May 06, 2024 | 14:10 Konfranslar, iclaslar
Mayın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti” mövzusunda elmi sessiya keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva dövlət quruculuğunun bütün sahələri kimi, müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulmasının da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Akademik Gövhər Baxşəliyeva Ulu Öndərin hələ Milli Məclisin sədri seçilərkən xarici siyasətin başlıca vəzifələrini, istiqamətlərini və prioritetlərini müəyyənləşdirdiyini söyləyərək Heydər Əliyevin sözlərini xatırladıb: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”.
Akademik qeyd edib ki, ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələrinə münasibətdə dünya siyasətinin istiqamətlərini və qanunauyğunluqlarını çox gözəl anlayan Ulu Öndər bu ölkələrlə düzgün münasibətlərin qurulmasına nail olmuşdur. Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən diqqətə alındı.
Akademik G.Baxşəliyevə Heydər Əliyevin Şərq siyasətinin müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları birliyində özünəlayiq yer tutmasına nail olmaq məqsədi daşıdığını vurğulayıb. O, Azərbaycanın müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına üzv olduğunu xatırladıb: “Heydər Əliyev müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, mənəvi dəyərlərimizi, mədəniyyətimizi, ənənələrimizi qoruyub saxlamaq və inkişaf etdirməyi əldə rəhbər tutan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasətimizin vacib istiqaməti hesab edərək bu təşkilatın bütün imkanlarından səmərəli istifadə etmək zərurətini vurğulamışdı. 1993-cü ilin ikinci yarısından başlayaraq bu istiqamətdə görülən işlər sanki yeni nəfəs aldı, İKT ilə ölkəmiz arasındakı əlaqə və təmaslar intensivləşməyə və fəallaşmağa başladı”.
İnstitutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova “Heydər Əliyevin Azərbaycanın ərəb ölkələri ilə qarşılıqlı münasibətlərində rolu” mövzusunda məruzə edib. Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanla ərəb ölkələri arasında mədəni, iqtisadi əlaqələr qurulduğunu deyən məruzəçi, ilkin olaraq Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, İraq, Küveyt, İordaniya, Əlcəzair kimi regionun aparıcı dövlətləri ilə qardaşlıq, dostluq, müttəfiqlik əlaqələri qurulduğunu bildirib. Məruzədə Ulu Öndərin ərəb ölkələri arasında ilk səfəri Səudiyyə Ərəbistanına etdiyini, onun Azərbaycan və Misir əməkdaşlığının banisi adlandırıldığını, müsəlman ölkələri ilə əlaqələrinin qurulmasında İraq Respublikasının xüsusi yer tutduğunu qeyd edən L.Bayramova bu ölkələrlə əlaqələrin qurulmasından ətraflı danışıb.
Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Müstəqillik dövründə Azərbaycanın Yaxın Şərq ölkələri ilə diplomatik münasibətlərinin qurulmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Elnur Mustafayev məruzəsində Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyət illərində Yaxın Şərq ölkələri ilə diplomatik münasibətlərin qurulmasındakı göstərdiyi fəaliyyətlərdən bəhs edib.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı “Azərbaycan və Səudiyyə Ərəbistanı əlaqələrinin qurulmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Səudiyyə Ərəbistanının yer aldığı coğrafi məkan zəngin təbii sərvətlərə malik bir ərazi, bütün dünya birliyi üçün siyasi, geostrateji və iqtisadi əhəmiyyət kəsb edən bir regionda yerləşir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Şərq ölkələri arasında Türkiyə və İran İslam Respublikasından sonra ərəb ölkələri ilə əlaqələrin qurulmasına böyük diqqət yetirmişdir. Məhz bu baxımdan ərəb ölkələri arasında Ulu Öndərin ilk səfər etdiyi ölkə Səudiyyə Ərəbistanı olmuşdur.
Elmi sessiyanın sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.