AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın prezidenti Xocalı şəhərində arxeoloji ekspedisiyanın işi ilə tanış olub
Jul 21, 2024 | 11:35 Mühüm hadisələr

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun Xocalı şəhərində fəaliyyət göstərən arxeoloji ekspedisiyasının işi ilə tanış olub.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qədim yaşayış məskənində açıq hava altında muzey – Xocalı Arxeoloji Parkının yaradılacağı və “Bakı Abadlıq Xidməti” tərəfindən ictimaiyyətə təqdim ediləcəyi, bunun arxeoturizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Xocalı arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov Xocalı nekropolunda və buradakı qədim türbənin ətrafında aparılan arxeoloji qazıntılar barədə geniş məlumat verərək müəyyən edilmiş ərazidə indiyədək aparılan qazıntı işlərinin ilkin nəticələrini və tapılmış maddi-tarixi mədəniyyət nümunələrini, ərazinin ilkin mülahizələr üzrə tərtib olunmuş sxemini AMEA prezidentinə təqdim edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qazıntı işlərinin gedişatını izləyib, elmi-tədqiqat müəssisəsinin rəhbərliyinə və ekspedisiya üzvlərinə müvafiq tövsiyələrini çatdırıb.

Akademiya rəhbəri, həmçinin arxeoloji qazıntı sahəsinə bitişik olan Xocalı türbəsinə də baxış keçirib. AMEA prezidentinə XIV əsrdə inşa edilmiş Xocalı türbəsinin tarixi barədə ətraflı məlumat çatdırılıb.

Akademik İsa Həbibbəyli ekspedisiyanın işinə arxeoloqlarla yanaşı, tarixçi, antropoloq, etnoqraf, folklorçu və dilçi alimlərin də qısamüddətli səfərlərinin təşkil edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, Xocalı türbəsinin tarixi-memarlıq xüsusiyyətlərinin də öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023