AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Oct 10, 2024 | 14:15 Konfranslar, iclaslar

ktyabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA-nın Əsas binasının Akt zalında keçirilən konfransı giriş sözü ilə AMEA-nın akademik-katibi akademik Arif Həşimov açıb. Azərbaycan şərqşünaslıq elminin inkişafında professor Aida İmanquliyevanın böyük rolu olduğunu qeyd edən akademik Arif Həşimov alimin şərqşünaslıq elmində ərəbşünas-ədəbiyyatşünaslar məktəbinin əsasını qoyduğunu vurğulayaraq, ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində elmə böyük töhfələr verdiyini bildirib. Professor Aida İmanquliyevanın yubileyinə həsr olunmuş konfransı yüksək dəyərləndirən akademik Arif Həşimov tədbirin işinə uğurlar arzulayıb.

Sonra məruzələrə başlanılıb. AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva konfransda “Görkəmli şərqşünas, unudulmaz şəxsiyyət” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın dərin nəzəri bilikləri, yüksək erudisiyası, geniş mütaliəsi, bir neçə şərq və qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərləri qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib.

A.İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk alim olduğunu deyən akademik alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezinin, yaradıcı üslubun inkişafının və yeni bədii üslubun təşəkkül tapmasının tədqiq olunduğunu, onun hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürərək mədəni tərəqqini şərtləndirən amillərə istinad etdiyini qeyd edib. 

Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırdığını deyən akademik G.Baxşəliyeva alimin onların yaradıcılıq metodunu, dünya görüşünü, nəsr və poeziya dillərinin təkamülünü, lirizmi, müxtəlif qəhrəman obrazlarının xüsusiyyətlərini tədqiq etdiyini, dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini tam aşkar etdiyini, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə prosesi və onun nəticələrini müəyyənləşdirdiyini vurğulayıb.

Aida xanımın çox zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir insan olduğunu deyən akademik onun hər bir əsərinin uzun illərin gərgin, gecəli-gündüzlü böyük zəhmətinin bəhrəsi olduğunu diqqətə çəkib.

A.İmanquliyevanın elmi-təşkilati, pedaqoji fəaliyyətindən, tərcümələrindən, nüfuzlu beynəlxalq elmi tədbirlərdə Azərbaycan şərqşünaslıq elmini layiqincə təmsil etməsindən danışan akademik G.Baxşəliyeva Aida xanımın həssas, xeyirxah insan olduğunu, şəxsi keyfiyyətləri və dərin elmi biliklərinin ona həmkarları arasında böyük hörmət və sevgi qazandırdığını qeyd edib.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan “Əzəliyyətdən əbədiyyətə axan nur” – Aida İmanquliyeva ziyası”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva “Görkəmli şərqşünas-alim Aida İmanquliyeva”, Şərqşünaslıq İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Aida İmanquliyeva və klassik Azərbaycan ədəbiyyatı” və Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Fərda Əsədov “Aida İmanquliyevanın pedaqoji təcrübəsindən: Suriya-Amerika məhcər ədəbiyyatının həyat fəlsəfəsi dəyərlərinin aşılanması” mövzularında məruzələr ediblər.

Daha sonra çıxışlar olub, görkəmli alim Aida İmanquliyeva haqqında xatirələr səsləndirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023