşdırılması zərurəti” mövzusunda çıxış edən AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev xatırladıb ki, 2023-cü il oktyabr ayının 23-də İnformasiya Texnologiyaları İnstitutu ilə Tarix və Etnologiya İnstitutu Heydər Əliyevin 100 illiyi ilə bağlı konfrans keçirib, Ümummilli liderin birinci və ikinci hakimiyyətləri dövründə ölkədə informasiya texnologiyalarının inkişafı müzakirə edilib, çıxışlar söylənilib. Akademik vurğulayıb ki, qlobal, regional və ölkədə gedən proseslər informasiya texnologiyaları sahəsinə yeni baxışın yaranması zərurətini ortaya çıxarıb.
XXI əsrdə qlobal informasiya cəmiyyətinin strateji potensialının artdığına diqqəti çəkən AMEA-nın vitse-prezidenti “Tarix və informasiya” başlığı altında informasiya mədəniyyətinin formalaşması prosesinin əsas hədəfləri, informasiya inqilabları, informasiya inqilablarının motivasiyaları, informasiya mədəniyyətinin təkamülü, informasiya iqtisadiyyatı, informasiya müxtəlif elm sahələrinin tədqiqat obyekti kimi, informasiyanın emalı üsulları, alətləri və texnologiyalarının təkamülü, informasiyanın mühafizəsi, informasiyanın paylanması, yayılması kimi məsələləri geniş izah edib.
Azərbaycanda informasiya mədəniyyətinin təşəkkülü və təkamülü tarixinin araşdırılması elmi probleminə diqqəti çəkən akademik Rasim Əliquliyev tarix və informasiya çərçivəsində tədqiqat mövzuları, beynəlxalq təcrübə, tədris və araşdırmalar haqqında danışıb. “Artıq yeni sosio-mədəni cəmiyyətə inteqrasiya olunmuşuq, internet yeni virtual cəmiyyət formalaşdırıb”- deyən akademik Rasim Əliquliyev bildirib ki, müasir bəşəri çağırışlara cavab vermək üçün rəqəmsal transformasiya vacibdir.
Rəqəmsal tarix və tarixi informatika çərçivəsində miltidissiplinarlığa geniş yer ayıran akademik Rasim Əliquliyev tarixi araşdırmalarda informasiya texnologiyalarının tətbiqi problemlərinə toxunub, ali məktəblərdə “rəqəmsal tarix” və “tarixi informatika” fənnlərinin tədris olunmasını, dərsliklərin hazırlanmasını və xarici ədəbiyyatların tərcümə olunmasını, eləcə də tarixi informatika sahəsində multidissiplinar tədqiqatlar aparılmasını vacib sayıb. AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev çıxışını “İnformasiya mədəniyyəti millətin inkişaf səviyyəsini xarakterizə edən ən mühüm, ən informativ inteqral göstəricidir” fikirləri ilə bitirib.
Dəyirmi masa institut əməkdaşlarının sualları, müzakirələrlə davam edib.