AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda Müstəqilliyin Bərpası Günü ilə əlaqədar dəyirmi masa keçirilib
Oct 18, 2024 | 17:54 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli qərarının əhəmiyyətini vurğulayıb. O bildirib ki, 44 günlük zəfərdən və antiterror əməliyyatlarından sonra Azərbaycan xalqı bu günü ərazi bütövlüyünün tam bərpası şəraitində, daha qürur və fəxarət hissi ilə qeyd edir. Fərhad Quliyev bu gün cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin müstəqilliyimizin və suverenliyimizin qorunması, dövlətimizin güclənməsi istiqamətində olduğunu, bu yolda hər kəsin vətəndaş borcunu yerinə yetirməli olmasının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən İnstitutun Orta və son tunc dövrü arxeologiyası sektorunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərov müstəqilliyə aparan yol, Azərbaycan xalqının bu yolda yaşadığı ağır sınaqlar və müstəqilliyin əldə edilməsində vacib rolu olan şəxsiyyətlər barədə danışıb. O vurğulayıb ki, bu gün Azərbaycan arxeoloqu azad Qarabağda tədqiqatlar apara bilirsə, buna görə müstəqil Azərbaycan Dövlətinin yürütdüyü məqsədyönlü siyasətə borcludur.

İnstitutun Xəzər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Abbas Seyidov isə öz çıxışında bu günün xalqımızın tarixində ən vacib günlərdən biri olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifə olması ilə bağlı fikrini xatırlatmışdır.

Tədbirdə eyni zamanda, institutun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov da Müstəqilliyin Bərpası Gününün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023