May 08, 2024 | 16:02 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” adlı məqaləsi Türkiyədə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan “Akademik Tarih ve Düşünce” dərgisinin 2024-cü il, XI cild, II sayında ingilis dilində dərc olunub.
Məqalədə ümumilikdə dialoqun mahiyyəti haqqında bəzi mövzular tədqiq edilir və müasir dövrdə dialoqun bir sıra münaqişələrin həll edilməsində həlledici rolundan bəhs olunur. Bildirilir ki, dinlərarası dialoq təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda müxtəlif düşüncə məktəbləri arasında əlaqələrin yaranmasına şərait yaradan bir mexanizmdir. Dialoq mahiyyətcə universallıq, ümumbəşərilik, qardaşlıq, dini-mədəni müxtəliflik, düşüncə və etiqad azadlığı, plüralizm kimi ülvi dəyərlərə söykənir. Bu mədəniyyətin və bu xüsusda sivil mühitin formalaşması üçün mühüm olan bütün bu prinsiplər başlanğıcını humanist dəyərlərə əsaslanan beynəlxalq hüquqdan və müxtəlif dinlərə məxsus mütərəqqi ideyalardan götürür. Bu prinsiplər beynəlmiləl dinlərin, eyni zamanda cahanşümul humanist ideyaların ruhunu çulğalayır və təbiətinə münasibdir.
Məqalədə, həmçinin dinlərarası dialoqların məqsədləri və faydalarına dair bir çox problemlər araşdırılır və müqayisəli şəkildə təhlillər aparılır. Dinlərarası dialoqun qarşısında duran ən əsas məqsədlərdən biri də müxtəlif din mənsublarının birgə yaşayışını təmin etmək və tolerant mühütü yaratmaqdan ibarətdir.
Məqalədə dialoqun faydası kimi dinlər və məzhəblərarası yaxınlaşma, əməkdaşlıq və bir-birilərinə qarşı yalnış təsəvvürlərin redaktəsi, radikalizm və ekstremizm meyillərinə qarşı mübarizə, mötədilliyə əsaslanan düşüncələrin inkişaf etdirilməsi və sairə kimi mövzular araşdırılır.