AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutu yarımillik hesabatını təqdim edib
Jun 27, 2024 | 16:19 Konfranslar, iclaslar

İyunun 27-də AMEA-nın Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilib.

İclası institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İclasda Qafqazşünaslıq İnstitutunun 2024-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müzakirə olunub. Hesabatı M.Qasımlı təqdim edib.

Elmi şuranın iclasında AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdir müavini Sevil Adıgözəlova da iştirak edib.

2024-cü ilin I yarısında institutda 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 iş üzrə müvafiq mənbə və ədəbiyyat toplanılmış və tədqiqat davam etdirilmişdir. Alim və elmi işçilər Ermənistanda sosial-iqtisadi və siyasi şərait, vətəndaş cəmiyyəti təşkilatlarının vəziyyəti, xaricdəki erməni təşkilatlarının Ermənistanın daxili siyasətinə təsiri, miqrasiya prosesləri, informasiya siyasəti, erməni təşkilatlarının Ermənistanın xarici siyasətinə təsiri, Azərbaycan və Türkiyə əleyhinə təbliğat, Şimali Qafqazda erməni icması və erməni təşkilatlarının fəaliyyəti, erməni icmaları, cəmiyyətləri, məktəbləri, kilsələri, kütləvi informasiya vasitələri və fəaliyyətləri, sosial-iqtisadi həyatda ermənilərin iştirakı, Gürcüstan–Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri, Ermənistanın Gürcüstanın Rusiya və Türkiyə ilə münasibətlərini pozmaq səyləri, Ermənistanın Gürcüstandakı ermənilərin dil və təhsil məsələlərinə müdaxiləsi, Gürcüstan-Ermənistan münasibətlərində din amili, Azərbaycan-İsrail münasibətlərini şərtləndirən amillər və siyasi əlaqələrin inkişaf mərhələləri, Azərbaycandakı yəhudi icması və İsraildəki azərbaycanlı icmasının ikitərəfli münasibətlərə təsiri, Cənubi Qafqazın qədim dövr tarixi-coğrafiyası, tarixinin mənbəşünaslığı və tarixinin tarixşünaslığı və b. mövzuları araşdırmışlar.

İnstitut əməkdaşlarının 63 əsəri nəşr edilib. Bunlardan 2-si monoqrafiya və kollektiv əsərdir (Azərbaycanda 1, xaricdə  1 (Birləşmiş Krallıq), 60-ı elmi məqalə və tezisdir (Azərbaycanda – 28, xaricdə 32 (Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Çexiya, Norveç, Braziliya)).

Türkiyə, Rusiya, Gürcüstan, Slovakiya, Böyük Britaniya, İndoneziya, İran, Özbəkistan, Çexiya və Kubadan olan alim və tədqiqatçılar institut əməkdaşlarının əsərlərinə 48 dəfə (M.Qasımlı – 20, R.Dadaşova – 11, Q.Hacıyev – 2, E.Kəlbizadə – 7, G. Musayeva – 3, S. Həbibbəyli – 3,  Y. Baxşıyeva – 2) istinad ediblər.

M.Qasımlının “Gooogle Scholar” elmmetrik bazasında h-indeksi H-10 olub. Bütövlükdə alimin əsərlərinə dünyanın 55 ölkəsindən 327 dəfə istinad edilib.

Hesabat geniş müzakirədən sonra qəbul edilib. İclasda institutda hazırlanan kitablar və “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapa tövsiyə edilib.

İnstitutun www.caucasusstudies.az saytına yarım il ərzində 3700 baxış olub. Ön sıralarda  Polşa, Fransa, ABŞ, Türkiyə, Çin gəlir.

Sonda iclasda cari məsələlərə də baxılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023