AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Oct 23, 2024 | 10:28 Görüşlər

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin (REA SB) Arxeologiya və Etnoqrafiya İnstitutunun (Novosibirsk ş.) aparıcı elmi işçisi tarix elmləri doktoru, professor Anoykin Anton Aleksandroviç, Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (Moskva ş.) elmi işçisi, geologiya elmləri namizədi Kurbanov Rejep Nurmuradoviç, REA Dağıstan Elm Mərkəzi, Geologiya İnstitutunun (Mahaçqala ş.) aparıcı elmi işçisi İdrisov İdris Abdulbutayeviç, REA Maddi mədəniyyət Tarixi İnstitutunun (Sankt Peterburq ş.) kiçik elmi işçisi İvanov Yaroslav Dmitriyeviç və REA Coğrafiya İnstitutunun əməkdaşı Vasilyeva Anjela Nikolayevna AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda qonaq olublar.

Qonaqlar institutun Elmi fondunda saxlanılan paleolit dövrünə aid tapıntılarla tanış olublar.

Qonaqları salamlayan Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev son illərdə institutun beynəlxalq əlaqələrinin genişlənməsi, ölkə ərazisində aparılan beynəlxalq ekspedisiyalar barədə məlumat verib və birgə tədqiqatların səmərəliliyini vurğulayıb. O bildirib ki, 2024-cü ilin yay qazıntı mövsümündə Azərbaycanda Almaniya, Koreya da daxil olmaqla bir neçə müştərək beynəlxalq ekspedisiya fəaliyyət göstərib və azərbaycanlı arxeoloqlarla birgə tədqiqat aparıb.

Görüşdə iştirak edən institutun Daş dövrü arxeologiyası üzrə aparıcı mütəxəssislərindən biri olan t.ü.f.d. Azad Zeynalov Azərbaycan-Rusiya birgə geoarxeoloji ekspedisiyasının iki həftə ərzində gördüyü işlər haqqında məlumat verib. O qeyd edib ki, tədqiqatlar Naxçıvan MR və Qazax rayonları ərazisində aparılıb və ilkin nəticə olaraq Naxçıvan MR Culfa rayonun ərazisində ilk dəfə olaraq Əlincəçay açıq tipli paleolit düşərgəsi qeydə alınıb. Qeyd etmək lazımdır ki, bu günə qədər ərazidə yeganə paleolit düşərgəsi 1983-cü ildə tanınmış arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf olunan Qazma mağarası hesab olunurdu. Eyni zamanda, birgə ekspedisiyanın digər mühüm nəticəsinin - Qazax rayonu ərazisində yeni açıq tipli Yataq Yeri-3 paleolit düşərgəsinin qeydə alınması olduğunu da vurğulayıb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığı genişləndirmək, Azərbaycan ərazisində paleolit dövrü abidələrini birgə tədqiq etmək məqsədi ilə REA SB Arxeologiya və Etnoqrafiya və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutları arasında əməkdaşlıq haqqında memorandumun hazırlanması və imzalanması qərara alınıb. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023