Mar 27, 2024 | 16:05 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Milli ideologiya banisi Məhəmməd Əmin Rəsulzadə” adlı məqaləsi Türkiyənin Qars şəhərində nəşr olunan “Buta” beynəlxalq elmi araşdırmalar jurnalında dərc olunub.
Məqalə milli qurtuluş hərəkatının unudulmaz niimayəndələrindən Məmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətinə və yaradıcılığına həsr olunub. Məqalədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda yorulmadan mübarizə aparmış Məmməd Əmin Rəsulzadənin ictimai və quruculuq fəaliyyəti, zəngin ədəbi-siyasi irsi, elmi-nəzəri baxışları araşdırılıb.
Tədqiqat işində Məmməd Əmin Rəsulzadənin Türkiyəyə köçü və orada yaradılan mədəni-maarif dərnəklərindən ən nüfuzlusu olan “Türk Ocağı” dərnəyində onun türk ziyalılarının ən önəmli nümayəndələri ilə bir araya gəlməsi və s. haqqında da araşdırmalar aparılıb. Onların arasında Türkiyənin bir dövlət kimi siyasi inkişafında və müasirləşməsində mühüm rol oynamış Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə kimi tanınmış Azərbaycan yazıçıları və ictimai xadimləri, Türkiyənin ictimai xadimləri və ədəbiyyatşünasları da vardı.
Qeyd edək ki, Lalə Mikayılzadə “Buta” beynəlxalq elmi araşdırmalar jurnalının elmi şurasının üzvüdür.