AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tatarıstanlı alim Biləsuvar və Astara rayonlarında yerləşən arxeoloji abidələrlə tanış olub
May 27, 2024 | 11:00 Mühüm hadisələr

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri t.ü.f.d., dosent Mikayıl Mustafayev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Ayrat Qabitoviç Sitdikov Biləsuvar rayonu ərazisində yerləşən arxeoloji abidələrlə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.

Arxeoloq alimlər Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşərək arxeoloji abidələrin vəziyyəti, görülən işlər və yeni planlar barədə müzakirələr aparıblar.

Görüş zamanı Ayrat Qabitoviç qeyd edib ki, cari ilin iyul ayından Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında yay məktəbi təşkil olunacaq. Bununla əlaqədar olaraq bir qrup arxeoloqların Biləsuvar rayonu ərazisində aparılacaq praktik və nəzəri tədris ilə bağlı Çöl Ağdam şəhərciyi, Şəhriyar qalası, Şəhriyar yaşayış yeri və Ağdam qalası topoplanları hazırlanacaq, geodeziya və kəşfiyyat xarakterli arxeoloji testlər aparılacaq. Görüşdə, həmçinin qeyd olunan abidələrin kompleks şəkildə tədqiq olunması, bu prosesə başlamağın vacibliyi diqqətə çatdırılıb.

Daha sonra Biləsuvar rayonun Diyarşünaslıq muzeyinə və rayon ərazisindən aşkar olunmuş arxeoloji materiallarla tanışlıq olub. Rayon icra başçısı Faiq Qürbətov sözügedən işdə arxeoloqlara yaxından dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Dosent Mikayıl Mustafayev və Ayrat Qabitoviç Sitdikov ezam müddətində arxeoloji abidələrlə tanış olmaq üçün Astara rayonunda da olublar. Arxeoloq alimlər ötən il rayonun Alaşa kəndində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntı sahəsinə baxış keçiriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023