AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan tarixində İlham Əliyev epoxası
Mar 01, 2024 | 13:35 Yeni nəşrlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən başlanan hakimiyyət dövrü Azərbaycan tarixinin epoxal hadisəsi olmuşdur. Onun əsasını İlham Əliyevin fenomenal tarixi şəxsiyyəti, dövlətçilik fəlsəfəsi və qarşıya qoyulan məqsəd və vəzifələrə çatmaq üçün tətbiq etdiyi strategiya və taktika təşkil edir. 

İlham Əliyev nəinki Azərbaycan tarixində dərin iz qoymuş görkəmli dövlət xadimləri, eləcə də bir sıra dövlətlərin dünya tarixinə adını yazdırmış liderləri ilə müqayisədə yeni, fərqli bir dövlət başçısı obrazı ya­ratmağa nail olmuşdur. Dünyada məşhur olan dövlət xadimlərinin hər biri hakimiyyətə gələn kimi ölkənin bütün resurslarını təmərküzləşdirib, ən qısa müd­dətdə qalib gəlmək, bununla adını əbədiləşdirməyə çalışmışdır. Nəticədə, “ildırımsürətli” müharibə plan­ları meydana gəlmiş, əksəriyyəti isə dövlətə qələbə əvəzinə daha böyük fəlakətlər gətirmişdir. 

Azərbaycan lideri İlham Əliyev özünəməxsus, tamamilə orijinal dövlətçilik təfəkkürü nümayiş etdir­miş, qələbə üçün olduqca çətin, lakin strateji baxım­dan daha optimal taktika tətbiq etmişdir. Ermənista­nın Azərbaycan torpaqlarını işğalından sonra dövlət başçısının ən mühüm vəzifəsi onun ərazi bütövlü­yünü bərpa etmək olmuşdur. İlham Əliyev tarixdə çoxlu örnəyi olan “ildırımsürətli” yanaşmanı deyil, uzunmüddətli hazırlıq taktikasını seçmiş, dövlətin layiqli qələbəsini təmin etmişdir.

Dövlət başçısı İlham Əliyev bir-birinin ardınca 5 prezident seçkisində (2003, 2008, 2013, 2018, 2024) qələbəni təmin edərək, işğalçı Ermənistan ilə müba­rizənin, xüsusilə gərgin və ağır sülh danışıqlarının məsuliyyətini öz üzərinə götürmüşdür. İlham Əliyev 2003-cü ildən Azərbaycanın ümumxalq dəstəyi al­mış yeganə lideri olduğu halda, Ermənistanda 3 dövlət və hökumət başçısı dəyişmişdir. Azərbaycan rəhbəri Ermənistanın bir-birinin ardınca yeniləşən 3 başçısına qarşı təkbaşına dayanmış, onları məğlub etməyə nail olmuşdur. 

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi xarakterizə edən ən mühüm cəhətlər­dən biri də onun istər daxili, istərsə də xarici siyasə­tinin dinamik xarakter daşımasındadır. Bunu İlham Əliyevin dövlətçilik təcrübəsində özünü aydın şəkil­də ifadə edən prioritetlərin dinamikasında görmək mümkündür. Bu baxımdan, İlham Əliyev nəyi nə vaxt edəcəyini bilən, dediyi sözə əməl edən dövlət başçı­sı kimi tarixə düşmüşdür.

Son dövrlərdə tarixi hadisə və proseslərin rəqəm­lərlə ifadə edilməsi geniş yayılmışdır. Prezident İlham Əliyevin dövrünün rəqəmlərlə ifadəsinə gəl­dikdə belə bir model tətbiq etmək olar: 17+3+... Bu o deməkdir ki, Prezident İlham Əliyevin müdrik dövlət siyasəti nəticəsində 17 il ərzində (2003–2020) Ermə­nistanın kapitulyasiyası ilə nəticələnən hazırlıq başa çatdırıldı, 3 il (2020–2023) ərzində isə Azərbaycanın ərazi bütövlüyü təmin edildi və yeni formatda prezi­dentlik başlandı. 

7 fevral 2024-cü il seçkilərilə Azərbaycan tarixin­də yeni dövrün başlanması təmin olunmuşdur. Bu yeni dövrü də nəzərə alsaq, Prezident İlham Əliyevin hakimiyyətinin növbəti mərhələsinin daha böyük uğurlar ilə müşayiət ediləcəyini və ümumi kombina­siyada yeni illər kimi öz yerini tutacağını söyləmək mümkündür. 

I. İlham Əliyev epoxası: dövrləşdirilmə

Prezident İlham Əliyevin 2003-cü ildən başlanan hakimiyyət dövrünü yalnız xronoloji və ya problem üzrə deyil, hər ikisinin kombinasiyası: xronoloji-prob­lem yanaşması ilə dövrləşdirmək elmi baxımdan daha səmərəli hesab oluna bilər. 

Dövlət başçısı xronoloji baxımdan hakimiyyət dövrünün ilk 17 ilini xüsusi dövr kimi ayırır. O, 23 no­yabr 2020-ci il tarixində Ağdam rayonuna səfəri za­manı demişdir: “Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalı­yıq, daha qüdrətli ordu qurmalıyıq... Biz son 17 il ər­zində münaqişənin həlli üçün hüquqi baza yaratdıq... Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimi­zi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik”. Dövlət başçısı 28 may 2021-ci ildə yenidən Ağdama səfəri zamanı qeyd etmişdir ki, “Bir daha dediyim sözlərə qayıtmaq istə­yirəm, mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz tor­paqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümid­lər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə ola­caq. Amma bilirdim ki, olacaq”. 

Sonrakı dövrlər isə məntiqi cəhətdən özü müəy­yənləşir. Bunları əsas götürsək, bütövlükdə, aşağı­dakı xronoloji dövrləri ayırmaq olar:

– 2003–2020-ci illər – Ermənistanın işğalı altın­da olan Azərbaycan torpaqlarının azad edilməsi üçün siyasi, sosial-iqtisadi və hərbi potensialın yaradılması;

– 2020-ci il (27 sentyabr–10 noyabr) – 44 gün­lük Vətən müharibəsi; 

– 2020-ci il (10 noyabr–10 dekabr) – 10 noyabr bəyanatından Zəfər paradınadək; 

– 2020-ci il (10 dekabr 2020 – 19 sentyabr 2023) – Zəfər paradından lokal antiterror əməliy­yatınadək; 

– 2023-cü il (19–20 sentyabr–8 noyabr) – lokal antiterror əməliyyatı, Azərbaycanın ərazi bütöv­lüyünün bərpa edilməsi, Xankəndidə parad;

– 2023-cü il 7 dekabr növbədənkənar prezi­dent seçkilərinin (Zəfər seçkilərinin) elan edilmə­si, İlham Əliyevin qələbəsi, Azərbaycan tarixində yeni mərhələnin başlanması.

Bu xronoloji yanaşma ilə birgə, təqdim edilən dövrlərin hər birində davam edən iki hadisəni də xü­susi ayırmaq olar:

Birinci, Prezidentin işğaldan azad edilmiş əra­zilərə səfərləri. Bu səfərlər Prezidentin 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına getməsindən başlayır və xronoloji cəhət­dən davam edir. 

İkinci, Böyük Qayıdış hərəkatı. Böyük Qayıdış da 2021-ci ilin iyulunda Zəngilanın Ağalı kəndinə əhalinin qayıtması ilə başlayır və xronoloji cəhətdən davam edir. 

II. Azərbaycan 2003–2020-ci illərdə: daxili və xarici siyasət

1. İlham Əliyevin prezident seçkilərində qələbələri

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin ən yaxşı ənənələ­rini şəxsiyyətində ifadə etmişdir. O, Heydər Əli­yevlə birgə təqiblər və ağır siyasi mübarizələrdən keçərək müstəqil Azərbaycanın strateji sahələrinə rəhbərlik səviyyəsinə nail olmuşdur. İlham Əliyev 1994–1996-cı illərdə Heydər Əliyevin neft stra­tegiyasının həyata keçirilməsində mühüm yer tu­tan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində xarici iqtisadi əlaqələr üzrə vitse-prezident, sonra isə birinci vitse-prezident olmuşdur. 1995-ci ildə Mil­li Məclisə deputat seçilmişdir. İlham Əliyev 1997-ci ilin iyulundan Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 

Yeni tipli dövlət xadimi İlham Əliyevin fəal siyasi mövqeyi onun Yeni Azərbaycan Partiyasının (YAP) birinci qurultayında (1999) sədr müavini, ikinci qu­rultayda (2001) isə birinci müavin seçilməsini təmin etmişdir. İlham Əliyev 2000-ci ilin parlament seçkilə­rində YAP-ın seçki kampaniyasında fəal iştirak etmiş və onun uğurlarına sanballı töhfə vermişdir. O, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasın­dakı (AŞPA) daimi nümayəndə heyətinin başçısı təyin olunmuşdur. 2003-cü ilin yanvarında isə AŞPA sədrinin müavini və büro üzvü seçilmişdir. 

Prezident Heydər Əliyev 2003-cü il avqustun 2-də İlham Əliyevin Baş nazir təyin edilməsi haqqın­da Milli Məclisə müraciət etmişdir. Avqustun 4-də İlham Əliyev Baş nazir təyin edilmişdir. Bir müddət sonra Azərbaycanda yeni prezident seçkilərinə ha­zırlıq başlanmışdır. 

2003-cü ilin prezident seçkilərində YAP tərə­findən ulu öndər Heydər Əliyevin namizədlliyi irəli sürülmüş, lakin o, 2003-cü il oktyabrın 1-də öz na­mizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdür. Heydər Əliyev bu münasibətlə Azərbaycan xalqına müraciətində qeyd edirdi ki, “İlham Əliyev yüksək in­tellektli, praqmatik düşüncəli, müasir dünya siyasəti­ni və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüs­kar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafın­da sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale­yüklü məsələləri, planları, işləri köməyiniz və dəstə­yinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 

İlham Əliyev prezident seçkilərinin gedişi zama­nı geniş seçki kampaniyası aparmışdır. İlham Əliyev Bakıda və Azərbaycan bütün bölgələrində seçi­cilərlə görüşlər keçirmiş, seçki platformasını ətraflı şəkildə izah etmiş, siyasi rəqiblərinin qeyri-real və populist vədlərini alt-üst edərək, sadə və dərin məz­munlu nitqlərilə xalqı öz ətrafında birləşdirməyə nail olmuşdur. 

2003-cü il 15 oktyabr prezident seçkilərini bö­yük uğurla həyata keçirən İlham Əliyev seçicilərin 76,8 faizinin səsini toplayaraq bu seçkilərdə inam­lı qələbə qazanmağa nail olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə dair protokolu oktyabrın 20-də təsdiq etmişdir. Konstitusiya Məhkəməsi isə oktyabrın 28-də prezident seçkilərinin nəticələrini təsdiq etmiş və İlham Əliyevin prezident seçilməsi rəsmən elan olunmuşdur. 

Oktyabrın 31-də Heydər Əliyevin fərmanı ilə İlham Əliyev Baş nazir vəzifəsindən azad edilmiş, elə həmin gün yeni prezidentin – İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi keçirilmişdir. İlham Əliyev andiçmə mərasimində proqram səciyyəli çıxış etmişdir. O, Heydər Əliyev kursunu davam etdirəcə­yini rəsmən elan etmiş, prezidentliyinin əsas priori­tetlərini xalqa çatdırmışdır. 

İlham Əliyevin prezidentliyə başlamasından qısa bir müddət sonra, 2003-cü il dekabrın 12-də Ulu öndər vəfat etmişdir. Azərbaycan xalqı və Heydər Əliyev şəxsiyyətinə böyük hörmət əlaməti olaraq müxtəlif dövlətlərdən dəfn mərasimində iştirak edən çoxsaylı nümayəndə heyəti dekabrın 15-də Heydər Əliyevi dərin hüznlə son mənzilə yola salmışdır. Prezidentliyinin ilk dövründə bu itkinin yaratdığı sar­sıntılara baxmayaraq, İlham Əliyev görkəmli dövlət xadimi kimi bu sınaqdan da çıxmış, Azərbaycanın yeganə siyasi liderinə çevrilmişdir.

Bu, Azərbaycan xalqının sonrakı prezident seç­kilərində də birmənalı şəkildə İlham Əliyevə səs ver­məsilə də təsdiq olunmuşdur. İlham Əliyev 2008-ci il oktyabrın 15-də keçirilən ikinci prezident seçkilərin­də 88,73 faiz səs toplayaraq yenidən qalib gəlmiş­dir. 24 oktyabrda keçirilən andiçmə mərasimindəki nitqində qələbənin səbəblərini və qarşıda duran və­zifələri hərtərəfli şərh etmişdir. 

Azərbaycan xalqı 2013-cü il oktyabrın 10-da ke­çirilən üçüncü prezident seçkilərində İlham Əliyevə 84,54 faiz səs verərək, onu yenə də öz lideri kimi görmək istəmişdir. İlham Əliyev 19 oktyabrda keçi­rilən andiçmə mərasimində bu etimadı yüksək qiy­mətləndirmiş, qarşıda duran yeni vəzifələri müəyyən etmişdir. 

İlham Əliyevin dördüncü prezident seçkisi xüsu­silə əlamətdar olmuşdur. Konstitusiya islahatından sonra prezidentliyin müddəti yeddi ilədək uzadılmış­dır. 2018-ci il 11 apreldə keçirilən dördüncü prezi­dent seçkilərində seçicilər İlham Əliyevə 86,02 faiz səs verərək, onu bu dəfə yeddi il müddətinə prezi­dent seçmişdir. Aprel ayının 18-də keçirilən andiçmə mərasimində İlham Əliyev qarşıda duran yeni hədəf­lərini müəyyən etmişdir.

Azərbaycan İkinci Qarabağ müharibəsində (2020, 27 sentyabr–10 noyabr) tarixi qələbə qazan­mış, 19-20 sentyabr 2023-cü il tarixdəki lokal an­ti-terror əməliyyatları ilə bütün torpaqları üzərində suverən hüquqlarını bərpa etməyə nail olmuşdur. Buna baxmayaraq, İlham Əliyev daha bir tarixi qərar qəbul etmiş, prezidentlik müddətinin başa çatmasına xeyli qalmış 2024-cü il fevralın 7-nə yeni prezident seçkisi elan etmişdir. 

2.Prioritetlərin dinamikası

Görkəmli dövlət xadimi kimi Prezident İlham Əliyevi xarakterizə edən ən başlıca xüsusiyyət onun dünyanın və ölkənin başlıca inkişaf tendensiyalarını yüksək siyasi həssaslıqla duya bilməsi, buna uyğun qərarlar qəbul etməsi və onları uğurla həyata keçir­məsidir. Məhz buna görə İlham Əliyev nəyi nə vaxt edəcəyini bilən dövlət başçısı kimi xüsusi imic qa­zanmışdır. Ona görə də onun daxili və xarici siyasət xəttinin əsasını təşkil edən prioritetlərin dinamikası və reallaşdırılması xüsusi önəm kəsb edir. İlham Əliyevin hakimiyyətinin birinci dövründə onlarla belə prioritet ayırmaq mümkündür. 

İlk belə prioritet kimi dövlət quruculuğunun daha da inkişaf etdirilməsi və onun modernləşdirilmə­si diqqəti cəlb edir. Konstitusiya referendumlarına görə, eyni şəxsin 2 dəfədən çox prezident seçilmə­si (18 mart 2009-cu il), prezidentlik müddətinin 5 il­dən 7 ilə çatdırılması, birinci vitse-prezident və vit­se-prezident vəzifələrinin təsis edilməsi (28 sentyabr 2016-cı il) xalq tərəfindən bəyənilmişdir. Bununla da hakimiyyətdə varisliyin təmin edilməsi və dövlət ha­kimiyyətinin qeyri-konstitutsion yol ilə həyata keçiril­məsi təcrübəsinə son qoyulmuşdur. 

İlham Əliyevin dövlət quruculuğunun şah əsəri Azərbaycan Ordusu hesab oluna bilər. Dövlət baş­çısının ordu quruculuğu konsepsiyasına görə, o sa­dəcə müasir silahla silahlanmış əsgər və zabitlərdən ibarət bir qurum olmayıb, Azərbaycanın sosial-iqti­sadi, siyasi-mədəni və hərbi qüdrətinin təcəssümü olmalı idi. Azərbaycan ordusu nəyin bahasına olur­sa-olsun dövlətin ərazi bütövlüyünü təmin etməyə qadir olmalı idi. İlham Əliyev hərbi dühası ilə buna nail ola bildi.

Ən mühüm prioritetlərdən biri kimi xarici siyasə­ti ayırmaq olar. Bu onunla izah olunur ki, iqtisadiy­yat, sosial həyat və s. prioritetlər müəyyən edildik­dən sonra onların həyata keçirilməsi istiqamətində müəyyən hazırlıq işləri aparılır. Xarici siyasətdə isə fasilə etmək mümkün olmur, əsas məsələləri para­lel şəkildə həll etmək tələb olunur. Daha bir vacib məsələ ondan ibarətdir ki, digər sahələrdə müəyyən komanda ilə fəaliyyət göstərmək mümkün olduğu halda, xarici siyasət bilavasitə Prezident tərəfindən hazırlanır və həyata keçirilir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinədək olan dövrdə Azər­baycanın xarici siyasət xətti qarşısında duran bütün məsələləri uğurla həll etdi. 

Rusiya Federasiyası və ABŞ ilə münasibətləri yeni səviyyəyə yüksəldə bildi. Azərbaycanın 2011-ci il oktyabrın 24-də 2012–2013-cü illər üçün BMT Təh­lükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun dünya miqyasında nüfuzunun əsas göstəricilərdən biri oldu. İlham Əliyevin uğurlu xarici siyasəti nəticə­sində Azərbaycan 2019-cu ilin oktyabrında 2011-ci ilin may ayında üzvlüyünə qəbul olunduğu, BMT-dən sonra ikinci böyük təşkilat olan, Qoşulmama hərəka­tının sədrliyini qəbul etdi. Bu hərəkat İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı beynəlxalq diplomatik dəstəyin təmin edilməsində böyük rola malik oldu.

Ölkə rəhbəri İlham Əliyevin prioritetləri içəri­sində dövlətin iqtsadiyyatının möhkəmləndirilməsi daim əsas yerlərdən birini tutmuşdur. Azad bazar iqtisadiyyatına keçid başa çatdırılmış, yeni, modern iqtisadi münasibətlər formalaşdırılmışdır. Ənənə­vi yanacaq-energetika sisteminin inkişafı ilə birgə, iqtisadiyyatın şaxələndirilməsi diqqət mərkəzində olmuşdur. Qeyri-neft sektoru sürətlə inkişaf etdiril­mişdir. Azərbaycan regionlarının sosial-iqtisadi inki­şafına dair dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023) qəbul olunmuşdur. 

Müdrik və uzaqgörən dövlət başçısı İlham Əliyev ənənəvi prioritetlərdən olan səhiyyə, turizm, elm, gənclər, ekologiya, mədəniyyət, humanitar və idman siyasəti ilə birgə, Azərbaycan tarixində yeni bir is­tiqamətin – multikulturalizm siyasətinin əsasını qoy­muşdur. Bu siyasət nəticəsində tarixin dərin qatla­rından gələn multikulturalizm ənənəsi Azərbaycanda həyat tərzinə çevrilmişdir. 

Azərbaycan dövlətinin dəstəyi ilə Bakıda Ümum­dünya Mədəniyyətlərarası Dialoq forumlarının ke­çirilməsi sistemli xarakter almışdır. 2014-cü il may ayının 15-də Azərbaycanda Bakı Beynəlxalq Multi­kulturalizm Mərkəzi yaradılmış, 2016-cı il “Multikul­turalizm ili” elan edilmişdir.

(ardı var)

Kərim ŞÜKÜROV,

AMEA Tarix İnstitutunun direktoru, professor

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023