Apr 09, 2024 | 10:43 Görüşlər
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında onlayn görüş keçirilib.
Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d., professor K.Şükürov institutun tarixi, strukturu, elmi-tədqiqat istiqamətləri haqqında məlumat verdi, NDU ilə elmi-tədqiqat, təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. İnstitutun direktoru qeyd etdi ki, tarixçi alimlər NDU tələbələri üçün onlayn və ya auditoriya mühazirələri söyləyə bilər, eyni zamanda onlayn görüşlər, dəyirmi masalar, elmi seminarlar təşkil edilə bilər. Azərbaycan tarixinin müxtəlif dövrləri və problemləri, Naxçıvan tarixi, Qərbi Azərbaycan tarixi ilə bağlı birgə tədqiqatların aparılmasını vacib sayan prof. Kərim Şükürov işlərin əlaqələndirilməsi üçün kafedranın yaradılmasını təklif etdi, bu məqsədlə koordinatorların təyin edilməsini, elmi əməkdaşların mühazirələr söyləməsi, təcrübə mübadiləsi aparmaq üçün Naxçıvana ezam olunmasını mümkün saydı.
NDU-nun rektoru Elbrus İsayev Tarix və Etnologiya İnstitunun alimlərinin auditoriya və onlayn şəkildə tələbələrə mühazirələr söyləməsinə, tələbələrin tədqiqatçılarla birbaşa ünsiyyətdə olmasına böyük önəm verdiklərini, belə əməkdaşlıq formasının beynəlxalq reytinqlərdə universitetlər qarşısında qoyulan əsas tələblərdən biri olduğunu açıqladı. Yeni elmi kadrların hazırlanması, təhsilin-tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından iki təşkilat arasında əlaqələrin elmi-tədqiqat və tədris sahəsində əməkdaşlıq səviyyələrində davam edəcəyini söylədi, Tarix və Etnologiya və NDU arasında elmi-tədqiqat mərkəzinin yaradılmasının önəmini qeyd etdi. Belə bir mərkəzin magistr və doktorantların hazırlanması işinə də böyük töhfə verəcəyini açıqlayan E.İsayev NDU əməkdaşlarının Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi elmi jurnallarda məqalələrlə çıxışı ilə yanaşı, birgə elmi jurnalın təsis edilməsini, NDU-da onlayn və modul tipli dərslərin keçirilməsini mümkün saydı. İndiyədək Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi bir çox kitabları NDU-nun kitabxanasına hədiyyə etdiyini xatırladan E.İsayev elektron kitabxanaların qarşılıqlı olaraq istifadəsinin vacibliyini vurğuladı, bu sahədə də geniş imkanlar olduğunu bildirdi.
Onlayn görüşdə birgə ənənəvi konfransların keçirilməsi, Tarix və Etnologiya İnstitutunun Naxçıvanla bağlı tədqiqatlar aparmasına NDU əməkdaşlarının cəlb edilməsi, NDU magistr və doktorantlarının Tarix və Etnologiya İnstitutunda hazırlıq, praktika keçməsi, doktorantların hazırlanması, ortaq layihələrin həyata keçirilməsi və s. məsələlər müzakirələr olundu, birgə fəaliyyətin ölkəmizin elmi maraqlarına cavab verəcəyi qeyd etdi.
Görüşdə t.e.d. professor Şahin Fərzəliyev, t.e.d. Güllü Yoloğlu, t.e.d. Ədalət Qasımov. professor Hacı Həsənov çıxış edərək Tarix və Etnologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın Azərbaycan elminə-təhsilinə böyük töhfə verəcəyini vurğulayıblar.