AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Dünya sənaye inqilabları və dünyagörüşü konsepsiyası
Mar 01, 2024 | 09:50 Yeni nəşrlər

V  yazı

Əvvəli

III Dünya Sənaye inqilabı elektron mühəndisliyi, elektron hesablama maşınları, kompüterlər və ya robotlarin ixtirası, sadə mexaniki iri və mürəkkəb maşınların yaranması ilə IV Dünya Sənaye İnqilabını yetişdirmiş oldu və bu Süni intellekt sistemi əsrinin başlanğıcı oldu.

IV Dünya Sənaye İnqilabını Sənaye 4.0 kimi də ifadə edirlər. Sənaye 4.0 bəşəriyyətin tərəqqisində istehsal, texnologiyalar və süni intellekt habelə robot texnologiyasının zirvə mahiyyətini xarakterizə edir. Ənənəvi biznes modellərinin, proseslərin və əməliyyatların rəqəmsal transformasiyasından, ağıllı əşyalardan, ağıllı fabriklərdən, ağıllı səhiyyədən, ağıllı təhsil və s. ağıllı kəndlərə kimi hər şey Sənaye 4.0 fenomeninin xəritəsinə aiddir. Ağıllı aləmin isə varlığını internet, deməli süni intellekt təşkil edir.

“Sənaye 4.0” terminini ədəbiyyata 2016-cı ildə professor Klaus Şvab gətirmişdir. Klaus Şvab Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədridir. Onun Sənaye inqilablarının məzmun və mahiyyəti ilə bağlı, o cümlədən insan-maşın münasibətləri, robot texnikasının inkişaf etdirilməsi, reallığın geniş inteqrasiyası və maşın avtomatlaşdırılması haqqında nəzəri analitik təhlilləri vardır.     

Məsələn, “Sənaye 4.0 - IV Sənayə İnqilabı” məqaləsində professor Klaus Şvab yazır ki, “Birinci Sənaye İnqilabının buxarla işləyən fabrikləri, İkinci Sənaye İnqilabının elmin kütləvi istehsala və istehsalata tətbiqi və Üçüncü Sənaye İnqilabının rəqəmsallaşmaya başlaması kimi, Dördüncü Sənaye İnqilabının süni intellekt, genomların redaktəsi, robotlaşdırma reallığı kimi texnologiyaları və 3-D çap insanların dəyər yaratma, mübadilə və paylaşma üsullarını sürətlə dəyişir. Əvvəlki inqilablarda olduğu kimi, bu, institutları, sənayeləri və fərdləri kökündən dəyişdirəcək. Daha da əhəmiyyətlisi, bu inqilab insanların bu gün etdiyi seçimləri rəhbər tutacaq: 50-100 ildən sonra dünya bizim bu güclü yeni texnologiyalar haqqında necə düşünməyimizə, investisiya etməyimizə və tətbiq etməyimizə borclu olacaq” (The Fourth Industrial Revolution. https://www.britannica.com/topic /The-Fourth-Industrial-Revolution-2119734).

Məqalədə Sənaye 4.0- Sənaye İnqilabının da texnologiyaların inkişafına əsaslanacağı qeyd olunur, eyni zamanda onun  müxtəlif tərəflərdən həm müsbət, həm də mənfi təsiri, habelə bu dövrdə həyata keçirilən əsaslı dəyişikliklərin inklüziv, insan  amilinin üstün tutulması üçün fəal şəkildə formalaşdırılması şərtləri vurğulanır. Tədqiqatçı bu inqilabın texnologiyadan daha çox qlobal icmaları birləşdirmək, dayanıqlı iqtisadiyyat qurmaq, idarəetmə modellərini uyğunlaşdırmaq və modernləşdirmək, maddi və sosial bərabərsizlikləri azaltmaq və inkişaf etməkdə olan texnologiyaların dəyərlərə əsaslanan liderliyinə sadiq olmaq prinsiplərini də irəli sürür və Sənaye 4.0 - IV Dünya Sənayə İnqilabını gələcəyin proqnozu deyil, rifahın, insan ləyaqətinin və nəsillərarası idarəçiliyin ortaq dəyərləri ətrafında qurulmuş sosial və iqtisadi inkişaf üçün daha ümidverici əməkdaşlıq və dayanıqlı zəmin yaradan üsullarla texnologiyaları inkişaf etdirmək, yaymaq və idarə etmək üçün ümumi fəaliyyətə çağırış kimi qiymətləndirır(The Fourth Industrial Revolution. https://www.britannica.com/topic/The-Fourth-Industrial-Revolution-2119734). 

Sənaye 4.0-ın əhatə dairəsinə aid olan Texnologiyalar ümumiləşdirilmiş şəkildə aşağıdakılardan ibarətdir. 

1.Sensor yerləşdirilməsi ilə yanaşı blokçeyn tətbiqləri vasitəsilə aktivləşdirilmiş internet imkanlarını əhatə edən bulud texnologiyası vasitəsilə əlaqə.

2.Süni intellektə əsaslanan strategiyalardan istifadə edən qabaqcıl metodologiyaları özündə birləşdirən analitika.

3.Robotik əsaslı mexanizmlərdən istifadə edən avtonom nəqliyyat vasitələri ilə tamamlanan virtual reallıq mühitlərində özünü göstərən insan-maşın qarşılıqlı əlaqəsi.

Nanohissəciklərin xassələrindən istifadə etməklə bərpa olunan enerji mənbələrinə birləşən üçölçülü çap innovasiyaları kimi əlavə istehsal prosesləri vasitəsilə nümunə verilmiş qabaqcıl mühəndislik texnikaları (A.Ricadela.Industry4.0Challengesand Risks.https://www.oracle.com/industrial-manufactur/industry-4-challen ges/).

IV Dünya Sənaye İnqilabının rəqəmsal, robot texnikası, Əşyaların İnterneti (IoT), 3D çap, kvant hesablamalarından tutmuş gen mühəndisliyi-insan geninin dəyişdirilməsinə kimi çoxçeşidli sənaye sahələri təbii olaraq dünya elmi düşüncəsini bir-birinə yaxınlaşdırması, iqtisadiyyatın, tibbin, astronomiyanın, kibernetikanın və s. ümumi müstəvidə fəaliyyətini şərtləndirməklə yanaşı Süni intellekt sisteminin bütün bəşərin faydası üçün ortaq maraqlara istiqamətləndirir.

Sənaye 4.0 – bu bəşəri tərəqqi mərhələsinin elmi-təcrübi qiymətləndirilməsi deməyə əsas verir ki, süni intellek və robot texnikasının dünya insan cəmiyyəti üçün heç də ümidverici olmayan tərəfləri vardır. Xüsusilə qeyd etməliyik ki, süni intellekt və robot texnikası insan əməyinə ehtiyacla birlikdə iş yerlərini geniş miqyasda azaltmaqla dünyada qeyri-bərabərliyi, diktaturanı gücləndirəcəyi barədə proqnozlar çox genişdir.

Sənaye 4.0- haqqında təhlillərlə zəngin olan “Dördüncü Sənaye İnqilabı: İlkin şərtlər və məzmun” (Леонид Г. Мельник Четвёртая промышленная революция: предпосылки и содержание Aктуальні Pроблеми eкономіки №9(183), 2016. https://core.ac.uk/download/pdf/324248356.pdf) - adlı bir internet məqaləsinə müraciət etməklə biz bu bəşəri tərəqqinin mahiyyətini daha dərindən dərk edə bilərik. 

Belə ki, məqalə müəllifi Leonid G. Melnik hələ on il əvvəl “Dördüncü Sənaye İnqilabı: İlkin şərtlər və məzmun məqaləsində bu tarixi texnologiyalar fenomeninin məzmun və mahiyyətini müxtəlif aspektlərdən obyektiv-məntiqi şəkildə təhlil etmiş və  belə bir nəticəyə gəlmişdir ki,  IV Dünya Sənaye İnqilabı bəşəriyyətə təkcə danılmaz üstünlüklər deyil, həm də ciddi təhlükələr gətirə bilər. Əsas olanlar sosial sferadadır və bir insanın iqtisadi həyatın periferiyasına sövq edilə bilməsi, burada ona istehsal və istehlak zəncirində bağlanma halqası rolu təyin ilə əlaqələndirilməsidir, hətta o təmin olunsa belə. bunun üçün kifayət qədər vəsait tələb olunacaqdır (Леонид Г. Мельник Четвёртая промышленная революция: предпосылки и содержаниеAктуальні Pроблеми eкономіки №9(183), 2016. https://core.ac.uk/download/pdf/324248356.pdf). L.Melnik təhlilləri ilə belə bir nəticəyə gəlmişdi ki,  Sənaaye - 4.0. - Dünya Sənaye İnqilabının ziddiyyətlərindən bəşəriyyəti yalnız onun kollektiv ağlı xilas edə bilər ki, bu da işsizliyi, - insanın sənaye məşğulluğunun azalmasını sosial və şəxsi inkişaf vasitəsinə çevirə bilər. Əslində, bu, 20 ildən artıqdır ki, tarixi Zirvə toplantısında elan edilmiş şəbəkənin inkişafının əsas məqsədidir (Леонид Г. Мельник Четвёртая промышленная революция: предпосылки и содержаниеAктуальні Pроблеми eкономіки №9(183), 2016. https://core.ac.uk/download/pdf/324248356.pdf).

Azərbaycan Respublikası da gənc müstəqil respublika kimi Dünya Sənaye İnqilabı hadisəsində qabaqcıl çağırışların hamısında olduğu kimi öndədir və sosial-iqtisadi sferada ən qlobal problemlərin həllinə cavab vermək qətiyyəti göstərməkdədir. Bu fikrimizi  Azərbaycan Respublikasının rəqəmsal iqtisadiyyat və texnologiyaların inkişafı sahəsində yüksək inkişaf xətti, tarixi Dünya Sənaye İnqilabı hadisələrinin izlənilməsi, dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli Sərəncamı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi əsaslı şəkildə təsdiqləyir. 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirir: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir” (Sənaye inqilablarında tarixi yol. https://www.digital.gov.az/digitalazerbaijan/az/blog/44/dorduncu-senaye-inqilabi-suretli-inkisaf-insanlari-gozleyen-tehluke) .

Azərbaycan Respublikasının 2020-ci ildə 30 il erməni işğalı altında olan torpaqlarını qəti qələbə ilə azad etməsi Azərbaycan xalqının öz qədim diyarlarına “Böyük Qayıdış”ı üçün əsaslı zəmin hazırladı. Azad edilmiş vətən torpaqlarında, - düşmən taptağından qurtarılmış hər bir yurdda IV Sənaye İnqilabının texnoloji xəttinə uyğun “Ağıllı kənd” layihəsinə start verilməsi, eləcə də Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikitisinə başlanılması bütün region üzrə kommunikasiya işlərinin gücləndirilməsi Azərbaycan Respublikasında iqtisadi, sənaye və texnoloji inkişafın real əsaslarını təsdiqləyir.  

Hazırda Dağlıq Qarabağ regionunda enerji infrastrukturunun kommunikasiyası, Enerji, “Azəristilik təchizat” və başqa Şəhərsalma və quruculuq layihələrinin daxil olduğu “Böyük Qayıdış” Dövlət proqramının həyata keçirilməsi gündəmdədir ki, bu IV Sənaye inqilabının əsas sahələrini və prinsiplərini nəzərdə tutur.

Azərbaycanda IV Dünya Sənaye inqilabının tələblərinə cavab verilməsi istiqamətdə   2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Azərbaycan nümayəndəliyinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanması, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzinə Müvafiq olaraq, ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək məqsədi ilə  Dünya İqtisadi Forumunun C4IR Şəbəkəsinin Affiliasiya Mərkəzinin filialının MDB məkanında ilk olaraq Azərbaycanda yaradılması Qlobal Beynəlxalq iqtisadi və ictimai-siyasi mahiyyətdə böyük nailiyyətdir. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi, həmçinin 2021-ci il aprelin 1-dən Affiliasiya Mərkəzinin fəaliyyətini əlaqələndirir. Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi platformaları ilə əməkdaşlıq edir. Əşyaların İnterneti, şəhər transformasiyası və rəqəmsal ticarət və iqtisadi platformalar çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Paralel olaraq müxtəlif ölkələrdə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) yaradılmış Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi ilə güclü əməkdaşlığın qurulması və genişləndirilməsi istiqamətində səylər göstərilir”( IV Sənaye İnqilabı. https://www.economy.gov.az/en/page/dorduncu-senaye-inqilabi).

Beləliklə, Sənaye 4.0 – IV Dünya Sənaye inqilabı sürətlə davam edir.  Nailiyyətləri saysız-hesabsızdır. Məişətimizdən tutmuş gündəlik ünsiyyətimizə kimi, elmi yaradıcılıq və sonsuz düşüncə və sənət sahələrini əhatə edən miqyassız, ölçüsüz bir aləm. Adı Sənaye inqilabı adlanan bu aləm bəlkə adındakı inqilab sözündən qaynaqlanaraq dağıdıcılıq, çevriliş mahiyyətində də dərk olunur.

IV Sənaye inqilabı. Buinqilabin  I, II, III dövrü arxada qalıb.  Onlar da zamanında nailiyyətləri ilə gündəmdə idilər. Bəşər arxada qalan Sənaye İnqilabları ilə tərəqqi edir, gələcəyə doğru irəliləyirdi. Amma onlar yerlərini növbəti nəsillərinə verdilər. Çünki böhranlarla qarşılaşdılar. Bəs IV Dünya Sənaye inqilabı necə olacaq? Onun belə miqyassız nailiyyətləri hara qədər yüksələcək?

Sənaye 4.0 – IV Dünya Sənaye inqilabının Kanadalı analitiki Metyu Vavrin “A Comprehensive Guide to Industry”(4.0 Sənaye 4.0 Sənaye 4.0 üçün hərtərəfli bələdçi) araşdırmasında təhlilləri təsdiq edir ki, IV Dünya Sənaye inqilabında uğurlarla problemlər paralel addımlayır. Böhranlıq müxtəlif sahələri əhatə edir və bəzilərinin  həlli heç görünmür. Bir məsələ də vardır ki, IV Dünya Sənaye inqilabı nəsil baxımından da, dövrə görə də əvvəlki “inqilablardan” qloballıq xarakterinə  baxımından hədsiz dərəcə də fərqlənir. Süni intellekt sisteminin və robot texnikasının bu sənaye inqilabında əsas təşkil etməsi tərəqqini gücləndirdiyi kimi böhranları da yetişdirir və dərinləşdirir(Matthew Wawrin. A Comprehensive Guide to Industry. https://www.clickmaint.com/blog/industry-4-0) .

Metyu Vavrin göstərir ki, IV Sənaye İnqilabı kimi də tanınan Sənaye 4.0, sənayelərin necə fəaliyyət göstərməsində əhəmiyyətli transformasiyaya istinad edir. Bu, istehsal və istehsal proseslərində əsas paradiqma dəyişikliyini təmsil edir. O, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), məlumat analitikası, bulud hesablamaları və əlavə istehsal (3D çap) kimi qabaqcıl texnologiyaların  sintezi ilə idarə olunur.  Heineken 1864-cü ildə yaradılmış qlobal pivə istehsalı titanı kimi tanınır. Hazırda o, dünyanın ikinci ən böyük pivə istehsalçısı kimi tanınır 70-dən çox ölkədə 160-dan çox pivə zavoduna sahib olmaqla və Birləşmiş Ştatlar daxilində müxtəlif pivə portfelindən 8,5 milyon bareldən çox məhsul satır. Belə böyük nailiyyətinə baxmayaraq, şirkət böhran vəziyyətindən sığortalanmayıb və ciddi yüksəlişdə davamlılıq üçün təkmilləşməyə ehtiyacı vardır (Matthew Wawrin. A Comprehensive Guide to Industry. https://www.clickmaint.com/blog/industry-4-0) . 

Metyu Vavrin  kimi  dünyanın müxtəlif iqtisadiyyatçıları da IV Dünya Sənaye inqilabının böyük məhsuldarlıq, bazar iqtisadiyyatı, məhsulların keyfiyyəti, texnologiyanın yüksəkliyi, qiymət münasibliyi məsələlərini müsbət qiymətləndirrdikləri kimi iş yerlərinin sürətlə azalması, işsizliyin artımı, kibertəhlükəsizlik və s. problemləri qaçılmaz və həlli mümkünsüz hesab edirlər. Məsələn, Klaus Şhab “IV Sənaye İnqilabı”  məqaləsində vurğilayır ki, “İqtisadçılar Erik Brynjolfsson və Andrev McAfee-nin qeyd etdiyi kimi, bu inqilab xüsusilə əmək bazarlarını pozmaq potensialında daha böyük bərabərsizlik yarada bilər. Avtomatlaşdırma bütün iqtisadiyyatda əməyi əvəz etdiyinə görə, işçilərin maşınlar tərəfindən xalis yerdəyişməsi kapitala gəlir və əməyə gəlir arasında fərqi daha da gücləndirə bilər. Digər tərəfdən, o da mümkündür ki, işçilərin texnologiya ilə yerdəyişməsi, ümumilikdə, təhlükəsiz və faydalı işlərdə xalis artımla nəticələnəcək” (Klaus Shawab. The Fourth Industrial Revolution. https://www.britannica.com/topic/The-Fourth-Industrial-Revolution-2119734).

Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0 (Sənaye 5.0-da dəyişikliklər və təkmilləşdirmələr: Sənaye 4.0-ın çətinliklərini aradan qaldırmaq üçün strateji yanaşma)  məqaləsinin müəllifləri (Moin Khan, Abid Haleem, Mohd Javaid.Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0. https://www.sciencedirect .com/science/ article/ pii/ S2949736123000131), - geniş həcmli tədqiqatlarında  Sənaye 4.0-ın aşağıdakı problemləri önə çəkirlər: “Sənaye 4.0-ın üzləşdiyi mühüm problemlərdən biri texniki inteqrasiyadır. Rəqəmsallaşmanın öhdəsindən gəlmək üçün potensialı olmayan texnologiyalardan istifadə keyfiyyətsiz məhsulların istehsalına səbəb ola bilər. Bundan əlavə, yeni İT texnologiyalarının tətbiqi əlavə vəsait tələb edir. Həmçinin, maşınlar arasında düzgün əlaqəni təmin etmək üçün standart protokollar hazırlanmalıdır.

2.Məlumatların və inforrmasiyaların təhlükəsizliyi təşkilatların üzləşdiyi digər əsas problemdir. IoT sənayeləri üçün sənaye casusluğu və icazəsiz giriş təhlükəsi mövcuddur. 2016-cı ildə neft, qaz və enerji sektorlarında fəaliyyət göstərən şirkətlərin təxminən 75%-i ən azı bir kiberhücumla üzləşib. Səhiyyə sektorunda xəstələrin monitorinqi və onların məlumatlarının məxfi saxlanması təhdidlərə meyllidir. Məlumatların məxfiliyi yük sənayesində mühüm problemlərdən biridir. İnternetə əsaslanan sistemlər, xüsusən də IOT əsaslı sistemlər kiberhücumlara daha çox meyllidir.

3. Sənaye 4.0-ın üzləşdiyi digər problem insan resursları məsələsidir. Belə bir mühitdə işləmək üçün işçilərdən adekvat təlim tələb olunur. Bu, ağıllı işçilərin ağıllı fabriklərin öhdəsindən gələ bilməsi üçün yüksək idarəetmə təcrübsi tələb edir. Düşünülmüş “siyasətlər” daha çox innovasiyaya səbəb olmaqla, dinamik imkanları artıra bilər .

4. ... Məlumatların məxfiliyi və inteqrasiyanın idarə edilməsi təchizat zəncirinin idarə edilməsində üzləşdiyi ən böyük problemdir .

5. Sistem mürəkkəbliyinin  dərinləşməsi və daha geniş imkanlara malik texnologiyaların istifadəsi təşkilatların üzləşdiyi başqa bir problemdir. Bu, məhsulun təhlükəsizliyinə və keyfiyyətinə təhlükə yaradır(Moin Khan, Abid Haleem, Mohd Javaid.Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0. https://www.sciencedirect .com/science/ article/ pii/ S2949736123000131). 

Göründüyü kimi Sənaye 4.0-ın böyük uğurları, nailiyyətləri kimi qlobal, böhran xarakterli   problemləri mövcuddur. Bu ciddi çağırışlar doğurur ki, burada ən əsas məsələ hərtərəfli bilik, güclü intellektdir. Yaradıcı intellektsiz bu Sənaye dövründə nəinki uğur qazanmaq mümkün ola bilər, hətta kosmik sürəti belə aşan tərəqqi – inkişaf xəttində ən zəngin fərdlərin müflisləşməsi baş verə bilər. Tədqiqaçılar IV Dünya Sənaye inqilabının aşağı və orta gəlirli ölkələrə fayda verəcəyinə ümidsizlik ifadə edirlər ki, bu dünyada qeyri-bərabərliyin hökm sürməsi kimi qlobal problemi ehtiva edir.  

IV Dünya Sənaye inqilabının gələcək taleyi haqqında sentimental məzmunda, bədbinlik, narahatçılıq, psixoloji qorxu hissləri oyadan bir proqnoz da bu düşüncəni təsdiq edir. Danimarkalı siyasətçi Ida Auken “Daimi iş yoxdur, şəxsi mülk yoxdur” başlıqlı tezisində yazır: “2030-cu ilə xoş gəlmisiniz! Mənim şəhərimə, yaxud da daha yaxşısı, bizim "şəhərə" xoş gəlmisiniz!. Mənim heç bir şeyim yoxdur. Heç nəyə sahib deyiləm. Şəxsi maşınım yoxdur. Evim də yoxdur. Nə məişət texnikam var, nə də öz paltarım (Четвертая Промышленная Революция. https://www.finam.ru/landings/revolution/).

Əlbəttə, hər bir sahədə olduğu kimi IV Dünya Sənaye İnqilabının da sələf və xələf  ənənəsi vardır. Fikrimizcə, IV Sənaye İnqilabının “sələflər nəslinin” bəşəriyyət üçün yaratdığı irili-xırdalı problemləri aradan qaldırmağa qadir növbəti “İnqilab” haqqında futuralistlərin qənaətləri ilə də tanış olmaq  maraqlı olar. Belə ki, Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0 (Sənaye 5.0-da dəyişikliklər və təkmilləşdirmələr: Sənaye 4.0-ın çətinliklərini aradan qaldırmaq üçün strateji yanaşma) məqaləsində Sənaye 5.0-ın ümumi xarakteristikası belə verilmişdir: “Sənaye 5.0, insan və maşının mövcud intellektual sistemlərlə inteqrasiya yolu ilə insan beyin gücü və yaradıcılığından tam istifadə etməklə prosesin səmərəliliyini artırmaq üçün birlikdə işləyəcəyi fabriklərdə insan işçi qüvvəsinin mövcudluğunu canlandırmaq cəhdidir. 44]. Sənaye 5.0-ın əsas məqsədlərindən biri sənayenin yenilənməsindən istifadə etməklə tullantıların idarə olunmasıdır. Sənaye 5.0 yeni əlavə edilmiş funksiyalarla Sənaye 4.0-ın təkmilləşdirilmiş versiyası olan Şəbəkə sensoru məlumatlarının qarşılıqlı əlaqəsini ehtiva edir. Bunlardan bəziləri Ağıllı Əlavəli İstehsal, Proqnozlaşdırıcı texniki xidmət, Sənayedə Hiper fərdiləşdirmə, Kiber-Fiziki Koqnitiv sistemlər və Kollaborativ Robotların tətbiqidir” (Moin Khan,  Abid Haleem,  Mohd  Javaid.Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0. https://www.sciencedirect .com/science/ article/ pii/ S2949736123000131).

Analitiklər Sənaye 5.0-ı geniş şəkildə təhlil edirlər. Alınan elmi qənaət ondan ibarətdir ki, Sənaye 4.0- IV Sənaye inqilabında İnsanın yaradıcı şüuru üstünlük təşkil etməklə süni intellekt və texnologiylar ənənəsini ən yüksək tərəqqi zirməsinə qaldıracaqdır. İnsan bir növ öz qüdrətini öz yaratdığı məhsula qurban verəcəkdir. İnsan öz şüurunun gücü ilə özünü ikinci planda qərarlaşdırmağa şərait yaradacaqdır.

Hazırda isə bütün düünyada Sənaye 4.0 - Dördüncü Sənaye İnqilabı cərəyan edir və bu sosial-siyasi məzmn və mahiyyətdə güclü sistem bizim yaşamaq, işləmək və bir-birimizlə ünsiyyət tərzimizi əsaslı şəkildə dəyişməklə bizi süni intellekt, robototexnika, kibertəhlükəsizlik və s. daxil olmaqla, geniş sahələrdə texnoloji nailiyyətlərlə və digər tərəfdən dünyanı dəyişəcək hadisələri ilə təəccübləndirməkdə yoluna davam edəcəkdir.  

Əlbəttə bu proseslərdə ümumi tarix və onun bir hissəsi, əsas da Sənaye 4.0-ın hələ addımları eşidilməkdə olan Sənaye 5.0-ın da tarixinin də daxil olduğu tarix səlnaməsinin vərəqlənməsinə, deməli, təzələnməsinə ehtiyac günbəgün aktuallıq kəsb edəcəkdir.

Bu inkişaf dövrlərlərində təbii olaraq əvvəl İnsanın əxlaq şüuru, mənəvi maraqları və bu ardıcıllıqda dini inanclar yaranmışdır ki, insan dünyagörüşünü bu şüur hadisələrindən təcrid olunmuş təsəvvür etmək mümkünsüzdür. Məsələn, Tunc dövründə hinduizm Hindistan yarımadasında təşəkkül tapmış, sonra Buddizm, Konfutsuçilik, həmçinin Zərdüştlik və s. daha sonrakı dövrlərdə monoteist dinlər,- Yəhudilik,  Xristianlıq və ən sonuncu İslam dini yaranaraq arxada qalan və cərəyan edən svilizasiyalar boyu insanlarının əxlaq, mənəviyyat, habelə idarəçilik, davamda siyasi idarəçilik, onun da ayrılmaz hissəsi olan Liderlik şüurunu yaradıb genişləndirmişdir ki, bu da dövrün, kütlənin və fərdlərin onların dünyagörüşünün sistemli şəkildə formalaşmasında əsas rol oynamışdır.

Əlbəttə “Sənaye İnqilabları və Dünyagörüşü” başlıqlı geniş həcmli araşdırma yazımızın əvvəlində də qeyd etdiyimiz kimi dünyagörüşü insan şüurunun məhsuludur. İnsan isə dünyanı dövrün cərəyan edən hadisələri, ətraf mühüt habelə dahiləri və ya tarixi şəxsiyyətləri vasitəsi ilə dərk edir. Bu baxımdan həm dünyaya, həm insana xas saysız-hesabsız uyğunluğu özündə birləşdirən dünyagörüşü dünyaya və insana aid olduğu üçün miqyası, ölçüsü, forması, məzmunu hesablanmanın, ifadə və izahın fövqündə bir hadisədir. Eyni zamanda dünyagörüşü ana və övlad, hətta əkizlər qədər oxşarlıqları bir-birindən yerlə-göy qədər fərqləndirir.

Tarixi yanaşmada düyagörüşü dəyişəndir. Onun obyektləri tez-tez köhnəlir və ya o sürətlə yenilənir. İnsana çox vaxt qiymət elə dünyagörüşünün “köhnəliyinə - yeniliyinə” görə verilir.  

Beləliklə, Sənayə inqilablarının  proqres səviyyəsi, digər tərəfdən onların reqres, böhran vəziyyətləri dünyagörüşü hadisəsindən asılı olaraq cərəyan edir və bunu İnsan amili, xüsusilə də kütlənin içərisindən çıxan, inqilabi kəşflərin, tərəqqini ehtiva edən elmi, ədəbi və sənət əsərlərinin müəllifləri olan fərdlər müəyyən edir.

Fikrimizcə, artıq bütün dünyada IV sənaye inqilabının davamı Sənaye 5.0. hətta Sənaye 6.0 evolyusiyası üçün yüksək intellektuallığa malik, zəngin dünyagörüşlü İnsan resursları yetişmişdir. Ancaq süni intellektə əsaslanan hazırki zamanın öz axarında Sənaye 5.0. hətta Sənaye 6.0 tərəqqi məzmun və mahiyyəti ilə həyatımıza daxil olarkən dünyanın əşrəfi İnsan kütləviliyinə, elm sahələrinə və əvvəlki Sənaye inqilabları dövrünün “tanıdığı” alimlərə, müəlimlərə, həkimlərə, klassik təsəvvürlərdəki rəssam və şairlərə - bütövlükdə dini inanclara, ənənəvi etik və estetik şüura ehtiyac qalacaqmı – sualı konkret  şəkildə cavablana bilmir.

Biz Dünya Sənaye inqilabları və dünyagörüşü konsepsiyası adlanan araşdırma yazımızı Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi Zadənin qiymətli mənntiqi-obyektiv fikirləri ilə tamamlamağı məqsədəuyğun hesab edirik.

Öz elmi nəzəriyyəsində riyyaziyyat, kibernetika, məntiq, informatika elmləri ilə bərabər Allahın kitabı Qurani Kərim kitabının dərkinə əsaslanmış, o cümlədən Süni intellekt sistemini həm nəzəri, həm tətbiqi baxımdan yüksək inkişaf pilləsinə qaldırmış Lütfi Zadənin dünyagörüşündə süni intellektin yeri belə olmuşdur: “Bir maşının heç vaxt insanı əvəz edə bilməyəcək” (Moin Khan,  Abid Haleem,  Mohd  Javaid.Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0. https://www.sciencedirect .com/science/ article/ pii/ S2949736123000131).

Görkəmli alim bu məsələyə belə şərh vermişdir: “Məsələn, ən güclü və ən gözəl axtarış motoru olan Google-u götürün və ona sual verin, Buşun neçə yaşı var və ya Azərbaycanın əsas şəhəri hansıdır? Maşınlar cavab verə bilməyəcək. Bundan başqa əgər səsvermə olsa ki, qeyri-səlist məntiq lazımdırmı, əminəm ki, 99% -i əleyhinə cavab verəcək, amma 15-20 il sonra isə səhv etdiklərini deyəcəklər” (Moin Khan,  Abid Haleem,  Mohd  Javaid.Changes and improvements in Industry 5.0: A strategic approach to overcome the challenges of Industry 4.0. https://www.sciencedirect .com/science/ article/ pii/ S2949736123000131).

Lütfi Zadənin bu baxış bucağı “Dünya Sənaye inqilabları və dünyagörüşü konsepsiyası” mövzusunda silsilə araşdırma yazımızın əsas ideyasını diqqət önünə gətirir. Beləki, necəki insan şüurunu heç nə və ya “maşınlar” əvəzləyə bilməz, əksinə İnsan zəkası yeni-yeni maşınlar, o cümlədən yeni-yeni Sənaye İnqilabları yarada bilər, eləcə də dəyişən Sənaye inqilabları bəşəriyyətin gündəlik tələbarlarını ödədikcə, həyat tərzlərini dəyişdikcə kütlənin dünyagörüşünü dəyişmiş, zənginləşdirməkdir və bu proses dinamik surətdə davam etməkdədir. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, “Dünya Sənaye inqilabları və dünyagörüşü konsepsiyası” bir elmi yanaşma, araşdırma mövzusu kimi bütün dünyada yeni olduğu kimi aktualdır və İnsanla bağlılığı mahiyyətində bir çox istiqamətlərdə xüsusən də Etika, Hüquq sahəsində maraq doğurur.

Beləliklə, “Dünya Sənaye inqilabları və dünyagörüşü konsepsiyası” mövzusu bütün dövrlərdə olduğu kimi bu gündə öz reallığını və əhəmiyyətini qorumaqdadır.

Qeyd: Geniş həcmdə 5 hissədən ibarət “Dünya sənaye inqilabları və dünyagörüşü konsepsiyası” tədqiqat əsərinin müəllifi “Dünya sənaye inqilabları: İnsan və etika” mövzusunda elmi araşdırma üzərində çalışır.

Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023