Feb 26, 2024 | 19:35 Yeni nəşrlər
Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı 1992-ci il fevralın 26-da işğalçı Ermənistanın törətdiyi soyqırımından 32 il keçir. Xocalı soyqırımı qurbanlarının xatirəsini bu il tamamilə fərqli bir şəraitdə anırıq. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejimin təslim olmasından sonra 1988-ci ildən bəri ilk dəfə Xankəndidə Dövlət Bayrağımız Prezident İlham Əliyev tərəfindən ucaldılıb, Azərbaycan Respublikasının bütün ərazilərində dövlət suverenliyi bərpa edilib və növbədənkənar prezident seçkiləri keçirilib. Bu gün Xocalı soyqırımı qurbanlarının ruhu şaddır. Bununla belə, qanlı tarix qətiyyən unudulmamalıdır.
Soyqırımından keçən 32 ilin zirvəsindən aşağıda qeyd edilən bir sıra suallara cavab verilməsi vacibdir: soyqırımı nə üçün Xocalıda törədildi? Soyqırımı necə həyata keçirildi və nəticələri nə oldu? Xocalı soyqırımını tanıtmaq üçün Azərbaycan dövlətinin fəaliyyət istiqamətləri hansılardır? Xocalıdan hansı ibrət dərslərini almaq olar?
Nə üçün Xocalı?
İşğalçı Ermənistan Xocalıda törətdiyi soyqırımına qədər də bir sıra yaşayış məntəqələrində bənzər qanlı hadisələr həyata keçirmişdi. Lakin Xocalıdakı soyqırımının bir sıra özünəməxsusluqları var idi. Hər şeydən əvvəl, Xocalı dünya arxeologiya elminə Azərbaycan xalqının qədim yaşayış məskənlərindən biri, Xocalı-Gədəbəy mədəniyyətinin nümunəsi kimi daxil olub. İkincisi, Ağdam – Şuşa, Əsgəran – Xankəndi yolunun üstündə yerləşən Xocalı şəhəri əlverişli hərbi-strateji əhəmiyyət daşıyırdı. Xocalının işğal edilməsi yollara nəzarət etməyə və qanlı cinayətləri genişləndirməyə imkan verirdi. Nəhayət, şəhərdə Azərbaycanın bu regionunda yeganə hava limanı var idi. Bütün bunlara görə Xocalının işğal edilməsi təcavüzkar Ermənistana bir sıra üstünlüklər verirdi.
Xocalıda şərait
Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı. Şəhərə gedən bütün avtomobil yolları bağlanmışdı. Əlaqə yalnız helikopterlə saxlanılırdı. 1992-ci ilin yanvar ayından şəhər ilə əlaqə tamamilə kəsildi və dəhşətli vəziyyət yarandı. Bu zaman dövlət hakimiyyətinin zəif olduğu Azərbaycanda dərin hərbi-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji böhran hökm sürürdü.
Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət
Təcavüzkar Ermənistan silahlı birləşmələri və Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı keçmiş sovet hərbi alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində mühasirədə olan mülki azərbaycanlı əhaliyə fevralın 25-dən 26-na keçən gecə, sakinlər yuxuda ikən üç tərəfdən hücum etdilər. Hücum edərkən şəhərin bir tərəfi açıq saxlanıldı. Bu, erməni terror-siyasi təşkilatlarına məxsus bir taktika idi. Onda başlıca məqsəd qaçıb canlarını qurtarmaq istəyən dinc əhalini asanlıqla öldürmək imkanı qazanmaq idi. Şəhər dörd tərəfdən mühasirəyə alınardısa, əhali müqavimət göstərər və hücum edənlərdən ölənlər ola bilərdi.
Dinc şəhər əhalisinə - qocalara, qadınlara, uşaqlara qarşı soyqırımı həyata keçirildi. Çoxlu sakin əsir alındı. Bu, azərbaycanlılara qarşı soyqırımı aktı idi. Xocalıda insanlar yalnız milli, dini mənsubiyyətinə, azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilmişdilər.
Xocalı soyqırımını törətməklə işğalçı Ermənistan rəhbərliyi işğalçılıq siyasətini həyata keçirməkdən ötrü ən qəddar üsullara əl atmağa hazır olduğunu göstərdi. Bu vəhşiliyi Ermənistanın müdafiə naziri və sonralar prezidenti Serj Sarkisyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində etiraf edərək demişdi: “Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”.
Əslində Serj Sarkisyan yalan danışırdı. Çünki Xocalıyadək Ermənistan işğalçı qüvvələri Malıbəyli, Quşçular kəndlərində və digər yerlərdə belə amansız qətliamlar törətmişdilər.
Erməni terrorçuları M.Melkonyan və S.Melkonyan isə yazırdılar ki, Xocalı sakinləri altı mil (1 mil 1,6 kilometrdir) qət edərək, demək olar, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.
Xocalının məhv edilməsi ilə hava limanı Azərbaycanın nəzarətindən çıxdı. İşğalçı Ermənistandan silah və silahlı dəstələrin gətirilməsi daha da artdı. Ermənistanı belə cəsarətləndirən Rusiya rəhbərliyində və ordusundakı müəyyən qrupların hərbi, siyasi və mənəvi yardımları idi.
Xocalıda törədilənlər Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi, bəşəriyyətə və sivilizasiyaya qarşı həyata keçirdiyi ağır cinayətdir. Bu soyqırımı haqqında ABŞ, Türkiyə və digər ölkələrin mətbuat orqanlarında dərc edilən çoxlu məqalələrdə azərbaycanlıların kütləvi surətdə məhv edilməsi təsvir olunmuş, fotoşəkillər verilmişdi.
Xocalı soyqırımının nəticələri
Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri ölkədə gərgin olan ictimai-siyasi şəraiti daha da ağırlaşdırdı. Vətəndaşların hiddətinin həddi-hüdudu yox idi. Onlar Ermənistanın hərbi təcavüzünü dayandırmaqdan ötrü qəti addımlar atılmasını tələb edirdilər. Xalqdan ayrı düşmüş Azərbaycan hakimiyyəti isə zəif və gücsüz idi. Bakıda getdikcə güclənən mitinqlərin iştirakçıları hakimiyyətin istefasını tələb edirdilər. Artan təzyiqlər qarşısında istefa verən Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarovanın yerinə bu vəzifəyə Yaqub Məmmədov seçildi. Az sonra Prezident Ayaz Mütəllibov da istefaya getdi. 1992-ci ilin mayında Şuşa işğal edildikdən sonra Ayaz Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdinin qarşısını alan Azərbaycan Xalq Cəbhəsinin silahlı çevriliş edərək hakimiyyətə gəlməsi ilə ölkə daha dərin xaos və anarxiya dövrünə qədəm qoydu.
Xocalı soyqırımını dünyada tanıtmaq fəaliyyətləri
Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin “hücum diplomatiyası” kursunun həyata keçirilməsi müstəsna rol oynadı. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti və 2008-ci ildən Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra ölkələrində bu hadisə soyqırımı kimi tanınıb, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə dərs kitablarına məlumatlar daxil edilib, filmlər çəkilib, kitabçalar, əsərlər çap edilib, elmi konfranslar keçirilib, sərgilər təşkil edilib. Bu fəaliyyətlər indi də davam etdirilir.
Alınacaq ibrət dərsləri
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini həm belə bəşəri cinayətlərin bir daha təkrarlanmaması, həm də ibrət dərsləri almaq üçün anırıq. Soyqırımına bir daha yol verilməməli, onu törədənlər layiqli cəzalarını almalıdırlar.
Alınacaq başlıca ibrət dərsi ondan ibarətdir ki, o zaman Azərbaycanda sabitlik, güclü dövlət, ordu və qüdrətli dövlət rəhbəri, xalq ilə hakimiyyət, hakimiyyətin qanadları arasında birlik olsaydı, Xocalıda soyqırımı da olmaya bilərdi. Deməli, ölkəmizdə siyasi sabitlik, güclü dövlət, yenilməz ordu, hakimiyyət ilə xalq, hakimiyyətin qanadları arasında sıx birlik, qüdrətli dövlət rəhbəri amilləri xalqımızın qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində separatizmə son qoyulması ilə Xocalı soyqırımı qurbanlarının qisası alınıb. Onların ruhları şaddır. Soyqırımı və digər cinayətləri törədənlər tutulub gətirilərək Bakıda istintaq altındadırlar. Layiqli cəzalarını alacaqlar.
Ölkəmizin və xalqımızın həyatında yeni mərhələ başlanıb. Bu gün Xocalı şəhəri yenidən qurulur və sakinlərini qəbul etməyə hazırlaşır. Şəhərdə soyqırımı qurbanlarına abidənin ucaldılması günü də uzaqda deyildir.
Musa QASIMLI, Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü