Sep 05, 2024 | 10:34 Mühüm hadisələr
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev Bakı Təşəbbüs Qrupunun Feyermont mehmanxanasında keçirdiyi konfransda iştirak ediblər.
Konfrans “Qəmər Adaları İttifaqının, Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusuna həsr edilib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qəmər Adaları İttifaqının geniş tərkibli nümayəndə heyətini, Afrika Birliyi və digər təşkilatların nümayəndələrini salamlayıb, əmin olduğunu bildirib ki, beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalət, birgə səylər sayəsində Mayot məsələsi həll ediləcək.
Konfransda tarix elmləri doktoru Eynulla Mədətli Qəmər Adaları İttifaqına münasibətdə, Yeni Kaledoniyada olduğu kimi, Fransanın yeritdiyi yeni işğalçı və müstəmləkəçi siyasətini tənqid edərək Fransanın Qəmər adalarına qarşı siyasətində müstəmləkəçiliklə yanaşı, irqi ayrı-seçkiliyə, dini ayrı-seçkiliyə rəvac verdiyini, adaların, o cümlədən Mayot adasının əhalinin əksəriyyətini (97 faiz) təşkil edən müsəlmanların hərtərəfli təqib və təzyiqlərə məruz qaldığını diqqətə çəkib. Fransanın XXI əsrə yaraşmayan bu siyasətini dəyişməyə, Cənubi Qafqazda da sülhə mane olan fəaliyyətlərinə son qoymağa çağırıb.
Qəmər Adaları İttifaqı nümayəndələrindən prof. Məhəmməd Tahiri, Nadia Tourqui, Dr. Məhəmməd Rəfsəncani, Mabadi Əhməd Əli və başqaları çıxış ediblər və Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildiriblər.
Azərbaycan alimləri və mütəxəssisləri də çıxışlar ediblər.
Sonda müvafiq bəyannamə qəbul edilib.