AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Xocalı Azərbaycanın qədim mədəniyyət mərkəzidir
Feb 26, 2024 | 18:25 Yeni nəşrlər

İlk dəfə Xocalıda arxeoloji qazıntılar XIX əsrin 90-cı illərində Şuşa real məktəbinin müəllimi alman əsilli Emil Resler və Moskvalı A. A. İvanovski tərəfindən aparılmlşdlr.

XX əsrdə “Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyət”  -  A.Nəsifi, İ.Əzimbəyov və başqaları (1924-1925), İ.İ. Meşşaninov, İ.M.Cəfərzadə (1926), Y.İ.Hümmel (1938-1939) və sonralar H.F.Cəfərov (1984) arxeoloji qazıntı işlərini davam etdirmişlər. Tədqiqat işlərinin nəticələri dövrün coxsaylı nüfuzlu elmi ədəbiyyatlarında nəşr edilmiş və qısa müddətdə Xocalının qədimliyi haqqında rəy formalasmışdır. 

1940-50 cı illərdə arxeoloq tədqiqatçımız N. V. Minkeviç - Mustafayeva, əldə olan elmi informasiyaları ciddi təhlil edərək, Xocalıda olan kurqan qəbirlərin ilk əvvəl kəşf edilməsi və əhəmiyyət dərəcəsini nəzərə almaqla, Xocalıdan, Gədəbəyədək arxeoloji abidələri bir arealda cəmləşdirmiş və arxeoloji mədəniyyətin 3 qrupunun (Qarabağ, Gədəbəy, Gəncə-–Göygöl) müxtəlif mərhələlərinə daxil kurqanları göstərmişdir:

Xocalının məşhur kurqanları əsasən “Böyük Kurqan” çölündə yerləşmişdi. Mərhum tədqiqatçı İsaak Cəfərzadənin qeydlərinə görə, Xocalı nekropolunun sahəsi 200 hektardır. İ.M.Cəfərzadə “Haçatəpə” kurqanının qədim məskən üzərində ucaldılması fikrini irəli sürmüşdü.

Qeyd olunan qədim abidələr ərazisi erməni işğalı dövründə əsaslı olaraq dağıntılara məruz qalmışdır. Xocalı kurqanlarının bir çoxunun, xüsusilə örtüyü sıyrılıb təmizlənmiş və dağıdılmışdır. Eramızdan əvvəl II-I minilliyə  aid tayfa başçısına məxsus “Haçatəpə” iri ölçülü kurqan qəbiri istisna olmaqla, digər kurqanlar və ərazidə olan islam mədəniyyətini əks etdirən türbə və sənduqələr dağıntılara məruz qalmışdır. XIII-XV və XIX-XX əsrlərə aid türk müsəlman qəbirlərinin bir qismi salamat qalsa da, baş və sinə daşları erməni işğalı dövründə  məhv edilmişdir.

Xocalının üç min ildən artıq  bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılmasında əhəmiyyətli rol oynamışdır. 30 ilə yaxın davam etmiş erməni işğalı zamanı bu zəngin tarixi kompleksə ağır zərbə vurulmuş, tarixi yaddaşı silmək məqsədilə abidələrin bir çoxu məqsədyönlü şəkildə dağıdılmışdır.

Xocalı kurqanlarının arxeoloji tədqiqi ilə bağlı maraqlı bir faktı qeyd etmək istərdik. Cənubi Qafqazda yerli tayfa liderlərinin dəfnin icrası zamanı Qarabağın qədim tayfalarının özünəməxsus adəti (e. ə. II minillik), atlara qoşulmuş cənazə arabasında dəfn olunması faktı arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur. Bu cür dəfn adəti 70-80 illərin arxeoloji tədqiqat işləri zamanı Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrdə Mərkəzi və Cənubi Qafqazın böyük bir qismində geniş yayılmışdır. 

Azərbaycan xalqı Xocalı faciəsinin 32-ci ildönümünü qeyd edir. Bu dəfə isə artıq işğaldan azad olunmuş Xocalıda. Xocalıda düşmən 32 il əvvəl soyqırım siyasətini yeridəndə düşünürdü ki, bir daha azərbaycanlılar bu torpaqlara qayıtmayacaq və buna görə hətta tarixi abidələri məhv edirdi. Buna bariz sübut, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın müsahibələrinin birində açıq şəkildə Xocalıda baş vermiş qətliamın məqsədli olduğunun bildirməsi idi.

İşğaldan azad olunmuş Xocalının yenidən qurulması ölkəmizin əsas mədəniyyət ocağının bərpası olacaqdır. Xocalıda Azərbaycan xalqının yazıya qədər olan tarixi keçmişini əks etdirən zəngin arxeoloji abidələr mövcuddur. Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti kurqan qəbirləri mədəniyyəti daşıyıcılarının böyük bir tarixi dövrünün parlaq mərhələsidir. Eramızdan əvvəl II-ci minilliyin ikinci yarısı - I-ci minilliyin əvvəlinə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin maddi mədəniyyət nümunələrində olan əsas atributlar hal-hazırda, xalqımızın maddi mədəniyyətində yer almış və ənənə kimi davam etdirilir.

Xocalıda, Bakı Abadlıq Xidmətinın tikinti-quruculuq işləri zamanı ərazidə olan kurqan tipli qəbirlərin arxeoloji tədqiqi nəzərdə tutulub. Burada təkcə arxeoloji abidələrin qazılaraq öyrənilməsidən başqa abidələrin tanıdılması və ictimaiyyətləşməsi üçün arxeoloji parkın təşkili məqsədi var. Xocalının qədim dövrü və orta əsrlə aid abidələrin vahid kompleks şəkildə təqdimatı, Qarabağın zəngin tarixi keçmişinin təbliği və tanıdılması işində ən böyük layihə olacaqdır.   

Qısa zaman içində dövlətimiz tərəfindən Xocalıda tikinti-quruculuq işləri təşkil olunmuş və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun bölgədə ilkin tədqiqat işlərinə start verilməsi üçün şərait yaradılmışdır. Bakı Abadlıq Xidmətinin mütəxəssisləri ilə birlikdə əraziyə baxış keçirilmiş arxeoloji abidələrin mövcud durumu öyrənilmişdir.

Xocalıda aparılan tikinti-quruculuq işləri, həmçinin,ölkəmizdə Qarabağın maddi mədəni irsinin öyrənilməsi istiqamətində yeni bir səhifə açacaqdır.

Fərhad QULİYEV,  AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023