Sep 23, 2024 | 09:45 Mühüm hadisələr
Cari ilin 25 avqust - 5 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitunu birgə təşkilatçılığı ilə sözügedən institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə Karvan dərəsi kurqanlarında “Keşikçidağda elmi- arxeoloji qazıntılar və Yay məktəbi 4” adlı layihə həyata keçirilir.
Builki qazıntılar qoruq ərazisində, Ceyrançöl düzünün Karvan dərəsi adlanan sahəsindəki kurqan qəbirlərində aparılır. Ərazi düzənlik sahə olub, az hündürlüklü sıx çöl bitkiləri ilə, açlaq maili təpəliklərlə və bəzi yerlərdə yağış və sel sularının gur axması səbəbiylə yaranmış az dərinlikli yarğanlarla müşahidə olunur. Ərazinin 90% hissəsi gözlə görünür və arxeoloji abidələri (əsasən kurqanları) çox uzaqdan müşahidə etmək mümkündür. Sahə səthi relyef quruluşuna malikdir. Qazıntılar 3 kurqan abiəsində paralel olaraq həyata keçirilir. Ərazidə bir-birinə yaxın məsafədə 4 kurqan abidəsi qeydə alınıb. Onlardan birinin qazıntısı əvvəlki illərdə həyata keçirilmişdir. Qalan 3 kurqan abidəsinin qazıntısı isə bu il aparılır.Kurqanlar bir-birinən təxminən 10-40 m aralıq məsafədə yerləşirlər.
1 saylı kurqan 21 m diametrə malik olub, kənarı orta ölçülü çay daşlarından qurulmuş 60 sm enində kromlexlə əhatələnib. Hündürlüyü 2,2 m olan kurqanın üst çınqıl-torpaq qarışıq olan örtüyü götürülüb, mərkəzdə kurqanaltı qəbir kamerası aşkar edilib. Kurqan kamerası şimal-cənub istiqamətində salınıb. Kurqanın 1,65 m dərinlikdən aşkar edilən mərkəzi qəbir kamerasından ehtimal ki, iribuynuzlu heyvana aid (ata məxsus sümüklər olması da ehtimal edilir) olan çənə və diş sümükləri, 4 ədəd skif tipli ox ucluqları, 1 ədəd tuncdan hazırlanmış lentvari en kəsiyə malik qolbağın hissələri, keramika fraqmentləri tapılmışdır. Klassik skif tipli ox ucluqlarını təmsil edən bu tapıntılar üçpərli (üçqanadlı) olub, ağac dəstəyə keçirmək üçün boruludur, dəstəyə birləşən hissənin az yuxarısında çıxıntısı vardır. Birinin içindən ağac dəstəyin qalıqları tapılmışdır.Kurqanın şərq ətəyinə yaxın hissədən əlavə qəbir kamerası aşkar edilmişdir. Kurqan örtüyünün 1 m dərinliyinən aşkar edilən kameranın üzərində iri qaya daşlarınan qismən yonularaq hazırlanmış plitələr qoyulmuşdur. Təxminən 1,4 m dərinlikdən insan skeletinin hissələri aşkar edilib.
2 saylı kurqan maraqlı struktura malikdir. Onun diametri 32 m, hündürlüyü isə 2 m-dir. Kurqanın üzəri tamamilə orta ölçülü çay daşlarından qurulmuş və çox sıx düzülmüş daş örtüyə malikdir. Mərkəzdə bu örtüyün qalınlığı 2 m-ə çatır. Kameranın mərkəz hissəsi daşların çökməsi nəticəsində dairəvi batıq forma almışdır. Kurqan kromlexi ətəyində 2 m enindədir. Kurqanalatı qəbir kamerası 2,5 m dərinlikdə aşkar edilmiş, üzərinə iri ölçülü qaya daşlarınan kəsilib və qismən yonularaq hamarlanmış plitə daşlar düzülüb. Qəbir kamerası şimal-cənub istiqamətində salınıb. Kurqanaltı qəbir kamerasında insan skeletinin hissələri (əsasən bud və qol sümükləri) və saxsı qabların hissələri aşkar edilibr. Daş örtük çox qalın olduğundan və daşların ağırlığından saxsı qablar basılaraq qırılıb.
3 saylı kurqan torpaq kurqan olub, üst örtüyün hündürlüyü müasir yer səthindən 1 m təşkil edir. Kurqanın diametri 6 m-dir. Qazıntıların gedişində kurqan örtüyü götürüldükən sonra mərkəzdə qəbir kamerası aşkar edilib. Qəbir kamerasının üzərinə 20-30 sm qalınlığa malik, bəzən 1,5-2 m uzunluğa çatan ağır çəkili qaya daşlarından qismən yonularaq forma verilmiş plitə daşlar düzülüb.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd tarixi-mədəni irsin qorunub saxlanılması və təbliği, tarixi biliklərin yüksəldilməsi, gənc nəslin mədəni irsin qorunub saxlanılması fəaliyyətinə cəlb edilməsi, gənc arxeoloqların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və mədəniyyət könüllülülərin qazıntı və çöl arxeoloji işlərinin aparmaq bacarığına yiyələnməsidir. Həmçinin layihəni gələcək tarixçi, arxeoloq, turizm və coğrafiyaçılar üçün hazırlıq kursu kimi də qiymətləndirmək olar.
Layihə zamanı gənc könüllülərin, tarix müəllimlərinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qarabağ Universitetinin, ADA Universitetinin Qazax Mərkəzinin tələbə və magistrlarının, Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin, abidə mühafizlərinin, Tarix-Diyarşünaslıq Muzeylərinin əməkdaşlarının və rayon ziyalıları edir.
Layihə uğurla davam etdirilir və artıq nəticələr də əldə olunub. Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntılarda skif ox ucluğu, balıqqulağı və pasta muncuqlar, saxsı nümunələri, bişmiş heyvan sümükləri aşkarlanıb. Bu tapıntılar içərisində tuncdan olan və Xocalı-Gədəbəy mədəniyyətinə aid olduğu ehtimal olunan keramika məmulatları və e.ə. VII əsrə aid skif ox ucluğu xüsusilə maraq kəsb edir.
Bundan sonra da layihənin uğurla davam etdiriləcəyi və qiymətli nəticələr əldə olunacağı gözlənilir.