AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib
Jun 24, 2024 | 17:00 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib.

İclası açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin, təbiətin mühafizəsi sahəsində də əsaslı dönüş yaranıb, məqsədyönlü ekoloji siyasət həyata keçirilib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətində ölkədə ekoloji mühitin sağlamlaşdırılması və mühafizəsinin yaxşılaşdırılması prioritet istiqamətlərdən birini təşkil edib.

Sonra tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyevin Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması sahəsində xidmətləri” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan KP MK və Nazirlər Soveti 1974-cü il aprel-avqust aylarında, 1975-ci ilin oktyabrında bir neçə dəfə təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərini müzakirə edilib, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Təbiətin mühafizəsinin möhkəmləndirilməsi və təbii ehtiyatlardan istifadə etməyin yaxşılaşdırılması haqqında” 29 dekabr 1972-ci il tarixli qərarından irəli gələn vəzifələr müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair  8 qanun, Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 32 qərarı qəbul edilib.

1969-cu ildən sonra Azərbaycanda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılıb. Ulu Öndər təkcə XX əsrin ikinci yarısında deyil, elə XXI əsrdə də ekoloji tarazlığın təmin edilməsinə zəmin yaradacaq mühüm qərarların verilməsinə nail olub.

2003-cü ildə Heydər Əliyev tərəfindən “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiqlənib. Bu strateji Proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, kompleks tədbirlər planı təsdiqlənərək həyata keçirilməyə başlanılıb. Ümumiyyətlə, 2001-ci ilin may ayından 2003-cü ilin iyul ayınadək Ümummilli Lider Heydər Əliyev tərəfindən ekomühitin ən müxtəlif məsələləri ilə bağlı 27 Fərman və Sərəncam imzalanıb.

Ölkədə ətraf mühitlə bağlı hüquqi bazanın beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. İctimaiyyətin ekoloji biliklərinin və ətraf mühit haqqında məlumatlılığın artırılmasına, ovçuluq və ovçuluq təsərrüfatlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkili və tənzimlənməsinə dair, habelə dövlət və özəl əmlak mənafelərinin qorunmasına təminat verən qanunlar qəbul edilib, 50-dən artıq digər normativ-hüquqi sənədlər hazırlanıb və hökumət qərarları ilə təsdiqlənib.

Həmin illərdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqların genişləndirilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində mühüm işlər görülüb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış ekoloji siyasətin uğurla həyata keçirilməsi respublikada ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji tarazlığın təmin edilməsinə imkan verib.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Prezident İlham Əliyevin ekoloji tarazlığın qorunması istiqamətində fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı  “İşğaldan azad olunmuş ərzilərdə ekoloji problemlər”, elmi işçi Cəmilə Məmmədova “Bakı şəhəri və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında Heydər Əliyevin fəaliyyəti (1969-1982)”, elmi işçi Vüsalə Əlləzova “Azərbaycanın yaşıl enerji siyasəti”, kiçik elmi işçi Yüzdanə Cabbarlı “COP29 və Azərbaycan” adlı məruzələrlə Ulu Öndərin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələrdən danışıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023