AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin iclası keçirilib
Oct 22, 2024 | 10:19 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü, Milli Məclisin Sədr müavini Musa Qasımlıya AMEA-nın Fəxri fərmanı təqdim olunub.

İclasda müzakirə olunan birinci məsələ “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ötən ilin noyabr ayında görkəmli elm xadimləri və ziyalıların iştirakı ilə AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Nobel mükafatı almaq üçün keçilmiş yolun dərslərini, təcrübəsini, bu sahədə baş vermiş ziddiyyətləri, təsadüfləri Azərbaycan elmi ictimaiyyətinə çatdırmaqla ölkəmizdə Nobel mükafatına iddiaçılarda özünəinam hissləri aşılamaqdan ibarət olub. Həmçinin Azərbaycan elmini, o cümlədən AMEA-da aparılan elmi-tədqiqat işlərini prioritet elmi istiqamətlərə və problemlərə doğru yönləndirmək də əsas məqsədlərdən birini təşkil edib.

Akademik İsa Həbibbəyli, eyni zamanda bu istiqamətdə görülmüş işlərin davamı olaraq AMEA-da Nobel mükafatı laureatları Əziz Səncər və Məhəmməd Yunusla görüşlərin keçirildiyini söyləyib. AMEA rəhbəri cari ilin Nobel mükafatı laureatlarının elmi istiqamətlərini araşdırmaq və alimlərimizin tədqiqat istiqamətlərini bu sahələrə yönləndirmək üçün Rəyasət Heyətinin iclasında növbəti məruzənin dinləniləcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib.

Akademik qeyd edib ki, oktyabrın 7-sində fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. Karolinska İnstitutundakı Nobel Assambleyasının qərarı ilə 2024-cü il üçün fiziologiya və tibb üzrə Nobel mükafatına “mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə” amerikalı alimlər - Massaçusets Tibb Məktəbi Universitetinin professoru Viktor Ambros və Massaçusets Baş Hospitalının, Harvard Tibb Məktəbinin tədqiqatçısı Qari Ruvkun layiq görülüblər. Con Hopfild və Ceffri Hinton isə süni neyron şəbəkələrindən istifadə etməklə fundamental kəşf və ixtiralarına görə fizika üzrə Nobel mükafatı ilə təltif olunublar.

Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2024-cü ildə kimya üzrə Nobel mükafatçıları zülalların öyrənilməsinə görə üç alim - Devid Bayker, Demis Hassabis və Con Camper olub. Alimlər “zülal strukturlarının kompüter modelləşdirilməsi” və “zülal strukturlarının proqnozlaşdırılması” üzrə işlərinə görə mükafatlandırılıblar. David Beyker bu mükafata hesablamalı zülal dizaynına görə, Demis Hassabis və Con Camper isə zülal strukturunun proqnozlaşdırılmasına görə layiq görülüblər. Akademik diqqətə çatdırıb ki, ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Kanqa verilib. Han Kanq bu mükafata tarixi sarsıntılarla qarşılaşan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrinə görə layiq görülüb.

2024-cü il Nobel Sülh Mükafatı isə Yaponiyanın nüvə silahlarından azad bir dünya yaratmaq üçün çalışan Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların kütləvi hərəkatı “Nihon Hidankyo” təşkilatına verilib. İqtisadiyyat üzrə Nobel mükafatına isə qurumların formalaşması və rifah üzərindəki təsirləri ilə bağlı araşdırmalarına görə professor Daron Acemoğlu, professor Simon Johnson və professor Ceyms Robinson layiq görülüb.

Akademik Dilqəm Tağıyev məruzəsində Nobel mükafatına layiq görülmüş alimlərin hər birinin tədqiqatları barədə geniş məlumat verib. Natiq məruzəsinin sonunda Nobel mükafatına layiq görülən işlərin əhəmiyyətini nəzərə alaraq, mövcud tədqiqat planlarında və gələcək plan işlərində müvafiq elmi istiqamətlərin prioritetliyinin nəzərə alınmasının, müvafiq elmi istiqamətlər üzrə seminarların, dəyirmi masaların keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonra akademiklər Arif Həşimov, Rasim Əliquliyev və İradə Hüseynova rəhbərlik etdikləri elmi-tədqiqat institutlarında Nobel mükafatına layiq görülmüş elmi istiqamətlərə dair aparılan tədqiqatlar barədə məlumat veriblər.

Akademik İsa Həbibbəyli Nobel mükafatına gedən yolda mifləri qırmaq üçün bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətinə toxunub.

AMEA-nın Rəyasət Heyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, məruzənin AMEA-nın “Elm” qəzetində və “Elm və həyat” jurnalında dərc edilməsi qərara alınıb.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından Akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib. Həyata keçirilən ardıcıl və kompleks tədbirlər nəticəsində Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dünya elminin çağırışları və dövlət siyasətinin strateji hədəfləri ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilib, beynəlxalq elmi əlaqələr genişləndirilib.

Diqqətə çatdırıb ki, müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji prioritetlərinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğun olaraq “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması zərurəti yaranıb.

“Hazırlanacaq sənədin başlıca hədəfi qlobal tendensiyalar nəzərə alınmaqla, ilk növbədə Azəbaycanın strateji inkişaf kursu çərçivəsində onun tərəqqisinə ciddi elmi töhfələr verməkdən ibarətdir. Bu zaman cəmiyyətin intellektual imkanlarının artırılması ilə sosial faydalılığın vəhdətinin təmin edilməsi prinsipial vəzifələrdən biri kimi nəzərdə tutulmalıdır. O cümlədən, burada  ictimai-humanitar elmlər -  fəlsəfə, tarix, filologiya, kulturologiya, folklor, sənətşünaslıq, siyasi elmlər və digər elm sahələri arasında əlaqələr yeni səviyyəyə yüksəldilməlidir. Burada başlıca prinsip azərbaycançılıq və müstəqil dövlətçilik olmaqla ölkənin dayanıqlı inkişafında elmin iştirakının artırılmasından ibarət olmalıdır”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Müzakirədə çıxış edən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev məsələ ilə bağlı rəy və təkliflərini diqqətə çatdırıb.

İclasda “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması məqsədilə müvafiq Komissiya və İşçi qrupu yaradılıb.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın institutlarında 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında olub. Akademik İsa Həbibbəyli hesabatların əvvəlcə şöbələrdə, sonra isə ardıcıllıqla müəssisələrin Elmi şuralarında, AMEA-nın elmi bölmələrində və Rəyasət Heyətinin iclasında dinləniləcəyini bildirib və hesabatların yüksək səviyyədə hazırlanması, eləcə də monoqrafik nəşrlərin və impakt faktorlu jurnallarda işıq üzü görmüş məqalələrin sərgisinin təşkili ilə bağlı tapşırıqlarını verib.

AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri qeyd olunan məsələ ilə bağlı qərarı oxuyub. O, hesabat iclaslarına oktyabrın 27-də başlanacağını, dekabr ayının sonlarına kimi Elmi şuralarda və AMEA-nın elmi bölmələrində müzakirə ediləcəyini, yanvar ayında isə Rəyasət Heyətinin müzakirəsinə çıxarılacağını söyləyib. Sərxan Xavəri daha sonra hesabatların ümumiləşdirilərək fevral ayında keçiriləcək AMEA-nın Ümumi Yığıncağında elmi ictimaiyyətin müzakirəsinə çıxarılacağını diqqətə çatdırıb.

Sərxan Xavəri hesabatların hansı istiqamətləri əhatə edəcəyi ilə bağlı məlumatları slayd şəklində təqdim edib.

Rəyasət Heyəti qeyd olunan məsələ ilə bağlı müvafiq qərar verib.

İclasda daha sonra AMEA-TÜBİTAK birgə elmi layihə müsabiqələrinin keçirilməsi haqqında müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA və TÜBİTAK arasında 28 fevral 2024-cü il tarixində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol”un 5-ci paraqrafına əsasən AMEA-nın elmi müəssisələri və Türkiyənin elm və təhsil qurumları arasında 6 avqust – 5 noyabr 2024-cü il tarixləri üçün birgə layihə müsabiqəsi elan olunub. Müsabiqə urbanizasiya, şəhər və regional planlaşdırma (dayanıqlı şəhərlər), mədəniyyətlərarası qarşılıqlı əlaqə, dil birliyi üzrə tədqiqatlar, iqtisadiyyat (dairəvi iqtisadiyyat və inkişaf məsələləri daxil olmaqla), seysmologiya, rəqəmsal transformasiya (humanitar və sosial elmlərdə) mövzularını əhatə edir.

AMEA prezidenti vurğulayıb ki, Akademiyanın elmi müəssisələri tərəfindən Türkiyənin müvafiq qurumları ilə birgə layihə təkliflərinin hazırlanması və müştərək tədqiqatların aparılması zamanın əsas çağırışlarındandır. AMEA rəhbəri layihədə alimlərimizin aktiv şəkildə iştirak etməsi ilə bağlı tapşırıqlarını verib.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2024-cü il üçün AMEA-da fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri haqqında statistik məlumatları təqdim edib. Qeyd edib ki, AR Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” təsdiq edilib. Bildirib ki, AMEA Rəyasət Heyətinin 3 aprel 2024-cü il tarixli qərarına və AMEA prezidentinin 2024-cü il 2 iyul tarixli və 25 sentyabr tarixli sərəncamlarına uyğun olaraq AMEA-nın doktorantura və dissertanturasına qəbul həyata keçirilib. AMEA-nın yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan elmi müəssisə və təşkilatlarında plan yerlərinə uyğun olaraq fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul edilməsi nəzərdə tutulan, həmçinin lazımi göstəriciləri qənaətbəxş qiymətləndirilərək əlavə qəbul edilməsi məqsədəuyğun hesab edilən iddiaçılar, onların dissertasiya mövzuları və elmi rəhbərləri (elmi məsləhətçiləri) institut Elmi şuralarında müəyyənləşdirilərək müvafiq qərarlar qəbul edilib və AMEA-nın elmi bölmələri qarşısında vəsatət qaldırılıb. AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Gəncə Bölməsində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, həmçinin əlavə qəbul haqqında vəsatətlər bölmənin elmi şuralarında müzakirə edilərək müvafiq qərarlar qəbul olunub və AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması məqsədilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə təqdim edilib.

Şöbə müdiri 2024-cü il üçün AMEA-da fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələrini diqqətə çatdırıb.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Ankara şəhərində keçirilmiş “Füzuli və Türk Dünyası” mövzusunda beynəlxalq simpoziumda iştirakı haqqında məlumatı təqdim edib. 8-11 oktyabr tarixlərində AMEA-nın, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun və Türkiyə Respublikası Qazi Universitetinin, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Füzuli və Türk Dünyası” mövzusunda beynəlxalq simpoziumun keçirildiyini, əhəmiyyətli məruzələrin dinlənildiyini bildirib.

İclasda, həmçinin “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması haqqında müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Türk xalqları ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan Çingiz Aytmatov ümumtürk dünyasının parlaq simalarından biridir. Vurğulayıb ki, Çingiz Aytmatovun şəxsiyyətinə, onun zəngin bədii irsinə Azərbaycanda hər zaman böyük maraq olub, Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə “Dostluq” ordeninin ilkini Çingiz Aytmatova təqdim edib, Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə 24 aprel 2024-cü ildə Bakı şəhərində Çingiz Aytmatovun heykəlinin açılışı olub.

İclasda qırğız xalqının böyük oğlunun Azərbaycan-qırğız ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi layiqli töhfələri nəzərə alaraq və “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasını təmin etmək məqsədilə Redaksiya Heyətinin yaradılması qərara alınıb.

Həmçinin iclasda AMEA-nın Folklor İnstitutunun strukturunun təkmilləşdirilməsi,  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının strukturunun təsdiq edilməsi, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının iclasında iştirakının yekunları, AMEA-nın akademik-katibi akademik Arif Həşimovun isə Rusiya Federasiyasına səfərinin nəticələri haqqında qərarlar verilib.

Bundan əlavə, 2025-ci il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında akademik Arif  Həşimov məlumatı təqdim edib.

İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin strukturunda daxili imkanlar hesabına Herontoloji tədqiqatlar şöbəsinin yaradılması haqqında məsələ də müzakirə edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, Cənub bölgəsində uzun illər ərzində aparılan herontoloji tədqiqatlar nəticəsində məlum olub ki, respublikanın digər rayonları ilə müqayisədə bu bölgədə uzunömürlülük indeksi daha yüksəkdir. Vurğulayıb ki, bununla bağlı cənub regionunda uzunömürlülük fenomeninin öyrənilməsi həm sosial-bioloji, həm də ekoloji amillərin insan orqanizminə təsirinin daha aydın göstəricisi kimi böyük əhəmiyyətə malikdir.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Lənkəran REM-in strukturunda mərkəzin daxili imkanları hesabına Herontoloji tədqiqatlar şöbəsi yaradılıb.

Daha sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar hesabına Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradılması haqqında müzakirələr aparılıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, tarix boyu müxtəlif türk mənşəli xalqlar və etnik qruplar Azərbaycandan keçməklə fərqli ərazilərdə yayılmış, öz mədəniyyətlərini qurmuş və inkişaf etdirmişlər. Tarixi prosesin sonrakı dövrlərində də Azərbaycan ilə qonşu türk xalqları arasında mədəni əlaqələr davam etmiş, nəticədə bədii üslub oxşarlığı meydana çıxmışdır. Bunu memarlıqda, təsviri və dekorativ-tətbiqi sənətdə, musiqi mədəniyyətində aydın görmək mümkündür. Yeni dövrdə Azərbaycan incəsənəti qonşu türk xalqlarının mədəniyyətinə xeyli təsir göstərmiş, onların inkişafına öz töhfəsini vermişdir.

AMEA rəhbəri diqqətə çatdırıb ki, çoxəsrlik qarşılıqlı əlaqələr, bədii üslub oxşarlığı, həmçinin müasir dövr elmi və mədəni münasibətləri geniş miqyaslı sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub.

Qeyd olunub ki, onların sistemli şəkildə araşdırılması, təhlili, eyni zamanda təsnifatının aparılması, sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradılması zərurətini aktuallaşdırıb.

Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar və mövcud ştat cədvəli (vahidi) əsasında Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.

Daha sonra bir sıra kadr məsələlərinə baxılıb. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşovaya həvalə olunub.

Həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının 7 oktyabr 2024-cü il tarixli iclasında keçirilmiş seçkiyə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqlənib.

İclasda, həmçinin akademik Gövhər Baxşəliyevanın 70, akademik Vaqif Fərzəliyevin 85, AMEA-nın müxbir üzvü Elmira Ramazanovanın isə 90 illik yubileyi haqqında qərarlar qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023