May 08, 2024 | 11:40 Konfranslar, iclaslar
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov iştirak edib.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq öz çıxışında müasir müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxasının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu deyib. Ulu Öndərin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərinə toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi hələ sovet hakimiyyəti illərində xalqımızı Azərbaycanın gələcək müstəqilliyinə hazırlayıb: “Müstəqillik illərində isə Azərbaycan xalqının, dövlət müstəqilliyimizin xilaskarına çevrilib, müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaradıb və onu həyata keçirmək üçün güclü dövlət siyasəti formalaşdırıb”.
Bu gün Azərbaycanın dünyada söz sahibi olan ölkələrdən birinə çevrildiyini və Prezident İlham Əliyevin adının dünya liderləri sırasında çəkildiyini qeyd edən akademik İsa Həbibbəyli alimlərimizin hər zaman Müzəffər Ali Baş Komandanın yanında olduqlarını və dövlətimizin çiçəklənməsi naminə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
AMEA prezidenti bildirib ki, alimlərimiz “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin genişmiqyaslı fəaliyyətini sistemli şəkildə tədqiq edərək 50-dən çox fundamental monoqrafiya ərsəyə gətirib və bununla da HeydərƏliyevşünaslığın akademik elmi əsaslarını ortaya qoyublar.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndər Heydər Əliyevin həyatı və onun zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir müstəqil və güclü Azərbaycan dövlətinin banisidir: “Tarixin ən böyük vətənpərvəri olan Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib. Bu gün hər bir Azərbaycan vətəndaşı Ümummilli lider Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki onun bizlərə miras olan zəngin irsi xalqımızın yüz illiklər boyu faydalanacağı dəyərli bir mənbədir”.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə “Heydər Əliyev: Müasir Azərbaycanın suveren inkişaf strategiyası”, elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli “Heydər Əliyevin dövlətçilik siyasəti və siyasi varislik”, f.e.d., Füzuli Qurbanov “Prezident İlham Əliyevin yeni milli ideya təşəbbüsü: cari və perspektiv çağırışlar”, f.ü.f.d., dos. Şölət Zeynalov “Heydər Əliyevin ideyaları və müasir dövrdə dialoq fəlsəfəsi”, siy.e.ü.f.d., dos. Günel Məlikli “Ali Baş Komandan İlham Əliyevin milli ideya konsepsiyasında yeni missiya” və f.ü.f.d. Hüseyn İbrahimov “Ulu öndər Heydər Əliyevin siyasi irsinin ideoloji aspektləri” mövzularında çıxış ediblər.