May 27, 2024 | 12:14 Konfranslar, iclaslar
“Aydınlığa Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə tərəfindən “Klassik ədəbiyyat və Qurani-Kərim” mövzusunda seminar keçirilib.
Əvvəlcə İctimai Birliyin sədri, tanınmış jurnalist və ictimai xadim Solmaz Əmirli ölkənin tanınmış ziyalıları ilə keçirilən görüşlərin cəmiyyət, xüsusilə gənclər üçün əhəmiyyətindən danışıb. O, gələcək nəsillərin yetişməsində Qurani-Kərimin və ədəbiyyatın xüsusi rolunu vurğulayıb.
Daha sonra AMEA-nın müxbir üzvü Könül Bünyadzadə mövzu üzrə məruzəsini təqdim edib. O, təqdimatını ədəbiyyatın rolu və əhəmiyyəti haqqında qeydlərlə başlayıb, bəşəriyyətin sonuncu dini olan İslamın müqəddəs mətni - Qurani-Kərimin yaradıcılığın bu növündəki inikasından bəhs edib.
Qurani-Kərimin bəşəriyyət üçün rolunun əsas istiqamətlərini sadalayan məruzəçi onun insanın şəxsiyyətinin formalaşmasında, insan və cəmiyyət, insan və təbiət münasibətlərinin düzgün qurulmasındakı önəmindən danışıb. Daha sonra o, şair və mütəfəkkirlərin Qurani-Kərimə müraciətlərinin səbəbləri arasında təsnifat apararaq onları iki yerə ayırıb: öz düşüncələrinə dəstək axtarmaq və ayələrin təfsirlərini vermək naminə.
Könül Bünyadzadə klassik ədəbiyyatda şair və mütəfəkkirlərin əsasən Qurani-Kərimin hansı ayələrinə, hikmətlərinə müraciət etdiklərini qeyd edib, bu müraciətlərin mahiyyətini açıqlayıb. Məruzəçi Qurani-Kərimin hər bir yaradıcı insanın düşüncəsində daha geniş üfüqə keçmək və universal həqiqətdən pay almaq, zaman və məkan fövqünə qalxan ədəbiyyat nümunələri yaratmaq üçün əvəzedilməz bir vasitə olduğunu vurğulayıb. O, xüsusilə mənası çətin anlaşılan və “mütəşabih” ayələr kimi tanınanları təhlil edib, klassik ədəbiyyatdan gətirdiyi nümunələr səsləndirib. Bunlar arasında “ələst məqamı”, “qabə qauseyn”, “hurufu mukatta” kimi ayələr dinləyicilərin xüsusi marağına səbəb oldu.
Mühazirəsi boyu Könül Bünyadzadə klassik ədəbiyyatın IX əsrdən başlayaraq XX əsrə qədər bir zaman kəsiyində yaşayıb yaratmış Həllac Mənsur, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Mahmud Şəbüstəri, Qasimi Ənvar, Fəzlullah Nəimi, Yunus Əmrə, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir və başqa nümayəndələrinə müraciət edib və onların yaradıcılıqlarından nümunələr göstərib.
Sonda o, iştirakçıların suallarını cavablandırıb.