Oct 03, 2024 | 10:16 Yeni nəşrlər
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professsor Hacıfəxrəddin Səfərlinin Azərbaycan tarix elminin tanınmış simalarından biridir. Bu günlərdə 75 yaşı tamam olan Hacıfəxrəddin Səfərli ilə mənim tanışlığımın tarixi 50 ilə yaxındır. Keçən yüzilliyin 80-ci illərində mən arxeoloji, o isə epiqrafik material toplamaq üçün muxtar respublikanın müxtəlif yaşayış məskənlərinə səfər edərkən onunla avtovağzalda tez-tez görüşür, bəzən eyni avtobusla bir yerdə gedirdik. Beləliklə, aramızda xoş münasibətlər yaranırdı. O, Naxçıvan Elm Mərkəzində çalışırdı. Mən Naxçıvan Dövlət Tarix Muzeyində işləməyə başladıqdan sonra münasibətlərimiz daha da yaxşılaşdı. 1985-ci ildən isə biz Naxçıvan Elm Mərkəzində bir yerdə, hətta bir otaqda işləməyə başladıq. Onunla 40 ilə yaxın bir müddət ərzində bir yerdə işlədiyimiz üçün mən Hacıfəxrəddin Səfərlini yaxından tanımış, elmi fəaliyyətini ardıcıl olaraq izləmişəm.
Tariximizin gizli səhifələrini öyrənmək üçün dəyərli və etibarlı mənbələrdən biri də epiqrafik abidələrdir. Abidələrimizin tədqiqi zamanı əsas işlərdən biri də onların kimə mənsub olduğunu, dövrünü, tarixini müəyyən etməkdir. Tarixi abidələrin dövrləşdirilməsində karbon analizlər, numizmatik materiallar nə qədər əhəmiyyətlidirsə, epiqrafik abidələr də bir o qədər əhəmiyyətlidir. Bu abidələri öyrənmək isə çox çətindir. Həmin abidələri tədqiq etmək üçün, necə deyərlər, onların "dilini" bilmək, "danışdırmaq" lazımdır. Sözsüz ki, onları hər tədqiqatçı danışdıra bilməz. Onların dilini yalnız müəyyən təcrübəsi olan tədqiqatçılar bilir.
Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə keçmiş Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olub. İlk təhsilini Cəhri kənd orta məktəbində alan Hacıfəxrəddin Səfərli 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun yenicə yaradılmış Naxçıvan Filialının tərkibindəki Tarix fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra Cəhri kəndində tarix müəllimi işləyib. Azərbaycan tarixinə və tarixi abidələrimizə maraq onu Azərbaycan EA-nın A.A.Bakıxanov adına Tarix İnstitutuna aparıb çıxarıb. O İnstitutun Arxeologiya və Etnoqrafiya Sektorunda dissertant olur, sonralar AMEA-nın müxbir üzvü seçilmiş tarix elmləri doktoru Məşədixanım Nemətovanın məsləhətçiliyi ilə Naxçıvan Muxtar Respublikasının epiqrafik abidələrinin tədqiqi ilə məşğul olmağa başlayıb.
Hacıfəxrəddin Səfərli bizim elə alimlərimizdəndir ki, o, Naxçıvanın ərazisini qarış-qarış gəzərək memarlıq və qəbir abidələri üzərindəki kitabələri qeydə alıb, onların üzünü (estampını) çıxarıb, fotoşəkillərini götürüb və mətnlərini oxuyaraq tərcümə edib. Bu işlərin çoxunu öz şəxsi vəsaiti hesabına, heç bir ekspedisiya və dövlət vəsaiti gözləmədən həyata keçirib. Bəzən on kilometrlərlə yolu piyada getməli olub, yayın qızmar istisində, qışın soyuğunda yorulmadan işləyib. Hacıfəxrəddin Səfərli apardığı tədqiqat işləri nəticəsində 1987-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra o, öz fəaliyyətini daha da genişləndirib, onlarla monoqrafiya, 600-ə yaxın elmi və elmi-kütləvi əsər işləyib hazırlayıb. Onun yazdığı "Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər", "Naxçıvanda sufiliklə bağlı mərkəzlər", "Heydər Əliyev irsi-əbədiyaşar təlim", "Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər", "Naxçıvanın türk-islam mədəniyyəti abidələri", "Əshabi-Kəhf" ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi", "Ordubad bölgəsinin epiqrafik abidələri", "Əlincəçay mahalının epiqrafik abidələri", "Naxçıvan şəhərinin epiqrafik abidələri", "Qondarma erməni soyqırımı və tarixi həqiqətlər" və digər kitab və monoqrafiyaları yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycan tarixinin müxtəlif problemlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.
Alimin tədqiqatlarını respublikamızın görkəmli alimləri, o cümlədən, akademiklər Ziya Bünyadov, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Nailə Vəlixanlı, Azərbaycan MEA-nın müxbir üzvü Məşədixanım Nemət, professor Vaqif Piriyev, professor Mikayıl Heydərov və başqaları qiymətləndirib və bu tədqiqatlar haqqında yüksək fikirlər söyləyiblər.
Hacıfəxrəddin Səfərlinin apardığı araşdırmalar nəticəsində Orta əsr qaynaqlarında xatırlanmayan onlarla ictimai-siyasi xadim, görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar əldə edilib. Başdaşları üzərində ərəb əlifbası ilə yazılmış, xalq tərəfindən çoxdan unudulmuş, lakin Azərbaycanın, o cümlədən, Naxçıvanın Orta əsr tarixində aparıcı rol oynamış görkəmli dövlət xadimləri, alimlər, sufi şeyxləri, sənətkarlar haqqında alimin əsərlərində geniş məlumat verilib. Akademik Nailə Vəlixanlı onun araşdırmalarını dəyərləndirərək belə deyib: "Vaxtilə Naxçıvanda fəaliyyət göstərib dövrlərinin məhşurlarına çevrilsələr də, heç bir qaynaqda adları qalmayan ruhanilərin fəaliyyətlərinin işıqlandırılması, onların cəmiyyətdəki rolları və mövqelərinin aydınlaşdırılması tədqiqatın yeni və maraqlı məqamlarındandır. Müəllif ərazidəki ziyarətgahların fəaliyyətini öyrənməklə Naxçıvanın Azərbaycanın sosial-siyasi və ideoloji mərkəzlərindən biri olduğunu sübuta yetirmişdir".
Hacıfəxrəddin Səfərlinin araşdırmaları, kitabələrin oxunması tariximizin qaranlıq səhifələrinə işıq saldığı kimi, abidələrimizin də simasına nur çiləyib. Məlum olduğu kimi, hürufilik təriqətinin banisi, görkəmli ideoloq və tarixi şəxsiyyət olan Fəzlullah Nəimi bir müddət Naxçıvanda Astrabad adlı şəhərdə yaşamış və oz ideyalarını təbliğ etmişdi. Orta əsr qaynaqlarında onun Əlincəqala yaxınlığında qətlə yetirilməsi haqqında məlumat vardır. Bəzi tədqiqatçıların fikrinə və xalq arasında yayılan rəvayətlərə görə, Fəzlullah Nəimi Əlincəçay xanəgahında dəfn edilib. Bu məsələni aydınlaşdırmaq üçün Hacıfəxrəddin Səfərli Əlincəçay xanəgahındakı kitabələri və tarixi mənbələri yenidən araşdırıb. Əlincəçay xanəgahı kompleksindəki kitabələrin oxunması nəticəsində məlum olub ki, Xanəgah kompleksinə daxil olan binalardan biri hicri 901-ci ildə (1495-1496) Şeyx Hacı Lələ Məliyin xatirəsinə onun qəbri üzərində Həvva Bədr Bikə xatının səyi və təşəbbüsü ilə inşa edilib.
Qeyd etmək istərdik ki, məscid adı ilə tanınan bu binanın içərisində aparılan bərpa işləri zamanı binanın qərb divarları yaxınlığında skelet qalıqlarının aşkar olunması Şeyx Hacı Lələ Məliyin burada dəfn edilməsi ehtimalını təsdiq edir. Bərpa işləri zamanı digər bir maraqlı tapıntı da aşkar olunub. Şeyx Xorasan (Əlincəçay xanəgahı) kompleksinə daxil olan XII-XIII əsrlərə aid edilən türbənin içərisində müsəlman adəti ilə dəfn edilən dörd skelet qalığı aşkarlanıb. Onların ikisi türbənin içərisindəki mehrabların qarşısında, digər ikisi isə onlardan bir qədər aralıda aşkar olunub. Türbə memar Xacə Cəmaləddin tərəfindən dövrünün görkəmli şəxsiyyəti Uluğ Qutluğ Lələ bəyin əmri ilə tikilib. Türbərin üzərindəki kitabədə onun kimin şərəfinə tikildiyi saxlanmayıb. Lakin yerli əhali arasında yayılan məlumata görə, hürufilik təliminin banisi Fəzlullah Nəimi burada dəfn olunub. Ancaq türbənin tikilmə tarixi ilə Fəzlullah Nəiminin ölüm tarixi arasında xeyli fərq olduğundan bu fikir uzun müddət inandırıcı kimi görünməyib. Lakin türbənin içərisində bir neçə qəbirin aşkar olunması bu fikirlərin doğru olduğunu təsdiq etməkdədir. Bu xanəgahın ətrafındakı kitabələrin oxunması nəticəsində bir çox görkəmli şəxsiyyətin, o cümlədən, əmir, isfəhsalar, böyük alim Uluğ Qutluğ Lələ bəyin, Şeyx Hacı Lələ Məliyin, kamil şeyx Hacı Hilalullahın, Qazı Məcdəddinin, Əmir Ərəbşahın, Tacəddin Əlişahın, bir neçə qadının və sair adları aşkar olunaraq elmi dövriyyəyə daxil edilib.
Alimin araşdırmaları nəticəsində Naxçvan şəhərinin mərkəzində yerləşən və xalq arasında "Pirqəmiş məscidi" kimi tanınan abidənin də tarixinə aydınlıq gətirilib. Məlum olub ki, bu məscidin adına vaxtilə Pirqəmiş yox, Pir Xamuş deyilib. Pir Xamuş Orta əsr Naxçıvan şəhərinin tanınmış din xadimlərindən - sufi şeyxlərindən biri imiş. Alimin kitabələri və qaynaqları araşdıraraq Naxçıvanda fəaliyyət göstərən Bektaşilər haqqında əldə etdiyi məlumatlar xüsusilə maraqlıdır. Onlara məxsus olan Pir Yaqub xanəgahı, Zaviyə məscidi hazırda Naxçıvan şəhərində qalmaqdadır.
Hacıfəxrəddin Səfərlinin tədqiqatları onlarla memarlıq abidəsinin, yüzlərlə məzar daşının tarixini dəqiqləşdirməyə, bir sıra görkəmli şəxsiyyətlərin məzarlarının yerini müəyyənləşdirməyə imkan verib. Məlum olub ki, Naxçıvan ərazisi Orta əsrlər zamanı sufiliklə bağlı mərkəzlərin geniş yayıldığı ərazilərdən biridir. Burada "Hürufiyyə", "Nöqtəviyyə", "Qələndəriyyə", "Səfəviyyə", "Bektaşiyyə" və sair sufi təriqətlərinə məxsus xanəgahlar fəaliyyət göstərib. Alimin əsərlərində Pir Yaqub, Piri Süleyman, Şeyx Əbu Səid, Pir Eyvaz xanəgahları, İsfəndiyar zaviyəsi və digər sufiliklə bağlı mərkəzlər, dövrünün tanınmış təhsil ocaqları olan mədrəsələr haqqında geniş məlumat verilib. Akademik İ.Ə.Həbibbəyli Hacıfəxrəddin Səfərlinin doktorluq dissertasiyasının müdafiəsində deyib: "Bu müdafiə bir nəfərin elmlər doktoru olmasından çox, Naxçıvan Dövlət Universitetinin uğurudur və Azərbaycan tarixşünaslığında keyfiyyəti artıran bir müdafiə kimi də yadda qalacaqdır. Mən görkəmli tarixçilərin qarşısında bütün ciddiyyətimlə Hacıfəxrəddinin dissertasiyasını Azərbaycan tarixşünaslığının mühüm nailiyyətlərindən biri hesab edirəm. Fəxr edirəm ki, belə bir əsər bizim universitetimizdə yaranıb. Bu işi ilə Hacıfəxrəddin sübut etdi ki, regionda yaşamaqla Azərbaycan elminin ən yüksək tələbləri səviyyəsində doktorluq işi yazmaq mümkündür".
Hacıfəxrəddin Səfərli Azərbaycan, o cümlədən, Naxçıvan tarixi üçün müstəsna xidmətləri olan Mirbağır Mirheydərzadə haqqında da dəyərli tədqiqatlar aparıb. Vaxtı ilə Naxçıvanı qarış-qarış gəzərək onun tarixi abidələrini qeydə alan, arxeoloji qazıntılar aparan, qiymətli əlyazmaları və eksponatları Tarix Muzeyinə toplayan bu şəxsiyyəti mükafatlandırmaq əvəzinə təqib etmişlər. Naxçıvan tarixinin bu və ya digər məqamları haqqında daha maraqlı və ətraflı məlumatları Hacıfəxrəddin Səfərlinin kitab və məqalələrindən almaq mümkündür. Bir də ki, işdir, əgər daşların dilini öyrənmək istəsəniz, bilin ki, Naxçıvan Dövlət Universitetində müəllim işləyən Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərliyə müraciət etmək lazımdır.
Öz mənalı ömrünü Azərbaycan abidələrinin tədqiqinə həsr edən Hacıfəxrəddin Səfərlini 75 yaşının tamam olması münasibəti ilə təbrik edir, yubilyara uzun ömür, cansağlığı və gələcək tədqiqatlarında uğurlar arzulayırıq.
Vəli BAXŞƏLİYEV, AMEA-nın müxbir üzvü tarix elmləri doktoru, professor