Mar 19, 2024 | 11:48 Konfranslar, iclaslar
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə bütün əməkdaşları təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
O qeyd edib ki, iclasda “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP 29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda məruzənin dinləniləcəyini bildirib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid: COP 29-un hədəfləri kontekstində fəlsəfi təhlil” mövzusunda məruzə edib.
Məhəmməd Cəbrayılov bildirib ki, qlobal ekzistensial təhlükədən yaşıl dünyaya keçid haqqında düşünmək, xüsusən COP 29 “Bakı konfransında” qarşıya qoyulan məqsədlər kontekstində ekoloji fəaliyyət və davamlı inkişafla bağlı məsələləri fəlsəfi düşüncəylə nəzərdən keçirməkdir. Onun sözlərinə görə, bu düşüncə davamlı gələcəyə nail olmaq üçün ictimai, fərdi və etik məsuliyyətlərin, eləcə də COP 29-un məqsədlərinə nail olmaq üçün mövcud olan çağırışların və imkanların təhliliylə bağlı çoxlu sualların meydana çıxmasına imkanlar açır: “Yaşıl dünyaya keçid planetimizdə gələcək nəsilləri qorumaq üçün dərin etik imperativlərin formalaşmasını tələb edir. Bu, insan maraqlarını prioritet hesab edən antroposentrik baxışlardan bütün canlıların və ekosistemlərin daxili dəyərini qiymətləndirən ekosentrik və biosentrik perspektivə keçidin tələbidir”.
Alim fəlsəfi baxımdan məsələnin bu cür qoyuluşunun təkcə digər insanlara deyil, həm də qeyri-insani varlıqlara və ümumilikdə ətraf mühitə qarşı mənəvi öhdəliklərimizlə bağlı suallar doğurduğunu bildirib.
Onun sözlərinə görə, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP 29 mühüm gözləntilər və unikal yanaşmaları nəzərdə tutan böyük konfransda ətraf mühitin çirklənməsi, su qıtlığı, yoxsul ölkələrin yaşıl texnologiyaya çıxışına dəstək proqramları da daxil olmaqla bir sıra vacib ekoloji problemləri vurğulamaq və həll etmək məqsədi daşıyır: “Bölgə üçün narahatlıq doğuran Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi, işğaldan azad olunan ərazilərdə Ermənistanın apardığı ekosid siyasəti Azərbaycanın diqqət mərkəzində saxlamağa çalışdığı daha geniş ekoloji problemləri əhatə edir. Bu baxımdan COP 29 beynəlxalq konfransı təkcə ətraf mühitə atılan karbon emissiyasının azaldılması ilə bağlı ehtimal olunan ümumi razılşamanı nəzərdə tutmur, həm də ətraf mühitin regional və qlobal səviyyədə ümumi vəziyyətinin sağlamlaşdırılmasına yönəlmiş praktik addımların atılmasını hədəfləyir”.
Məhəmməd Cəbrayılov konfransın həm də münaqişəli ərazilərdə sülh gündəliyi və ekoloji vəziyyətin müzakirəsi ilə bağlı platforma rolunu oynayacağını da vurğulayıb. Qeyd edib ki, Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrin yeni nəsil yaşıl texnologiyalarla özünü təmin etməsi baxımından sülhün, ətraf mühitin qorunması məqsədilə COP 29 konfransında inkişaf etmiş ölkələrdən texnoloji dəstək üçün, maliyyə yardımının ayrılması nəzərdə tutan konseptual plana malikdir: “Bütün bunlar onu göstərir ki, rəsmi Bakının COP 29-da qlobal istiləşmənin məhdudlaşdırılması, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və bu səylər üçün maliyyənin səfərbər edilməsinə diqqət yetirməkdə əsas məqsədi 1992-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının və Paris Sazişinin ümumi hədəflərinə nail olmaqdır. Bakı konfransının qarşıya qoyduğu digər məqsədlərdən biri gücləndirilmiş şəffaflıq çərçivəsini müəyyənləşdirmək və digər kritik məsələlərlə yanaşı, kollektiv səviyyədə maliyyə üzrə yeni kəmiyyət hədəfini müəyyən etməkdir”.
Alim bütün canlılar arasında mövcud əlaqə zəncirinin qırılmasının hansı qlobal ekzistensial təhlükələr doğura biləcəyi, təbiət elmlərinin sorğuladığı məsələlər, qarşıya qoyulan məqsədləri ilə texniki, iqtisadi elmlərin tətbiqi zamanı meydana çıxan praktik nəticələr arasında uzlaşmayan tərəflərinə fəlsəfi rakursdan baxmağın ekoloji şüurun inkişafına necə təsir edə biləcəyini qeyd edib: “Bizi əhatə edən ekosistemin özünü bərpa və yenidən özünütəşkil imkanları hansı çərçivələrlə məhdudlaşır, iqlim dəyişməsində antropogen amilin rolu fiziki və geoloji amillərdən nə ilə fərqlənir? 2024-cü ildə COP 29-un Bakıda keçirilməsi ilə bağlı dünya birliyinin verdiyi ümumi qərarla bağlı səbəblər hansılardır? COP 29 Bakı konfransından hansı gözləntilər var və s. suallara mövzu daxilində cavablar axtarılır”.
Alim çıxışının sonunda mövzu istiqamətində gəldiyi nəticələrin konkret təkliflərini irəli sürüb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
Akademik Gövhər Baxşəliyeva ölkə Prezidentiin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinini respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramının – Elm Günü olaraq müəyyən edildiyini, bu günün qeyd edilməsini elmin cəmiyyətdəki nüfuzunun daha da gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi kimi yüksək dəyərləndirildiyini bildirib. Bununla bağlı elmi tədqiqat müəssisələrində Elm Gününə həsr olunmuş müxtəlif tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi, həmçinin institutun fəlsəfə doktoru hazırlığı üzrə II kurs əyani doktorantı Turan Qasımovanın əyani təhsildən qiyabi təhsilə keçirilməsi məsələləri müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Sonra tarix elmləri doktoru İlqar Niftəliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirovanın isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilməsi haqqında məsələlərə baxılıb.
Daha sonra bir qrup əməkdaş İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.