Mar 18, 2024 | 10:06 Konfranslar, iclaslar
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan etnologiyası: perspektivlər və prioritetlər” mövzusunda elmi seminar keçirilib.
Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d., professor Kərim Şükürov tədbiri giriş sözü ilə açaraq bildirib ki, seminarın keçirilməsində məqsəd Azərbaycan etnologiya elminin inkişafı, tədqiqat istiqamətləri, yeniliklər və problemlər barədə müzakirənin aparılmasıdır. AMEA Rəyasət Heyətinin qərarları institutun baş planı, şöbələrin illik planları, hesabatlar, əmək intizamı və s. məsələlərə toxunan direktor institutda görülən işlər, yeniliklər, etnologiya şöbələrinin uyğunlaşma prosesi haqqında məlumat verib.
Tarixi etnologiya şöbəsinin müdiri t.e.d., dosent İlhamə Məmmədova “Etnoqrafiyadan etnologiyaya: mövcud problemlər və həlli yolları” mövzusunda çıxış edərək Azərbaycan etnoqrafiya elminin inkişafından söz açıb. AMEA-da struktur islahatları çərçivəsində institutun Tarix və Etnologiya adlandırılmasını dünya elminə uyğunlaşma baxımdan mühüm addım sayılır. Məruzəçi etnologiyanın nəzəri problemləri, dünya xalqlarının etnologiyasının öyrənilməsi, etnoqrafik ekspedisiyaların təşkili və s. məsələlərə toxunub.
Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri t.e.d., dos. Güllü Məmmədli “Türk xalqlarının milli dəyərlərinin müqayisəli araşdırılması Azərbaycan etnologiyasının prioritetlərindən biri kimi” mövzusunda çıxış edərək sovet dövründə “türkologiya” adı altında yalnız türk dillərinin tədqiqinə diqqət yetirildiyini, türk xalqlarının tarixinin, etnologiyasının öyrənilmədiyini söyləyib, müasir dövrdə bu çatışmazlığı aradan qaldırmaq zərurəti yarandığını bildirib. G.Məmmədli bütün türk xalqlarının, o cümlədən azsaylı türk xalqlarının tarix və etnologiyasının müqayisəli şəkildə öyrənilməsinin Azərbaycan etnologiyasının qarşısında duran prioritet məsələlərdən olduğunu dedi.
Müasir dövr etnologiyası şöbəsinin müdiri t.ü.f.d., dosent Şövqi Həsənov “Azərbaycan etnologiyası müasir dövrün tələbləri müstəvisində” mövzusunda danışarkən bildirib ki, İkinci Qarabağ müharibəsində parlaq qələbəmizdən sonra yeni siyasi, iqtisadi, sosial reallıqlar yaranıb. Azərbaycan etnologiya elmi tədqiqatlara müasir dövrün reallıqları müstəvisində baxmalıdır və konkret istiqamətlərin müəyyənləşdirilməsi üçün elmi müzakirələr genişləndirilməlidir.
Tarix və Etnologiya İnstitutunun elmi katibi t.ü.f.d., dos. Bəhmən Əliyev “Azərbaycan və dünya etnologiyasının inkişaf istiqamətləri” mövzusunda çıxış edərək, hələ 1920-ci illərin sonlarında sovet elmində “etnoqrafiya” adından imtina olunub. Bu 1989-cu ilədək davam etmiş, həmin il Alma-Ata keçirilmiş etnoqraf və antropoloqlarının ümumittifaq konfransında rəsmi şəkildə etnologiya adının seçilməsi qərara alınıb, eyni zamanda etnoqrafiya adı sinonim kimi saxlanılıb. Azərbaycan alimləri həmin tədbirdə iştirak etməyib. B.Əliyev yaxın gələcəkdə “Azərbaycan etnologiyası” jurnalının nəşrinin elmin inkişafına mühüm töhfə olacağını söyləyib.
Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dos. Tahir Şahbazov “Müasir etnoloji tədqiqatlarda prioritet mövzular” haqqında danışarkən, tarixdəki dövrləşmə məsələsinin etnologiya üçün də aktual olduğunu açıqlayıb. Azərbaycan xalqının etnogenezi, etnik tarix, xaricdə yaşayan azərbaycanlılar, qloballaşmanın təsirləri ilə bağlı mövzuların işlənməsini, Azərbaycanın etnoqrafik atlasının, etnoqrafik turizm marşrutlarının yaradılmasını vacib sayıb.
Tarixi etnologiya şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. İsmayıl Umudlu “Azərbaycanda şəcərələrin öyrənilməsinin etnoloji aspektləri” mövzusunda çıxış edərək vurğulayıb ki, geneologiya etnologiya elminin daxilində yeni konsepsiya sayılır, xalqın etnogenezi, etnik tarixini öyrənərkən geneoloji mənbə bazası mühüm rol oynayır.
Müasir dövr etnologiyası şöbəsinin baş elmi işçisi t.e.d., prof. Nərgiz Quliyeva “Qarabağ müharibələrinin Azərbaycan ailələrinə təsiri və Böyük Qayıdış Proqramının həyata keçirilməsi prosesinə etnoloji baxış” mövzusunda danışaraq müasir dövrdə aktual olan elmi məsələlərə diqqət yetirilməsini, milli özünüdərk, miqrafiya prosesləri, etnik-dini münaqişələrlə bağlı tədqiqat mövzularının seçilməsini vacib sayıb.
Aparıcı elmi işçi t.ü.f.d., dos. Rafiq Səfərov “Azərbaycanda etnoloji və etnodemoqrafik tədqiqatların inkişafı”, Müasir dövr etnologiyası şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dos. Könül Əsədli “Azərbaycanın milli-mənəvi dəyərləri haqqında” çıxış ediblər.
Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d., prof. Kərim Şükürov tədbirə yekun vuraraq “Azərbaycan etnologiyası” adlı ümumi kitab hazırlanacağını açıqladı, hər bir şöbənin aktual layihələrlə çıxış etmələrini, qrant müsabiqələrində iştirak etmələrini vacib saydı, Etnoqrafiya Muzeyinin, Akademiyada Etnoqrafiya Fondunun, Bakının Etnoqrafik Atlasının yaradılmasının bu günün aktual məsələlərindən olduğunu bildirdi. Elmi durğunluqdan çıxmaq üçün ciddi addımlar atılmasını vacib sayan institut direktoru etnologiya ilə bağlı mövzulara yenidən baxılmasını, etnologiyanı praktiki elm sahəsinə çevrilməsinin əhəmiyyətini vurğuladı. Professor Kərim Şükürov “Azərbaycan etnologiyası tarixi, müasir vəziyyəti və perspektivləri” mövzusunda məqalələr toplusunun hazırlanacağını, etnologiyanın populyarlaşdırılması istiqamətində addımlar atılacağını, Etnoloji xidmət yaradılması üçün müvafiq işlər görüləcəyini və müzakirələrin müntəzəm surətdə davam etdiriləcəyini vurğulayıb.