AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Çin Kommunist Partiyasının tarixi - Yeni Çinin tarixi: əsrlər boyu qırılmaz bağ” mövzusunda seminar keçirilib
Jul 03, 2024 | 16:20 Konfranslar, iclaslar

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin və Azərbaycan Dillər Universitetinin (ADU) Siyasi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “Çin Kommunist Partiyasının tarixi - Yeni Çinin tarixi: əsrlər boyu qırılmaz bağ” mövzusunda elmi seminar keçirilib.

Azərbaycan Dillər Universitetində təşkil edilən seminarda Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri, Şərqşünaslıq İnstitutunun, ADU-nun əməkdaşları və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Nərmin Qocaman müzakirələrdə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, Konfutsi İnstitutunun direktoru coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasov qeyd edib ki, ÇKP 1921-ci ildə yaradılmış, inqilabdan qalib çıxdıqdan sonra Çin Xalq Respublikası qurulmuşdur. Həmin vaxtdan ÇKP qəhrəman Çin xalqına Çin səciyyəli sosializm quruluşunun yaranması istiqamətində, həmçinin siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, xalqın böyük dirçəlişi uğrunda mübarizədə və Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində daim yorulmadan rəhbərlik edir. O, ÇKP Baş katibi Si Cinpinin sözlərini xatırladaraq qeyd edib ki, Çin kommunistlərinin əzəli istək və missiyası Çin xalqının rifahının yüksəldilməsi və Çin millətinin dirçəlişini təmin etməkdir.

R.Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb və Ümummilli Lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikinci beynəlxalq forumda iştirak etmək üçün keçirdiyi görüşünü xatırladaraq, Çin Kommunist Partiyasının da Yeni Azərbaycan Partiyası ilə əlaqələrini fəallaşdırmağa, dövlət idarəetmə təcrübəsini bölüşməyə və iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulamışdır. R.Abbasov, həmçinin ADU-nun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət olan, ilk dəfə Azərbaycan dilində  çap olunmuş materiallar toplusu barədə də danışıb.

Seminarda çıxış edən ADU-nun Siyasi Araşdırmalar Mərkəzinin direktoru professor Əli Məmmədov da  ÇKP ilə Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurla inkişaf etməkdə olduğunu qeyd edib. O, əlavə edib ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirilir.

Şərşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli çıxışında Çin Kommunist Partiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafından və səmərəli əməkdaşlıqdan bəhs edib. Z.Şıxəlibəyli Prezident İlham Əliyevin Çinə səfərlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanı Çin üçün cəlbedici ölkəyə çevirən səbəbləri açıqlayıb. O, Şərqdən Avropaya qədər uzanan nəqliyyat yollarından və nəhəng nəqliyyat layihələrinin çoxunun mərkəzində dayanan Azərbaycanın rolundan bəhs edib.

Seminarda ADU-nun İctimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva çıxış edərək, 2000 ildən əvvəl Çin və Azərbaycanı sıx birləşdirən Qədim İpək yolunun bu gün də dostluq münasibətlərinin, iki xalq arasında ticarət və mədəni mübadilənin inkişafına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Ülkər Əliyeva “Çin Kommunist Partiyasının uğurlu xarici siyasət kursu” mövzusunda çıxış edərək, Çin liderlərinin yalnız öz dövrlərini deyil, daha uzaq perspektivləri nəzərdə tutan inkişaf planları və layihələrinin uğuru, Çin və dünya iqtisadiyyatı üçün faydasından bəhs edib.

ADU-nun beynəlxalq əlaqələr kafedrasının müdiri professor Aida Yusifzadə qeyd edib ki, Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulandan bəri qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri davamlı şəkildə inkişaf edir. 

Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva “Çin Kommunist Partiyasının xarisi siyasət kursunun məqsədləri” mövzusunda çıxışında bildirib ki, ÇKP-nın xarici siyasət kursunun məqsədləri dünyada sülhün qorunması və birgə inkişafa təkan vermək, yeni tipli beynəlxalq münasibətlər formalaşdırıb.

Şöbənin digər əməkdaşı Afaq Nərimanova çıxışını ÇXR-nın təhsil islahatlarına həsr edib. O, təhsil sistemində islahatların ölkənin inkişafındakı rolundan, Çin Kommunist Partiyası rəhbərliyi və Çin hökumətinin siyasətinin Çini yarımfeodal ölkədən dünya səhnəsində liderə çevirməsindən bəhs edib.

Şöbənin digər əməkdaşı Günay Novruzova “Çin iqtisadiyyatının dünya iqtisadiyyatına təsiri” mövzusunda çıxışını “Açıq qapı” siyasəti və “Çin səciyyəli sosializm” quuruculuğu sayəsində Çinin qazandığı iqtisadi uğurlara həsr edib.

Asiya-Sakit okean regionu ölkələri şöbəsinin daha bir əməkdaşı Ceyhun Mürşüdzadə isə Çin Kommunist Partiyası və Şimali Koreya arasında əlaqələrin istiqamətlərindən danışaraq, Çinin bu əlaqələrin Çin və dünya üçün faydalı təşkili istiqamətində səylərini vurğulayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023