AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qərbi Azərbaycan tarixşünaslığına yeni töhfə
Oct 22, 2024 | 18:54 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ənənəsinə sadiq qalaraq kitab çapına böyük önəm verir, Azərbaycanın elmi dövriyyəsini, elmi-ictimai fikrini daim tədqiqat əsərləri, monoqrafiyalarla zənginləşdirir.

Bu günlərdə Tarix və Etnologiya İnstitutunun növbəti nəşri işıq üzü görüb. İnstitutun Qərbi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Qarayevin “Qərbi Azərbaycan XIX yüzilliyin ikinci yarısı - XX yüzilliyin əvvəllərində (İrəvan quberniyasının materialları əsasında)” monoqrafiyası çap edilib. Monoqrafiya Tarix və Etnologiya İnstitutunun Elmi şurasının qərarı ilə çapa məsləhət görülüb.

Əsərdə ilkin mənbələr və arxiv materialları əsasında İrəvan quberniyasının siyasi, sosial iqtisadi və mədəni həyatı tədqiq edilir. Burada İrəvan quberniyasının yaranması, ərazisi, inzibati-ərazi bölgüsü, idarəçilik sistemi, təsərrüfat məişəti, torpaq sahibliyi və torpaqdan istifadə, vergilər və digər mükəlləfiyyətlər, əhalinin etnik say tərkibi, sosial-silki tərkibi, şifahi xalq ədəbiyyatı, təhsil, mətbuat, teatr, bölgənin mədəni həyatının müxtəlif sahələri, eləcə də 1870-ci il, 1912-ci il islahatlarının quberniyanın həyatına təsiri və s. məsələlər araşdırılır.

Monoqrafiyanın yazılmasında məqsəd Qərbi Azərbaycan torpaqlarının bir parçası olan İrəvan quberniyasının tarixini ətraflı tədqiq etmək, bu bölgənin Azərbaycanın qədim və ayrılmaz tərkib hissəsi olmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023