Oct 03, 2024 | 10:05 Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Yaponiyanın Teikyo Universitetinin Mədəni İrs Tədqiqat İnstitutu (Tokio şəhəri) (Teikyo University National Research Institute for Cultural Properties) arasında arxeologiya və arxeometriya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və Teikyo Universitetinin Mədəni İrs Tədqiqat İnstitutunun direktoru, professor Kazuya Yamauchi imzalayıblar. Aparılan fikir mübadiləsi zamanı gələcəkdə memorandumun bəndlərinə əsaslanaraq, birgə arxeoloji tədqiqatların təşkili, arxeologiya ilə əlaqəli interdisiplinar (fənlərarası) sahələrdə, o cümlədən paleozoologiya, paleobotanika və digər istiqamətlər üzrə araşdırmaların aparılması barədə tərəflər yekdil mövqe nümayiş etdiriblər. Göstərilən sahələr üzrə mütəxəssislərin hazırlanması üçün azərbaycanlı gənc tədqiqatçıların Yaponiyada xüsusi təhsil kurslarına cəlb edilməsi mövzusuna da toxunulub.
Həmçinin, görüşdə iştirak edən yaponiyalı arxeoloq, professor Randy Sasaki Azərbaycanda sualtı arxeologiya sahəsinin inkişafı üçün Teikyo Universitetinin Mədəni İrs Tədqiqat İnstitutunun yardıma hazır olduğunu bildirib.