Oct 08, 2024 | 14:02 Mühüm hadisələr
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edir.
Sərgidə Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi stenddə Şərqşünaslıq İnstitutunun son illərdə dərc edilmiş 40-a yaxın kitab, məqalə toplusu və jurnalı nümayiş olunur.
Qarabağ, Vətən müharibəsi, Axərbaycanın ərazi bütöblüyü, ermənilərin Azərbaycanda törətdiyi vəhşiliklərlə bağlı “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” (Azərbaycan, rus, ingilis, türk, ərəb, fars, çin dillərində), “Bir daha Vahid və Bütöv Azərbaycan ərazisi haqqında”, “44 günlük Vətən müharibəsi İran mediasında”, “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında), “İnsalıq əleyhinə cinayətlər (XX əsr)”, “Osmanlı sənədlərində Qarabağ”, “Qarabağ tarixin gedişində” kimi kitablar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hazırlanmış dəyərli əsərlərdir.
Bundan başqa institutun sərgilənən nəşrləri sırasında akademik Gövhər Baxşəliyevanın “Unudulmaz Lider”, “Nizami Gəncəvinin etnik mənsubiyyəti” (ingilis və fars dillərində), Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Səməd Bayramzadənin “AZƏRBAYCAN” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)”, Mehdi Kazımovun “Ədəbi irsin görünməyən tərəfləri”, Namiq Məmmədovun “Müasir Türkiyənin neft problemi” kimi kitablarını da xüsusi qeyd etmək olar.
Sərgi zamanı "Füzuli" təqdimat zonasında Azərbaycan Milli Elmlər Akademiyasının “AMEA-nın Məhəmməd Füzuli nəşrləri” adlı təqdimatda çıxış edənlər sırasında Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü "Milli kimliyimiz - Məhəmməd Füzuli" mövzusunda məruzəsini tədbir iştirakşılarının diqqətinə çatdırıb.