Sep 26, 2024 | 10:45 Konfranslar, iclaslar
İmişli rayonunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” adlı elmi seminar keçirilib.
Seminarda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev İmişli rayonunun ərazisində yerləşən qədim arxeoloji abidələr - “Qızıltəpə”, “Muxortəpə”, “Qara təpə” və s. yerlər haqqında, bu abidələrin xalqımızın qədim tarixini əks etdirən mədəniyyət nümunələri olduğunu və Kür-Araz mədəniyyətinə aid edilən arxeoloji tapıntıların əhəmiyyətini vurğulayıb. Arxeoloji qazıntılar zamanı aşkar edilən məişət əşyalarının və gümüş sikkələrin tarixi öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Alim sözügedən abidələrin Böyük Səlcuq imperiyasından başlayaraq, Şirvanşahlar, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinə qədər müxtəlif tarixi dövrləri əhatə etdiyi barədə məlumat verib.
Seminarda İmişli rayonunun təhsil sektorunun baş məsləhətçisi Vahid Tağıyev, İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Rüfət Muradov, tarix müəllimləri Ziyafət Musazadə və Eldəniz Hümbətov, eləcə də Tarix-Diyarşünaslıq Muzeyinin direktoru da iştirak ediblər. Seminarın sonunda “Qayıdış” İctimai Birliyinin dəstəyi ilə nəşr olunan “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” kitabı iştirakçılara və yerli təhsil, mədəniyyət müəssisələrinə təqdim olunub.