May 01, 2024 | 12:45 Konfranslar, iclaslar
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrə baxış keçirib.
AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə, həmçinin Müsabiqə Komissiyasının üzvləri və layihələrin müəllifləri olan Akademiya əməkdaşları iştirak ediblər.
Layihələrə baxış keçirən akademik İsa Həbibbəyli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsində müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin - embleminin yenidən hazırlanmasıdır.
Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin şərtlərinə əsasən, AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməlidir. Həmçinin AMEA-nın emblemində Akademiya ilə bağlı tarixi binaların, qurğuların və digər əlamətlərin simvolik təsvirlərindən istifadə etməklə bu emblemin Azərbaycan Milli Elmlər Akademiyasına aid olduğu öz əksini tapmalı, AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir.
AMEA rəhbəri ötən müddət ərzində qeyd olunmuş şərtlərə uyğun olaraq Akademiyada çalışan 25 əməkdaş tərəfindən ümumilikdə 67 işin müsabiqəyə təqdim edildiyini, işlərə ictimaiyyətin baxması məqsədilə sərginin təşkil olunduğunu söyləyib.
AMEA prezidenti daha sonra təqdim olunmuş bütün işlərə baxış keçirib, hər biri haqqında fikirlərini bölüşüb, təkliflərini səsləndirib və müəlliflərlə geniş müzakirələr aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.