Feb 27, 2024 | 14:52 Konfranslar, iclaslar
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda çağdaş Azərbaycan ədəbiyyatının və ümumtürk poeziyasının görkəmli simalarından olan şair Rüstəm Behrudi ilə görüş keçirilib.
“Rüstəm Behrudi poeziyasının fəlsəfi dərki və özəlliyi” mövzusunda keçirilən görüşdə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli institutun direktoru f.e.d., professor İlham Məmmədzadənin adından tədbir iştirakçılarını salamlayıb.
Eynulla Mədətli “Rüstəm Behrudi poeziyasında vətənçilik və turançılığın vəhdəti” mövzusunda geniş və əhatəli çıxış edərək, şairin yaradıcılığından nümunələr gətirərək onları təhlil edib: “Türk dünyasında öz dəsti-xətti ilə seçilən, millətin, yurdun, vətənin tarixini şeirlərində əks etdirən şairlərdən də biri Rüstəm Behrudi olub. Şairin poeziyasını duymaq üçün onun təbliğ etdiyi ideyaları başa düşmək vacibdir. Rüstəm Behrudi Azərbaycan poeziyasında türkçülük ideyalarının alovlu tərənnümçülərindən biri olmuşdur. Onun şeirlərində türkçülük, turançılıq ön sıralardadır, insan və zaman, insan və varlıq, insan və kainat paralellikləri dayanır”.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Rüstəm Behrudi poeziyasında milli kimliyin bədii-fəlsəfi ifadəsi” mövzusunda çıxış edərək bildirib ki, Rüstəm Behrudinin milli mənsubiyyəti türk, Vətəni Turandır. O, Turanın ayrı-ayrı bölgələrindən külək kimi keçir, keçdiyi yerləri arxada qoymur, onları birləşdirir və eyni zamanda bütöv məkanın hamısındadır.
F.e.d. Füzuli Qurbanov şairin şeirlərini fəlsəfi baxımdan şərh edərək, Rüstəm Behrudinin yaradıcılığı ilə dünya ədəbiyyatı nümayəndələrinin yaradıcılığının müqayisəli təhlilini aparıb. Rüstəm Behrudinin ruhunun Nəsimi, Füzuli ilə bağdaşdığını və öz şeirlərini Nəsimi, Füzuli sügəcindən keçirdiyini bildirdi.
Tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, filologiya elmləri doktoru Pərvanə Bəkirqızı, filologiya üzrə fəlsəfə doktoru dosent Şəmil Sadiq, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Gülşən Allahverdiyeva, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, şairin tələbə yoldaşı ədəbiyyat müəllimi Vasif Mehbalıyev, iqt.ü.f.d. Əhməd Qəşəmoğlu, f.e.d. Rəfiqə Əzimova, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, f.ü.f.d. dosent İradə Zərqanayeva və digər natiqlər şairin yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.
Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova şairin şeirlərindən nümunələr səsləndirib.
Sonra söz şair Rüstəm Behrudiyə verilib. O, görüşü təşkil etdiyinə görə və onun yaradıcılığına verilən qiymətə görə institutun rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirib və şeirlərindən bir neçəsini səsləndirib.
Tədbir suallar və müzakirələrlə başa çatıb.