AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun yeni nəşri işıq üzü görüb
Apr 25, 2024 | 15:49 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə “Avropada türkologiya (I hissə)” adlı yeni kitab dərc olunub.

Kitabda Avropanın Almaniya, Finlandiya, Macarıstan, Avstriya, Danimarka, Fransa, İsveç, İtaliya, Rumıniya və Polşa dövlətlərində XIX əsrdən başlayaraq 1975-ci ilə kimi olan dövrdə şərqşünaslığın bir qolu olan türkologiya sahəsində fəaliyyət göstərmiş və hal-hazırda fəaliyyətini davam etdirən kafedralar, elmi - tədqiqat mərkəzləri və cəmiyyətlər haqqında yığcam məlumatlar təqdim olunmuşdur. Bundan əlavə, əsərdə adı çəkilən ölkələrdə yaşayıb-yaratmış məşhur türkoloqların tərcümeyi-halları və əsərlərinin adları da öz əksini tapmışdır. Kitabda sadalananlarla yanaşı, Avropada türkologiyaya dair nəşr edilmiş jurnalların siyahısı ölkələr üzrə qeyd edilmişdir. Kitab 1977-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində İsmayıl Soysal və Mihin Eren tərəfindən hazırlanmış və nəşr edilmiş” Türk incelemeleri yapan kuruluşlar” (Kılavuz) əsərinin əsasında tərtib olunmuşdur. Kitab tədqiqatçılar və elmi işçilər üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, yeni nəşrin tərtibçisi AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Mirzə Ənsərli, redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov, rəyçiləri tarix üzrə fəlsəfə doktoru dosent Gülər Qafarlı, tarix üzrə fəlsəfə doktorları Yaşxanım Nəsirova və Zülfiyyə Vəliyeva - Önlendir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023