Jun 04, 2024 | 11:06 Konfranslar, iclaslar
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Mahmud Kaşğarinin “Divani-lüğati-it türk” (Türk dillərinin izahlı lüğəti) əsəri etnoqrafik mənbə kimi” adlı dəyirmi masa keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bildirib ki, Mahmud Kaşğari “Divani lüğat-it-türk” əsərini öz dövrünün ədəbi dili sayılan Xaqaniyyə dilində yazıb, burada 26 türk dialektində söz və nümunələr əksini tapıb.
Vurğulanıb ki, Kaşğari türk dili, tarixi, coğrafiyası, folkloru vә mifologiyası ilə bağlı ədəbi xәzinә yaradıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin genişləndiyini vurğulayan tarix elmləri doktoru deyib ki, Mahmud Kaşğari sanki min il əvvəl Şərqdə gedən siyasi hadisələrin mənzərəsini aydın görüb, bu proseslərin inkişaf istiqamətini böyük uzaqgörənliklə duyub.
Tədbirdə əsərin Azərbaycan dilində nəşrində xüsusi xidmətləri olan tanınmış alim, Ramiz Əsgərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, Kaşğarinin əsərinin dilimizə ilk tərcüməçisi özbək əsilli Xalid Səid Xocayev SSRİ EA-nın Azərbaycan filialında çalışıb, 1937-ci ildə repressiyaya məruz qalıb.
Tarix elmləri doktoru Güllü Yoloğlu bildirib ki, Mahmud Kaşğari 700 səhifəlik əsəri üzərində təqribən 15 il işləyib, onu 1083-cü ildə tamamlayıb. Orijinalı bilinməyən əsərin ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülüb və İstanbul Millət Kitabxanasında saxlanılır.
G.Yoloğlu deyib ki, “Divani lüğati-it-türk”ün 950 illik yubileyi, 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilib. Bu haqda qərar UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında verilib.
Çıxış edənlər bildirib ki, Mahmud Kaşğari atalar sözləri və şeirlərdən istifadə edib və bu baxımdan türk dillərinin zənginləşməsinə böyük töhfə verib.
Vurğulanıb ki, “Divani lüğati-it-türk” əsəri türk dillərinin tarixi inkişafını, leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə ilkin mənbələrdən biridir.