Jul 09, 2024 | 14:00 Konfranslar, iclaslar
İyulun 9-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva bildirib ki, iclasda “İrəvan şəhərinin tarixi və mədəniyyət abidələri müasir kontekst”də mövzusunda məruzə dinləniləcək.
Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa sözügedən mövzuda məruzə edib. N.Mustafa Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin tarixi keçmişi haqqında ətraflı məlumat verərək bildirib ki, İrəvan Azərbaycanın ən qədim şəhərlərindən biridir.
O, İrəvan şəhərinin yaranması və formalaşması haqqında mənbələrə istinadən qeyd edib ki, İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin, oronimlərin, oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindəndir. Onun sözlərinə görə, İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməyib.
Məruzəçi ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhərin Çuxursəəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini bildirib.
Nazim Mustafa İrəvan şəhərinin dörd kvartaldan – Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olduğu, sayca çox az olan ermənilərin yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşadıqları haqda məlumat verib. Şəhər massivinin İrəvanın yalnız azərbaycanlılar yaşayan ən qədim hissəsi olduğunu, şəhərin qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələrinin yaşadıqlarını, şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız azərbaycanlıların yaşadıqlarını, İrəvan qalasında isə fransız səyyahı J.Şardenin qeyd etdiyi kimi, yalnız təmizqanlı səfəvilərin (yəni azərbaycanlılar) yaşadığını diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, Avropadan və Rusiyadan gələn səyyah və tədqiqatçılardan Jan Tavernye, Jan Şardən, Ceyms Morier, İvan Şopen, Dübua da Monpere, qrafinya Praskovya Uvarova, Henri Linç, akademik Nikolay Marr və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində təsvir etmişlər.
Məruzəçi tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin adlarının keçdiyi, bu gün həmin məscidlərdən yalnız birinin - Göy məscidin qaldığını, ermənilərin onu da fars məscidi adlandırdıqlarını vurğulayıb. Alim hazırda İrəvan şəhərində mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən də Xan sarayının erməni vandalları tərəfindən yer üzündən silindiyini deyib: “Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhərinin paytaxt kimi ermənilərə güzəştə gedilməsindən sonra, Sovet hakimiyyəti illərində və müstəqil Ermənistan dövləti tərəfindən sistematik olaraq azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti həyata keçirilib. Bütün bunlar həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir”.
Məruzəçi İrəvan şəhərində azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınlarının, 1918-1920-ci illər soyqırımının, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyalarının İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdiyini, tarixi İrəvanın monoetnik erməni şəhərinə çevrildiyini qeyd edib.
Nazim Mustafa onu da bildirib ki, indiki Ermənistan – Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus tarix-memarlıq abidələrinin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
O, çıxışının sonunda mövzu istiqamətində gəldiyi nəticələrin konkret təkliflərini irəli sürüb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
AMEA-nın Abasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov çıxış edərək Qərbi Azərbaycan mövzusunun günümüz üçün çox aktual olduğunu bildirib, eləcə də məruzə ətrafında bir sıra suallara aydınlıq gətirib.
Daha sonra sədr və Elmi şura üzvləri məruzənin “Elm” qəzetində dərc olunmasını tövsiyə ediblər.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
Akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlar haqqında söz açıb. Qeyd edib ki, institutlarda olan yarımillik hesabatlara dair keçirilən iclaslara AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları təhkim olunub və elmi nəticələr haqqında rəhbərliyə müvafiq məlumatlar verilib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması, AMEA-nın Arxeologiya Və Antropologiya İnstitutunun Elmi şurasının yeni tərkibi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadənin dissertantura təhsilinə xitam verilməsi haqqında məsələlər də müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun II il qiyabi doktorantı Günel Vəliyevaya ikinci elmi rəhbərin təyin edilməsi, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçi vəzifəsinə təsdiq edilməsi məsələlərinə baxılıb.
İclasda akademik Fuad Qasımzadənin 95, AMEA-nın müxbir üzvü Əbdülqafur Zərgərovun 95, akademik Nərgiz Axundovanın 65, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli 75 illik yubileyləri haqqında məsələlərə baxılıb.
Sonda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Tofiq Mustafazadənin 75, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Azər Mustafayevin yubileyləri münasibətilə İctimai Elmlər Bölməsinin Fəxri fərmanı təqdim edilib.