Sep 27, 2024 | 14:07 Konfranslar, iclaslar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Gövhər Baxşəliyeva xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə Qızıl hərflərlə yazıldığını bildirib.
Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin bizim qürur mənbəyimiz olduğunu, sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyini söyləyən natiq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı bildirib ki, ölkəmiz bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları sayəsində və "Dəmir Yumruq" əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən İkinci Qarabağ müharibəsi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirməklə əldə etdi, Ermənistan mifini və ordusunu darmadağın etdi.
İnstitutun direktor müavini, Vətən müharibəsi iştirakçısı Pərviz Ağayev 44 günlük müharibəsində döyüş xatirələrindən danışıb.
İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev 44 günlük müharibənin Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olduğunu söyləyərək bu zəfərlə ölkəmizin dünya miqyasında qalib xalqlar sırasında yer aldığını qeyd edib.