AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qazaxıstan arxeoloqları ilə əməkdaşlığın yeni mərhələsində
Sep 30, 2024 | 10:51 Mühüm hadisələr

Qazaxıstanın Almatı şəhərində görkəmli qazax alimi, arxeoloq Kimal Akişeviç Akişevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir mərhələdə Avrasiya arxeologiyasının üfüqləri və paradiqmaları” adlı birinci beynəlxalq arxeoloji simpozium keçirilib.

Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyi, A.X.Marqulan ad. Arxeologiya İnstitutu və K.A.Akişev ad. Elmi-Tədqiqat Arxeologiya İnstitutu tədbirin təşkilatçıları idilər. Simpoziumda 20 ölkədən (Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Monqolustan, Rusiya, Ukrayna, Moldova, Polşa, ABŞ, Kipr, Böyük Britaniya, Almaniya, Hindistan, Çin, Hollandiyadan və d.) alimlər iştirak ediblər. Simpoziumun əsas məqsədi Avrasiya arxeologiyasının aktual və fundamental problemləri və onların həlli üsullarının müzakirəsi olub.

A.X.Marqulan adına Arxeologiya İnstitutunun baş direktoru Akan Onqarulının dəvəti ilə Qazaxıstan respublikasına ezam olunmuş AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev beynəlxalq simpoziumun plenar iclasında “Cənubi Qafqazın erkən əkinçilik dövrünün yarım köçəri mədəniyyətləri” adlı məruzə ilə çıxış edib. Simpoziumun gedişi zamanı hər iki ölkələrin arxeologiya institutlarının rəhbərləri arasında ortaq mövzular əsasında müştərək tədqiqat işlərinin perspektivləri müzakirə edilib.

Qazaxıstan və Azərbaycan arxeoloqlarının birgə çalışması üçün institutlar arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.   

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023