AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutununda “İraq-türkman ədəbiyyatı və mətbuatının inkişafı” mövzusunda elmi sessiya keçirilib
Oct 23, 2024 | 16:51 Konfranslar, iclaslar

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutununda “İraq-türkman ədəbiyyatı və mətbuatının inkişafı” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan-türkman elmi və ədəbi əlaqələrindən danışaraq, bu əlaqələrin qurulmasında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının və azərbaycanlı professor Qəzənfər Paşayevin mühüm rolundan danışıb. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda bu sahədə aparılan tədqiqatlardan bəhs edib, türkman alim və ədiblərlə keçirilən görüşləri xatırladıb.

İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova seminarda "Müasir İraq-türkman ədəbiyyatı və onun əsas inkişaf istiqamətləri" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Orta Asiya və Azərbaycandan gələrək İraqda məskunlaşan türkmanlar dilləri ilə birlikdə ədəbiyyatlarını və mədəniyyətlərini də özləri ilə birlikdə gətiriblər. Bildirilib ki, müasir İraq-türkman ədəbiyyatı öz inkişaf mərhələsində bir çox şair və yazıçıların yaradıcılığı ilə zənginləşib. Əsas yeri nəzm tutur, nəsr isə xeyli geridə qalır. Məruzəçi müasir dövr İraq-türkman ədəbiyyatını təmsil edənlər arasında klassik poeziya ənənələrinə bağlı şairlərin olduğu kimi, yeni ədəbi cərəyanları, xüsusilə də sərbəst şeir janrını təmsil edən şairlərin mövcudluğunu, bu ədəbiyyat qolunun inkişafında mətbuatın rolunun danılmazlığını qeyd edib.

Ərəb filologiyası şöbəsinin elmi işçisi Şahanə Şahbazova “İraq mətbuat tarixinə ümumi nəzər” mövzusunda məruzə edib. İraq türkman mətbuatının təsis tarixinin Osmanlı dövləti ilə bağlı olduğunu deyən Ş.Şahbazova Osmanlı valisi Midhət paşanın Bağdadda valiliyi dövründə 1869-cu ildə yaradılmış “əz-Zaura” qəzeti ilə İraq mətbuatının əsasının qoyulduğunu, daha sonra ingilis və ABŞ işğalına məruz qalmış İraqda hakim idarəçiliyin mətbuatın inkişaf tarixində güclü təsirə malik olduğunu qeyd edib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırırlıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023