Oct 07, 2024 | 10:08 Mühüm hadisələr
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Respublika Dövlət müəssisəsi olan A.X.Marqulan adına Arxeologiya İnstitutu (Margulan Institute of Archaeology) arasında arxeologiya sahəsi üzrə birgə tədqiqat və təhsil əməkdaşlığı haqqında anlaşma Memorandumu imzalanıb.
Azərbaycan tərəfindən sənədi Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, Qazaxıstan tərəfindən isə A.X.Marqulan adına Arxeologiya İnstitutunun baş direktoru, tarix elmləri namizədi Akan Onqarulı imzalayıblar.
Memorandumun bəndlərində əksini tapmış müddəalarda hər iki ölkənin arxeoloji tədqiqat institutlarının birgə arxeoloji ekspedisiyalarının yaradılması, artefakt və biofaktların müxtəlif istiqamətli analizlərinin aparılması, gənc mütəxəssislərin yetişdirilməsi üçün təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur. Tərəflər, həmçinin Cənubi Qafqazın, Mərkəzi və Orta Asiyanın arxeoloji problemlərini və aparılan tədqiqatlarını işıqlandıran elmi dərginin birgə nəşri barədə yekdil fikir nümayiş etdiriblər.