May 03, 2024 | 11:02 Yeni nəşrlər
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Rəhimovanın “Mahşərəf Məsturənin poeziyası” adlı monoqrafiyası nəşr olunub.
Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədidir.
Monoqrafiyada istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri və s. ilk dəfə olaraq araşdırmaya cəlb olunur. Şairin yaradıcılığının ənənəyə bağlılığını müəyyənləşdirmək niyyəti ilə farsdilli poeziyanın nümayəndələri ilə müqayisələr aparılır, irs-varislik münasibətləri təhlil edilir.
Monoqrafiya giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə XIX əsrdə Məsturənin yaşadığı Ərdalanda ictimai-siyasi və ədəbi mühitdən, şairin həyatı və şəxsiyyətindən, eləcə də yaradıcılıq istiqamətlərindən bəhs edilir.
Məsturənin poetik irsinə həsr olunmuş ikinci fəsildə onun qəzəllərinin janr və struktur poetikası, tematik xüsusiyyətləri, başlıca surət və motivləri, şairin avtobioqrafik şeirləri, dini görüşləri, mərsiyə xarakterli tərkibbəndləri, fəxriyyə səciyyəli beytləri və s. araşdırılır.
Üçüncü fəsil Məsturə şeirinin sənətkarlıq xüsusiyyətlərinə həsr olunub. Burada mənəvi və üslubi poetik fiqurlar, dil və üslub xüsusiyyətləri nəzərdən keçirilir.
Dördüncü fəsildə Məsturə yaradıcılığına Azərbaycan və İran şeiri kontekstində yanaşılır. Bu fəsildə Məsturə yaradıcılığının orta əsrlər divan ədəbiyyatı, o cümlədən Azərbaycanın qadın şairlərinin şeirləri ilə müqayisəsi aparılır.