Apr 22, 2024 | 12:54 Konfranslar, iclaslar
AMEA-nın Arxeologiya və Antropologiya İntitutunun Arxeoloji abidələrin toplusu şöbəsi “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş elmi seminar keçirib.
Tədbir “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilib.
Seminarı giriş sözü ilə açan institutun Arxeoloji abidələrin toplusu şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev bu əlamətdar günün tarixi və yaranması barədə ətraflı məlumat verib. O, bildirib ki, bu əlamətdar gün tarixi abidələr və abidələrin mühafizə şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunmuşdur. Əsas məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş II dünya müharibəsi nəticəsində saysız dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Ölkəmizin dünyada bəşər sivilizasiyanın ilkin meydana gəldiyi ərazilərdən biriolduğunu, bunu ölkə ərazisində keçirilən arxeoloji qazıntılar nəticəsində müşahidə etməyin mümkün olduğunu vurğulayaraq, məruzəsini tamamladı.
Daha sonra şöbənin kiçik elmi işçisi Şəfəq Ağayeva “Maddi - mədəni irs” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində UNESCO-nun yaranma tarixi və burada qəbul olunmuş konvensiyalar barədə geniş məlumat vermişdir. Həmçinin qeyd edib ki, 1945-ci ilin noyabrında BMT-nin Elm Təhsil və Mədəniyyət məsələləri üzrə (UNESCO) təşkilatının nizamnaməsi 37 dövlət tərəfindən imzalanmışdır. Bu təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığının genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. 1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilmişdir. Sırf tarixi mədəniyyət abidələrinin qorunması və mühafizə olunması ilə məşğul idi. Bu təşkilatın siyahısına daxil olan abidələrdə ən vacib olan onun tarixi önəm daşıması, möhtəşəm tikilişi və memarlıq üslubu idi. Bu möhtəşəm, tarixi önəm daşıyan abidələrdən biri dünyada ən qədim itmiş şəhərlərdən biri hesab olunan, 4500 il tarixi olan Mohenco-Daro abidəsidir. Bu qədim şəhər Pakistan və Hindistanın sərhəddində yerləşən və hazırda Karaçi şəhərindən 400 km şimalda yerləşir. Bundan sonra Şəfəq Ağayeva UNESCO-nun daxilində yaradılmış olan Haaqa konvensiyası (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında) haqqında məlumat verdi.
Ardınca şöbənin elmi işçisi Lalə Nəsirova “Azərbaycan mədəni irsi və Qarabağın maddi mədəni irsinin qorunması” adlı məruzəsi ilə çıxış etdi. O, erməni vandallarının törətdikləri vəhşiliklər, tarixi abidələrə yetirdikləri zərər, XIX və XX əsrlərdə maddi mədəni irsimizin düşmənlər tərəfindən oğurlanıb öz adına çıxarılması barədə məlumat verdi. Həmçinin dünya muzeylərində qorunub saxlanılan və nümayiş etdirilən Azərbaycan maddi mədəniyyət nümunələri haqqında danışdı. Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlərin görüldüyünü qeyd etdi.
Seminar tarix elmləri doktoru, professor Hidayət Cəfərovun çıxışı ilə davam edib. O qeyd edib ki, Azərbaycan çox qədim və zəngin maddi və mədəni irsə malikdir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır və yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunduğunu bildirdi.
Həmçinin elmi seminarda iştirak edən Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə müavini tarix elmləri doktoru Zaur Həsənov çıxış edərək qeyd edib ki, bu kimi tədbirin keçirilməsi çox təqdirəlayiqdir. Abidələrin qorunması və mühafizə olunması çox vacib məsələ olduğunu və bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü böyük işləri də xüsusilə vurğuladı. Sonra o, öz tədqiqatları və apardığı arxeoloji qazıntılar barədə məruzə etdi.
Daha sonra tədbiri Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin “Mədəni İrs” şöbəsinin böyük mütəxəssisi Fidan Cəlil öz çıxışı ilə davam etdi. O qeyd etdi ki, hər bir vətəndaşın borcudur ki, vətəninin mədəni irsini mühafizə etsin. Azərbaycanın tarixi abidələrinin dünyada təbliği və tanıdılması üçün birgə işlər görülməsinin vacibliyindən danışdı.
Seminarın yekununda tarix üzrə fəlsəfə doktoru dosent Mikayıl Mustafayev Azərbaycanın tarixi abidələrinin düyaya tanıdılmasının vacibliyini qeyd etdi. Bu istiqamətdə görüləcək işlər tədbir iştirakçıları ilə müzakirə edildi.
Seminarda, həmçinin Arxeologiya və Antropologiya İntitutununun Arxeoloji abidələrin toplusu şöbəsinin əməkdaşları – tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Hüseynli, tarix üzrə fəlsəfə doktoru Orxan Əliyev, böyük laborant Ülkər Camalova və Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin böyük laborantı Nərminə Hüseynova iştirak ediblər.